Mübaliğəsiz demək olar ki, bu şəxsi bütün Avropa tanıyır. Kimdir Don Juan? Onun haqqında mətbuatda müəyyən məlumatlar gedib. Lakin bu yazıda biz onunla bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirəcəyik.
Don Juan ləqəbi ilə məşhur olan şəxs milliyyətcə azərbaycanlıdır. Böyük türk ellərindən olan oğuzların bayat boyundan çıxmışdır. Bildiyimiz kimi, bayat boyu tarixən Azərbaycan xalqının formalaşmasında fəal şəkildə iştirak etmiş və bu millətə böyük dühalar bəxş etmişdir. Təsadüfi deyildir ki, dahi şair Məhəmməd Füzuli də məhz bu boydandır. Bayat boyundan çıxmış Don Juan adı ilə məşhurlaşmış Oruc bəy Bayatın da çox maraqlı taleyi var.
1560-cı ildə Azərbaycanda Səfəvi sərkərdəsi Sultanəli bəyin ailəsində doğulmuşdur. 1585-ci ildə Sultanəli bəy döyüşlərin birində həlak olur. Bundan sonra onun 300 nəfərlik süvari dəstəsinin başına oğlu Oruc bəy keçir. 1590-cı ildə Şah Abbas hakimiyyətə gəldikdən sonra ölkə ərazisinin yenidən birləşdirilməsi prosesi başlayır. Həmin dövrdə Səfəvilərin şərq torpaqları özbəklər və əfqanlar, qərb torpaqları isə osmanlılar tərəfindən tutulur. Şah Abbasın ordusunun tərkibində şücaətlər göstərən və Herat şəhərinin alınmasında mühüm rol oynayan Oruc bəy döyüşçü olmaqla yanaşı, yüksək biliyə və istedada malik elm və mərifət sahibi kimi şahın xüsusi rəğbətini qazanır.
Oruc bəyin bu keyfiyyətləri qiymətləndirilərək Avropaya gedəcək nümayəndə heyətinin tərkibinə daxil edilir. Hüseynəli bəyin başçılıq etdiyi bu nümayəndə heyəti ölkəni 1599-cu ildə tərk edir. Nümayəndə heyətinin tərkibinə dörd katib və on dörd nəfər qulluqçu daxil idi. Oruc bəy birinci katib təyin olunmuşdu.Nümayəndə heyətinin məqsədi Moskvaya çatmaq və ordan Avropanın səkkiz əsas dövlətində olmaq, İspaniya və Şotlandiyaya qədər yol qət etmək idi.
Oruc bəyin də daxil olduğu nümayəndə heyəti ilk öncə Gilana gəlir. Buradan dəniz yolu ilə Həştərxana, oradan Volqa çayı vasitəsilə Kazana çatır. Yol boyu bir çox sərgüzəştlərlə qarşılaşan nümayəndə heyəti Kazandan xizəklə Nijni Novqorod və Vladimirdən keçərək Moskvaya çatır. Rus çarı Boris Qodunov şəxsən Səfəvi nümayəndə heyətini böyük hörmətlə qəbul edir. Qış ayının çox sərt keçdiyinə görə nümayəndə heyəti beş ay Moskvada qalır. Sonra çardın verdiyi qiymətli hədiyyələrlə yenidən yola çıxan nümayəndə heyəti indiki Arxangelskdən Elba çayının mənsəbinə çatır. Buradan Emdenə keçərək səkkiz karetada Almaniyanın içərilərinə doğru gedir. Yol boyu yüksək təntənə ilə qarşılanan nümayəndə heyəti Praqa şəhərinə çatır. Burada onları Avstriya imperatoru I Frans Ferdinandın nəvəsi II Rudolf qəbul edir. Burada üç ay qaldıqdan sonra 1601-ci ilin baharında yola düşərək Almaniyanın Nürnberq, Münhen kimi iri şəhərlərindən keçərək İtaliyaya çatırlar. Verona və Ferraradan keçərək Florensiyada Toskana knyazı I Ferdinandın qonağı olurlar. Knyaz, həyat yoldaşı Kristina və şahzadə Yekaterina Mediçi ilə birgə on gün onları Pizada qonaq edir. Daha sonra isə Romaya papanın yanına çatırlar. Şəhər darvazaları qarşısında yüksək təntənə və top atəşləri ilə gurultulu qarşılanma mərasimi təşkil olunur. Onlar iki ay papanın qonağı olurlar. Xristianlığın dini-siyasi mərkəzi Romanı və rəhbəri papanı gördükdən sonra görüləcək işlər artıq yekunlaşmaq üzrə olur.
Fransaya yola düşən heyət bir müddət Monpelye, Avinyon, Perpinyan kimi şəhərlərdə olduqdan sonra qısa yolla Barselonaya keçir və oradan da İspaniya Krallığının paytaxtı Valyodolid şəhərinə gəlir.
Beləliklə, min kilometrlərlə yol qət edən Səfəvi diplomatik korpusu sonuncu dayanacaq olaraq İspaniyada kral III Filiplə görüşür və nümayəndə başçısı Hüseynəli bəy I Şah Abbasın naməsini krala çatdırır. Bununla da, böyük diplomatik missiya öz işini başa çatdırmış olur. Təbii ki, Şah Abbasın Avropa ölkələri ilə isti münasibətlər qurmasına xidmət edən və Səfəvi dövlətinin siyasi və iqtisadi maraqları naminə atılan bu tarixi addım öz bəhrəsini verir.
Diplomatik missiyanın iştirakçıları vətənə geri dönmək üçün Lissabon limanına gəlir. Lakin nümayəndə heyətinin rəhbəri Hüseynəli bəy Bayat bir də onu eşidir ki, onunla bura gəlmiş katiblərdən üçü xristian dinini qəbul etmiş və Avropada qalmaq fikrinə düşmüşlər. Bunlardan biri də təbii ki haqqında danışdığımız Oruc bəy Bayat idi. Hüseynəli bəy, sözsüz ki, bu hadisədən bərk qəzəblənir. Lakin onları məcburi vətənə döndərmək mümkün olmadığından özü qulluqçuları ilə qayıdır. Bu hadisədən sonra onları Səfəvi dövlətində hansı aqibətin gözlədiyi hər kəsə məlum idi. Xristianlığı qəbul etmiş Oruc bəyin xaç anası ispan şahzadəsi Marqarita olur. Bundan sonra ona İran Don Juanı adı verilir.
Yəqin ki, bir çoxlarınız həddindən artıq şorgöz, içki düşkünü, əxlaqsız kimi ad çıxarmış Don Juanla bizim Don Juanı səhv salırsınız. Onu da qeyd edək ki, Avropada Don Juan adlı bir çox tanınmış isim olmuş və həmin xoşagəlməz hərəkətlər sahibi olan Don Juanla bizim Oruc bəyin heç bir əlaqəsi yoxdur və onlar hətta eyni dövrdə belə yaşamamışlar. İspaniyada yaşamış bizim Oruc bəy əsasən yazıçı, şair və rəssam kimi tanınmış və gözəl irs qoyub getmişdir.
Biz Oruc bəy haqqında fundamental məlumatları əsasən onun 1603-cü ildə İspaniyanın paytaxtı Valyodoliddə çap etdirdiyi "Fars Don Juanı" adlı kitabından əldə edirik. Uzun illər bu kitab Azərbaycan ictimiyyətinə qaranlıq qalmışdır. Kitab 1926-cı ildə İngiltərənin paytaxtı London şəhərində ingilis dilində çap olunmuş və böyük şöhrət qazanmışdır. 1959-cu ildə kitab fars dilinə tərcümə edilmişdir. Nəhayət, ötən əsrin 80-ci illərində orta əsrlər üzrə görkəmli tarixçi alimimiz Oqtay Əfəndiyev və Akif Fərzəliyev tərəfindən farscadan ruscaya uğurla tərcümə olunmuşdur.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, Oruc bəyin yazdığı bu kitab Avropada bir azərbaycanlı müəllifin yazdığı ilk kitabdır. Bu, həm də bir soydaşımızın mətbəə metodu ilə çap olunan ilk kitabıdır. Bundan əlavə, bir azərbaycanlı şəxsin Avropada ilk tərcüməsidir. Kitabda Azərbaycan, İran, Rusiya və demək olar ki, bütün Avropanın tarixini, etnoqrafiyasını, coğrafiyasını, mədəniyyətini öyrənmək baxımından olduqca dəyərli faktlar qeyd edilib. Təsadüfi deyildir ki, Oruc bəy özünü dünyanın böyük səyyahları Marko Polo və Fernan Magellan ilə müqayisə etmişdir. Bütün bu faktlardan aydın görünür ki, Don Juan ləqəbli bizim Oruc bəy Bayat Avropa ictimai mühitində xüsusi yeri olan bir şəxs, hətta kral ailə üzvlərinin belə hüsn-rəğbətini qazanmış istedadlı insan kimi tanınmışdır. Onun sonrakı həyatı barədə bir də o məlumdur ki, 1605-ci il mayın 15-də Səfəvi səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür. Amma bəzi tədqiqatçılar onun 1604-cü ildə öldüyünü yazırlar. Lakin onun 1605-ci ildə Səfəvi səfirinə dueldə qalib gəlməsindən aydın olur ki, onun 1604-cü ildə öldüyü barədə yazılanlar həqiqətə uyğun deyildir. Belə çıxır ki, Don Juanın nə vaxt öldüyü barədə dəqiq məlumat, hələ ki, yoxdur.
Qeyri-adi həyat hekayəsi yaşayan Oruc bəy barədə daha bir fakt bizim üçün qürurvericidir. Belə ki, Oruc bəy dünya şöhrətli ispan yazıçısı Migel de Servanteslə yaxın dost olmuşdur. Maraqlı burasıdır ki, Migel de Servantesin məşhur Don Kixot əsəri, Don Juanın yuxarıda adını çəkdiyimiz kitabından bir il sonra nəşr olunmuşdur. Onun xristianlığı qəbul etməsi isə sırf zahiri xarakter daşımış və ömrünün sonuna kimi qəlbində özünü müsəlman hesab etmiş və vətən həsrəti ilə dünyasını dəyişmişdir.
Beləliklə, görkəmli diplomat, səyyah, tarixçi-etnoqraf, şair, rəssam, eyni zamanda, məğlubedilməz döyüşçü Avropada Don Juan ləqəbi ilə tanınmış azərbaycanlı Oruc Bəy Bayatın şəxsi tarixçəsi barədə məlumat verdik. Bu qeyri-adi şəxsiyyət bu gün Azərbaycan və ispan xalqlarının dostluğu və tarixi əlaqələrinin mövcudluğuna bir kumir, real nümunə ola bilər. Ümumi işimiz Don Juanın azərbaycanlı olmasını bilməkdən daha vacib, onun azərbaycanlı olmasını Avropada təbliğ etməkdir.
İnsanların əksəriyyəti həyatdan adi vəziyyətdə, heç bir sahədə fərqlənmədən köçür. Elə insanlar da var ki, əməlləri ilə tarix yaradırlar. Hansı ki üstündən beş yüz il keçsə də, onlar haqqında danışır, yazır və öyrənirlər. Bizim Oruc bəy Bayat kimi.
{nl}
ANAR TURAN, AMEA Tarix İnstitutunun dissertantı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.