Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, ölkədə 3 ay ərzində ümumi daxili məhsul 0,5 faiz, qeyri-neft sektoru 7,2 faiz, inflyasiya cəmi 3,1 faiz, əhalinin pul gəlirləri təxminən 14 faiz, kənd təsərrüfatı 3,1 faiz, qeyri-neft sənayesi isə 16,5 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatları artaraq 43 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2012-ci ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 6.921,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 148,6 milyon manatlıq, rabitə müəssisələri 211,6 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 658,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 40,6 faiz artmışdır.
İlin əvvəlindən əhaliyə 161 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 19,2 faiz çoxdur. Hesabat dövründə özəl müəssisələr tərəfindən əhaliyə 150,8 milyon manatlıq istehlak malları satılmış və müxtəlif növ pullu xidmətlər göstərilmişdir.
Rayonda çalışan işçilərin sayı 98670 nəfər, orta aylıq əmək haqqının məbləği isə 846,8 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 4,4 faiz çoxdur. 2012-ci ilin I rübü ərzində Səbail rayonu ərazisində 363 yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Ümumilikdə, 2009-2012-ci illərdə 5873 daimi iş yeri açılmışdır.
Hesabatda daha sonra göstərilmişdir ki, ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci rübündə Prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyasının və beşulduzlu "CW Marriott Abşeron" mehmanxanasının açılış mərasimləri keçirilmişdir.
Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, "Four seasons" mehmanxanasının, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi"nin, MTN-nin yeni hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün əlavə korpusun, "Azadlıq" meydanında yeraltı və Fəvvarələr meydanında yerüstü qarajların tikintisi aparılır. Neftçilər prospektində və Bayraq meydanına uzanan magistral yolda yeraltı keçidlər inşa olunur. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi aparılır. Artıq "Yeni Bayıl" və "Bayraq meydanı" yarımstansiyaları istifadəyə verilmişdir.
20-ci yaşayış sahəsində "Bibiheybət" stadionu əsaslı şəkildə yenidən qurulur, Dövlət Filarmoniyasının binasında təmir başa çatmışdır. Dövlət Musiqili Komediya Teatrının, Səadət Sarayının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır. Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, səkilərə dekorativ daş düzülməsi işləri davam etdirilir. "Şəhidlər Xiyabanı" kompleksinin bir hissəsinin, Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır.
Dövlət başçısının tapşırıqlarına əsasən, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir. "Avroviziya" mahnı müsabiqəsinə hazırlıqla bağlı rayon ərazisində genişmiqyaslı işlər həyata keçirilir.
Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən keçən il Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni 120 yerlik uşaq bağçası və 880 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə başlanmış, artıq burada xeyli iş görülmüşdür.
Dövlət Bayrağı meydanı ətrafında aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə əlaqədar Prezident İlham Əliyevin göstərişinə əsasən keçən il 49 saylı "İntellekt" liseyin həyətində yeni 660 şagird yerlik əlavə korpus tikintisi aparılmış və bu il mart tətillərindən sonra bu yeni korpusda dərs prossesinə başlanmışdır. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə korpusun, həmçinin 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi işləri başa çatmaq üzrədir. Eyni zamanda, 203 saylı orta məktəbdə də möhkəmləndirmə-təmir işləri aparılır. Cari ilin yay aylarında 44 saylı uşaq bağçasında, Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə təmir işlərinə başlanması nəzərdə tutulmuşdur. Dövlət Proqramının icrası ilə bağlı 1 saylı şəhər poliklinikası və 3 saylı Vərəm əleyhinə dispanserdə əsaslı təmir işlərinə başlanmışdır. Bu ilin yanvar ayında Səbail Rayon İcra Hakimiyyətinin həyətində də abadlıq işləri aparılmışdır.
Hesabat yığıncağında bildirilmişdir ki, rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Mənzil-Kommunal Təsərrüfatı Birliyi istilik xətlərində, 7 binanın dam örtüyündə təmir işləri aparmış, su və kanalizasiya xətlərini dəyişdirmişdir. Mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri görülmüşdür. Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra ictimai-siyasi, mədəni-kütləvi tədbirlər də keçirmişdir. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2011-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları keçirilmiş, tarixi hadisələr və əlamətdar günlərlə bağlı bir sıra tədbirlər təşkil olunmuşdur. Ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə mükafatlandırılanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4200 olmuşdur.
İclasda Səbail RİH təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, Səbail RİH sosial-iqtisadi məsələlər şöbəsinin müdiri Qabil Vahidov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.