Mitinq azarına tutulmuş radikal müxalifəti dövlətçilik maraqları deyil, anti Azərbaycan qüvvələrin çirkli pulları maraqlandırır

Azərbaycanın beynəlxalq aləmdəki əlaqələri genişləndikcə dünya birliyindəki reytinqi daha da yüksəlir."Eurovision-2012" mahnı müsabiqəsi yaxınlaşdıqca ölkəmizə olan maraq artmış, bizimlə əmakdaşlıq etmək istəyən dövlətlərin sayı çoxalmışdır. Təbii ki, vətənini,xalqını, millətini sevən hər bir kəs bundan qürur duymalı, Avropanın mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ilə fəxr etməlidir.
Müstəqilliyinin 20 ili ərzində həm siyasi, həm mədəni, həm də iqtisadi sahələrdə böyük uğurlara imza atan Azərbaycan keçmiş sovetlər birliyinin ölkələrini arxada qoymuş, regionda lider dövlətə çevrilmişdir. Azərbaycanın dünyanın sayılıb - seçilən ölkələri sırasına daxil olması düzgün müəyyənləşdirilmiş strateji siyasətin nəticəsidir. Ölkəmizdə insanların öz fikirlərini sərbəst ifadə etmələri, müstəqil mətbuatın azad fəaliyəti üçün hər cür şərait yaradılmış, mitinq və digər aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılmışdır. Bütün bunlar beynəlxalq arenada da yüksək səviyyədə dəyərləndirilir.
Təəssüf ki, ölkəmizin bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyması radikal müxalifət nümayəndələrini ciddi təşvişə salıb. Xüsusilə də , "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi gün yaxınlaşdıqca dağıdıcı müxalifət bütün vasitələrlə ölkədə qarşıdurma yaratmağa və beynəlxalq aləmdə xalqımız haqqında mənfi rəy formalaşdırmağa çalışır. Hətta, öz antimilli mövqelərini açıq şəkildə bəyan edirlər. Məsələn, İctimai Palata adlı qondarma qurumun üzvlərindən biri Pənah Hüseynov deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi böyük hadisədir. Ancaq biz bu müsabiqə ərəfəsində Bakıda mitinqlər keçirəcəyik. P.Hüseynovun dedikləri bir daha təsdiqləyir ki, İctimai Palata adlı qeyri-formal qurumun üzvləri Avropa miqyaslı tədbirin Azərbaycanda keçirilməsindən sevinmək əvəzinə, bu əhəmiyyətli tədbiri pozmaq istəyirlər. Təbii ki, belə cılız düşüncə sahibləri istəklərinə nail ola bilməyəcəklər. Çünki artıq Azərbaycan yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinə qadir dövlət olduğunu dəfələrlə təsdiqləyib. "Eurovision-2012" mahnı müsabiqəsinin də böyük təntənə ilə keçiriləcəyinə heç bir şübhə ola bilməz . Bunu müvəffəqiyyətlə başa çatan hazırlıq işləri də təsdiqləyir.
Bir qədər əvvəl Ermənistan da Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsini boykot etmək üçün ən çirkin kampaniyalara əl atmışdı. Lakin beynəlxalq ictimaiyyətin erməni təbliğatına əhəmiyyət verməməsi, artıq bu yalanlara inanmadıqlarını açıq şəkildə nümayiş etdirmələri nəticəsində ikrah doğurucu kampaniya öz-özünə dayandı. Bundan sonra mənfur düşmənlərimizdən çirkli kampaniyanın "estafetini" İctimi Palata adlı qondarma qurum qəbul edib. Bu qurumun üzvləri son vaxtlar mitinq keçirməyə, sabitliyi pozmağa cəhd edirlər. Nə qədər çığır-bağır salsalar da, insanları ətraflarına toplaya bilmirlər. Aprelin 8-də keçirdikləri icazəli aksiya zamanı da ictimaiyyət bunun şahidi oldu.
5-10 partiyanın çağırışı ilə cəmi 300-400 nəfəri ətrafına toplayan İctimai Palata adlı qondarma qurumun üzvləri yenidən mitinq keçirmək həvəsinə düşüblər. Bu dəfə də onların mitinq keçirmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Adlarını müxalifət qoyanlar isə əslində bu aksiyaları ilə "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı anti-dövlət mövqelərini ortalığa qoyurlar. Belələri üçün dövlət, millət, xalq adlı məfhum yoxdur. Onları düşündürən Azərbaycana düşmən olan, bütün vasitələrlə ölkədə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrdən aldıqları çirkli pullar və müəyyən sifarişləri yerinə yetirməkdir.
Neçə vaxtdır cəmiyyət arasına çıxmayan, insanlardan gizlənən, Azərbaycan haqqında xarici ölkə mətbuatına yalan, böhtan məlumatlar ötürən, düşmən dəyirmanına su tökən əli kərimlilər, isa qəmbərlər, pənah hüseynlər ölkəmizdə böyük əhəmiyyətə malik beynəlxalq səviyyəli tədbir keçirildiyi bir vaxtda yenidən peyda olublar. Belə bir vaxtda onların xalqdan dəstək istəmələri, insanları mitinqlərə və digər aksiyalara səsləmələri tamamilə əbəsdir. Ölkədəki inkişafı görməyən, insanların həyat səviyyəsinin yüksəlməsindən qısqanclıq hissi keçirən, hakimiyyətin hər fəaliyyətində ancaq qüsur axtaran dağıdıcı müxalifətin səsinə yenə də kimsə səs verməyəcək. Artıq cəmiyyətdə hər kəsə məlumdur ki, insanları mitinqə çağıran müxalifət düşərgəsində başıpozuqluq, partiyaların bir-birinə düşmən münasibəti hökm sürür. Ona görə də xalqın onlara olan inamı və etimadı heçə enib. Özlərini "ana müxalifət" hesab edənlər yenə də köhnə düşüncələrdən əl çəkmir, öz şəxsi və qrup maraqlarını hər şeydən üstün tuturlar. Onların təfəkkür tərzi, siyasi əxlaqı cəmiyyət tərəfindən nifrətlə qarşılanır.
Mitinqlərdə pafosla çıxış edən, hətta onları maliyyələşdirən xarici qüvvələrin dilində müxtəlif şüarlar səsləndirən müxalifətin iç üzü artıq hamıya bəllidir. Konkret ideyası, hər hansı bir layihəsi olmayan müxalifət hələ də mitinq aludəçiliyindən əl çəkə bilmir. Radikal müxalifəti maliyyələşdirən Azərbaycana düşmən olan xarici qruplar İctimai Palatanın son mitinqində onların potensialına bələd olduqdan sonra belələri ilə nəyəsə nail olacaqlarına inamlarını tamamilə itiriblər. Onlara bəlli oldu ki, cəmiyyətdə heç bir nüfuzu olmayan, etiraz aksiyalarına insan toplaya bilməyən AXCP, Müsavat kimi partiyalara, onların rəhbərlərinə və funksionerlərinə pul buraxmağın faydası yoxdur. Ötən mitinqin təsirindən ayrıla bilməyən bu partiyanın üzvləri hələ də bir-birinə qarşı ittihamlar irəli sürürlər. Digər partiyalar və qurumlara saymazyana yanaşan hər iki partiyanın rəhbəri qarşıdan gələn prezident seçkilərində vahid namizəd olmaq üçün min hiyləyə əl atır, ətraflarına daha çox təəssübkeş toplamaq üçün onlara yaxşı vəzifə verəcəklərini vəd edirlər. Həmişə vəzifə eşqi ilə alışıb-yanan reneqat Eldar Namazov da artıq onların "yağlı tikələrinə" göz dikib. Siyasətdən uzaq olduğunu bəyan etmiş Eldar Namazov və 4-5 nəfərlik dəstəsi "bəlkə də qaytardılar" xülyası ilə yaşayaraq İctimai Palata adlı qondarma quruma qoşulmaq istədiklərini bəyan etməklə qeyri-ciddi olduqlarını, siyasi səbatsızlıqlarını nümayiş etdirdilər. Belə simasızlar kimlərəsə qoşulub çığırıb-bağırmaqla öz daxili aləmlərini bir daha ortaya qoyurlar. Bu gün İctimai Palatanın üzvləri yenə də bəzi müxalifət funksionerlərinin "xəlvəti dərə" adlandırdıqları meydana toplaşacaq, vəzifə hərisi olan "liderlərin" köhnə bayatılarına ala-yarımçıq qulaq asacaq və yeni, ağlabatan bir söz eşitmədiklərindən onların ünvanına nifrinlər deyə-deyə oranı tərk edəcəklər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında