Şriftin ölçüsü:
24.04.2012 01:26 | Oxunma sayı: 579
Dünən "İctimai Palata" adlı qondarma qurum Bibiheybət qəsəbəsi 20-ci sahə adlanan yerdə, sürücülük məktəbinin həyətində icazəli mitinq keçirib. Budəfəki mitinq də iki həftə öncə keçirilən aksiyadan heç nə ilə fərqlənmədi. İştirakçıların sayının az olmasının günahını hakimiyyətdə axtaran təşkilatçılar yenə də köhnə bayatılarını səsləndirdilər: guya mitinqə gəlmək istəyənlərə süni əngəllər yaradılıb, marşrut avtobusları xətdən çıxarılıb, yollar kəsilib və digər ağlasığmaz bəhanələr.
Təbii ki, bütün bu bəhanələr "İctimai Palata" adlı qeyri-formal qurumun xalq tərəfindən hələ də tanınmamasını ört-basdır etmək üçün quraşdırılmışdı. Bu gün hər birimizin, hətta dünya ictimaiyyətinin də böyük səbrsizliklə gözlədiyi "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində kimlərinsə sifarişi ilə meydanlara atılan çirkli pullar hesabına yaşamağa adət etmiş radikal bir qrupun yersiz hay-küy salması heç nəyi dəyişməyəcək. Çünki Azərbaycanda qarışıqlıq salmaq istəyən qüvvələrin şifarişlərini yerinə yetirən belələri xalq tərəfindən nifrətlə qarşılanır. Onların nə gücü, nə də sosial bazası var.
"İctimai Palata" adlı qondarma qurum ölkəmizdə iğtişaşlar törətmək istəyən antimilli qüvvələrin əlində artıq alətə çevrilib. İndi həmin düşmən qüvvələr bu qondarma qurumun üzvlərini istədikləri havaya oynada bilirlər. Biz artıq ikinci dəfədir ki, bunun şahidi oluruq. Hər dəfə Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbir keçiriləndə ölkəmizin inkişafını, dünya birliyində getdikcə artan reytinqini gözü götürməyən qüvvələr özlərinin şər maşınlarını işə salaraq müxtəlif vasitələrlə çaşqınlıq yaratmaq istəyirlər. Bundan ötrü daxildə olan antimilli ruhlu, çirkli pulları həyatlarında hər şeydən üstün tutan adamları axtarıb tapır və xəyanətkar planlarını belələrinin əli ilə həyata keçirmək istəyirlər.
Düşmən qüvvələr öz xəbis niyyətlərini reallaşdırmaq üçün artıq özlərinə "daimi müştəri" də tapıblar. Bu, özlərini indi də "İctimai Palata" adı ilə xalqa sırımaq istəyən radikal müxalifət nümayəndələridir. Onların əsl simaları hamıya bəllidir. 20 Yanvar hadisələrində insanları aldadaraq meydanlara çağırıb başdan-ayağa qədər silahlanmış sovet ordusu ilə üz-üzə qoyub son anda qaçıb aradan çıxdılar. 1993-cü ildən başlayaraq ölkədə yaradılmış əmin-amanlıqdan sonra gizləndikləri yerlərdən yavaş-yavaş baş qaldıran belələri gördükləri inkişafdan, tərəqqidən az qaldı ki, bağırları çatlasın. Hər vasitə ilə bu inkişafa mane olmağa çalışdılar. Hətta iki dəfə dövlət çevrilişinə cəhd olundu, lakin yenə də heç nəyə nail ola bilmədilər. Sonra keçmiş "Qələbə" meydanını mitinq meydanına çevirdilər. Hər dəfə toplaşıb danışdılar və nəhayət, deməyə sözləri də qalmadı. İsa Qəmbər, Əli Kərimli və qeyriləri yenidən öz qınlarına çəkildilər.
Azərbaycanın dünya birliyindəki reytinqi yüksəldikcə ölkəmiz böyük əhəmiyyət kəsb edən tədbirlərin keçirildiyi məkana çevrilirdi. Azərbaycanda yaradılmış davamlı ictimai-siyasi sabitlik və iqtisadi inkişaf da dünya miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsinə zəmin yaradırdı. Belə bir vaxtda pusquda dayanıb sanki məqam gözləyən xəyanətkar ünsürlər ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək üçün icazəsiz aksiyalara əl atdılar. Halbuki, ölkəmizdə mitinq keçirmək üçün müvafiq yerlər ayrılmış, hətta aksiya "aşiqlərinin" təhlükəsizliyi də yüksək səviyyədə təmin olunur. Bu isə antimilli qüvvələri təmin etmir. Çünki icazəli mitinqdə "yaralanan" müxalifətçi olmayacaq. Bu yolla guya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, insanlara öz fikirlərini sərbəst şəkildə ifadə etməyə imkan verilməməsi, demokratik prinsiplərə əməl olunmaması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq bu niyyətləri də baş tutmadı. Çünki beynəlxalq qurumların ölkəmizdə keçirdikləri hər bir tədbir yüksək səviyyədə başa çatır. Bu da növbəti tədbirlərin keçirilməsi üçün zəmin yaradır. Artıq Azərbaycan ən nüfuzlu qurumların tədbirlərini keçirməyə qadir ölkə olduğunu təsdiqləyib. "Eurovision-2012" mahnı müsabiqəsi də bunu təsdiqləyəcək.
Təbii ki, ölkəmizin dünya birliyindəki nüfuzunun belə sürətlə artması düşmən qüvvələri rahat buraxmır. Ona görə də bütün vasitələrlə "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində iğtişaşlar törətmək istəyirlər. Belə məqamlarda müxtəlif adlarla peyda olan xəyanətkarlar bu dəfə də öz xislətlərinə sadiq qalaraq "İctimai Palata" adı ilə meydana çıxıblar. Söz yox ki, onların hay-küylərini özlərindən başqa kimsə eşitmir. Son vaxtlar keçirdikləri mitinqlərdə də bunun şahidi olduq. 5-10 partiyanın iki həftəlik mitinq çağırışından, vərəqə paylamalarından, qanunsuz tikilmiş evlərin sökülməsindən sonra narazıları toplayaraq 1000 nəfərdən artıq iştirakçı yığa bilmədilər. Müxalifətin aprelin 22-də keçirdiyi aksiya əslində kiçik bir toplantını xatırladırdı. Bəzi müxalifət nümayəndələri İctimai Palatanın sonuncu aksiyasını mitinq yox, piketə bənzər toplantı adlandırdı.
Aprelin 22-də keçirilən aksiyada Müsavat başqanı İsa Qəmbərin çıxışı rişxəndlə qarşılandı. O, hakimiyyətə gəldikdən sonra yeni iş yerləri yaradacaqlarını, maaşları artıracaqlarını, təhsil və səhiyyə sahələrini yaxşılaşdıracaqlarını dedi. Görünür İsa Qəmbər bu vaxta qədər görülmüş işləri öz adına çıxmaq istəyir. Bu gün Azərbaycanın elə bir regionu yoxdur ki, orada müsir dövrün tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuş yeni məktəblər tikilməsin. Başı ölkəmiz əleyhinə donosbazlığa qarışmış radikal müxalifət nümayəndələri bölgələrə getsəydilər, oralardakı yeni inşa olunmuş məktəb binalarını, müalicə-diaqnostika mərkəzlərini, xəstəxanaları, olimpiya idman komplekslərini görərdilər. Bunlarla yanaşı görərdilər ki, beynəlxalq standartlara cavab verən xeyli istehsal və sənaye müəssisələri yaradılıb. Bir vaxtlar Rusiyanın müxtəlif şəhərlərinə işləməyə gedən gənclərimiz indi yaşadıqları ərazilərdəki rahat, hər cür şəraiti və yüksək əmək haqqı olan müəssisələrdə işləyirlər. Təbii ki, isa qəmbərlər, əli kərimlilər və bu xislətdə olan digərlərinin gözləri bu inkişafı götürməz.
AXC-Müsavat hakimiyyəti dövründə İsa Qəmbər əlində olan imkandan istifadə edərək tələm-tələsik 6 nəfərin güllələnməsinə imza atdı. Bu da onun insanların hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi "tədbirlərdən" idi.
Mitinqə bənzər toplantıda guya özlərini Azərbaycan gəncliyinə qayğıkeş kimi göstərən Əli Kərimli ilə İsa Qəmbər gəncləri öyrədib icazəsiz aksiyalara göndərdiklərini, son anda isə özləri oğulları ilə birlikdə aradan çıxmalarını sankiunudublar. Müsavat Partiyasının başqanı nə qədər çalışsa da bu vaxta qədər öz oğlunu rəhbərlik etdiyi partiyaya üzv qəbul etdirə bilməyib.
Budəfəki aksiyada da xarici dillərdə yazılmış transparantların çox olması tədbirin xarici düşmənlərimizin sifarişi əsasında keçirildiyindən xəbər verirdi. İctimai Palatanın sonuncu aksiyası da təsdiqlədi ki, bu qondarma qurum Azərbaycana düşmən olan qüvvələrin əlində alətə çevrilib.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.