Qusar və Xaçmaz rayonlarında içməli su təchizatı layihələrinin icrasına başlandı

Ölkəmizin maliyyə imkanlarının ilbəil genişlənməsi sosial-iqtisadi həyatın bütün sahələrində son dərəcə vacib olan iri infrastruktur layihələrinin reallaşdırılmasına şərait yaradır. Hazırda infrastukturun bütün sahələrində olduğu kimi, su sektorunda da mühüm layihələr həyata keçirilir. 
Dövlət başçısının xüsusi diqqət mərkəzində saxladığı bu vacib məsələnin maliyyələşdirmə mexanizmi də artıq öz müsbət həllini tapmışdır. Belə ki, 2011- ci ilin dövlət büdcəsindən Azərbaycanın 11 rayonunun su təchizatı sistemlərinin yenidən qurulması və geniş imkanlara malik kanalizasiya şəbəkələrinin yaradılması üçün kifayət qədər maliyyə vəsaiti ayrılmışdır. Bundan əlavə, hazırda bir sıra beynəlxalq maliyyə qurumları da ölkəmizdə içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasını nəzərdə tutan layihələrin maliyyələşdirilməsində yaxından iştirak edirlər. Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişi də bu baxımdan diqqəti cəlb edir.
Aprelin 19-da Qusar və Xaçmaz şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimləri keçirildi. Bununla bağlı keçirilən tədbirlərdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti, rayon icra hakimiyyətlərinin başçıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Xatırladaq ki, bu şəhərlərdə yenidənqurma işləri Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə uyğun aparılacaq.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov təməlqoyma mərasimlərində çıxış edərək son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, hazırda ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən bir sıra sosial infrastruktur layihələri reallaşdırılır. İçməli su sektoru və kanalizasiya şəbəkələrinin yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan diqqəti cəlb edir. Natiq dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını bildirdi. Q. Hüseynov Qusar və Xaçmaz rayonlarında təməli qoyulan bu layihələrin istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsinə tam imkan yaradacağını söylədi. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrinin də su təchizatının yaxşılaşmasının diqqət mərkəzində olduğunu vurğulayan Q. Hüseynov, həmçinin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2014-cü ilin sonuna qədər bütün şəhər və rayon mərkəzlərinin içməli su, kanalizasiya layihələri ilə təmin edilməsindən sonra qarşıdakı illərdə rayon mərkəzlərinə yaxın yerləşən böyük yaşayış yerlərində də, kəndlərdə də belə layihələrin icra edilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini vurğuladı.
Təməlqoyma mərasimlərində çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ölkəsinin Azərbaycan hökuməti ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırdı. Səfir Qusar və Xaçmaz rayonlarında içməli su sektoru və kanalizasiya şəbəkələrinin yenidən qurulmasını nəzərdə tutan bu layihələrin icrasına start verilməsini ölkələrimiz arasında diplomatik əlaqələrinin yaradılmasının 20-ci ildönümünə xüsusi bir töhfə kimi dəyərləndirdi. O, 2011-ci ilin mart ayında Yaponiyada baş vermiş dəhşətli zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasına Azərbaycan hökumətinin göstərdiyi köməyi, öz növbəsində Yaponiya hökumətinin Azərbaycanın su sektorunda həyata keçirilən layihələrə maliyyə dəstəyinin göstərməsini ölkələrimiz arasında səmimi, dost münasibətlərinə, qarşılıqlı əməkdaşlığa nümunə kimi yüksək qiymətləndirdi.
Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin başçıları Şair Alxazov və Şəmsəddin Xanbababyev bu layihələrin icrasına start verilməsini dövlət başçısı İlham Əliyevin ölkə regionlarının sosial-iqtisadi inkişafına, sakinlərə göstərilən diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirdilər. Bütün bunlara görə sakinlər adından ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.
Xatırladaq ki, "Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Qusar şəhərində 19618, Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Çartəpə, Orta Xuç, Aşağı Xuç, Xuray kəndlərində isə 11835 nəfər olmaqla 31453 insanın su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihənin birinci mərhələsinə uyğun olaraq Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 85 litr və ya sutkada 7360 kubmetr olan drenaj tipli 700 metr uzunluğunda suqəbuledici qurğu tikiləcək, 315 millimetr diametrli 17,8 kilometr uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 1000 kubmetr olan üç su anbarı inşa olunacaq, 2,8 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək.
Layihənin növbəti mərhələsində 105 kilometr uzunluğunda su şəbəkəsi yaradılacaq, 80 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, həcmi 1000 kubmetr olan su anbarı tikiləcək, 5700-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq. Yaranan çirkab suları isə Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğuya nəql edilərək burada emal olunacaq.
"Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi isə Xaçmaz şəhərində 46776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10863 nəfər olmaqla umumilikdə 57639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihənin birinci mərhələsinə uyğun olaraq mövcud Uçqun bulağı bərpa olunacaq, bununla da, bu mənbədən saniyədə 200 litr və ya sutkada 17300 kubmetr su götürmək mümkün olacaq. 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3 min kubmetr olan iki və hər birinin tutumu 2 min kubmetr olan eyni sayda su anbarı inşa olunacaq, 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkiləcək, xlorator qurğusu daxil olmaqla yeni xlorator binası tikiləcək.
Layihənin növbəti mərhələsində 165 kilometr uzunluğunda şəbəkə su xətti, 154 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq. Layihəyə uyğun olaraq Xaçmaz şəhərində iki ədəd su və dörd ədəd kanalizasiya nasos stansiyasının tikintisi də planlaşdırılır. Yaranan çirkab suları isə Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Quba, Qusar və Xaçmaz şəhərlərində yaranan çirkab suları emal üçün bu təmizləyici qurğuya nəql ediləcək.
Yeri gəlmişkən, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" ölkəmizin 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan Respublikası hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişi isə 2009-cu il mayın 29-da imzalanmışdır. Həmin sazişə əsasən Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 32,8 milyard Yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında