Milli Məclisin növbəti iclası keçirilmişdir

Əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə və verdikləri təkliflərə münasibətini bildirmişdir.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmışdır.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki birinci məsələ barədə məlumat verərək demişdir ki, Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik etmişdir. Bu dəyişikliyə əsasən, insan hüquqları üzrə müvəkkilə informasiya əldə etmək hüquqlarının müdafiəsi ilə bağlı əlavə səlahiyyətlər verilmişdir və bu sahədə problemlərin, hüquqpozmaların qarşısının alınması ombudsmana həvalə olunmuşdur. Bu gün isə sözügedən dəyişikliyin tətbiqi ilə əlaqədar "İnformasiya əldə etmək haqqında" Qanuna və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər təklif olunur. Yeni dəyişikliyə görə, informasiya sorğusundan imtina edilməsi və ya lazımınca icra olunmamasına görə şikayətlərə Ombudsman baxacaqdır.
Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişikliklərdə isə deyilir ki, Ombudsman təsisatının nəzdində yaradılmış Milli Preventiv Qrupun istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisəsinə daxil olub orada saxlanılan şəxslə görüşə, onların həmin yerdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlə tanış ola bilərlər.
Bundan başqa, insan hüquqları üzrə müvəkkilə cəzaçəkmə müəssisəsinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavab almaq hüququ verilmişdir.
Hər iki qanuna dəyişikliklər qəbul edildikdən sonra "Psixiatriya yardımı haqqında" Qanunda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi"nin "Hauptvaxt haqqında" 4 saylı əlavəsinə də dəyişiklik olunmuşdur.
Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə və Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklikləri diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hər üç məcəlləyə təklif olunan dəyişikliklər seçki prosesi ilə bağlıdır və seçki prosesindəki prosedur müddətlərinin azaldılmasını özündə ehtiva etməklə onları daha da dəqiqləşdirir. Hər üç məcəlləyə dair dəyişikliklər səsə qoyularaq təsdiqlənmişdir.
Sonra "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktına təklif olunan dəyişikliklərə baxılmışdır. Bildirilmişdir ki, Meşə Məcəlləsinə, Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mənzil Məcəlləsinə, habelə "Qiymətləndirmə fəaliyyəti haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara təklif olunan dəyişikliklər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Bu qanunlarda hazırda qüvvədə olan bir sıra fəsil və maddələrin adlarının, orada istifadə olunan ifadələrin digərləri ilə əvəzlənməsi nəzərdə tutulur, bəzi maddə və bəndlər yeni redaksiyada verilir. Qeyd olunmuşdur ki, torpaq münasibətlərini tənzimləyən maddələrə edilən dəyişikliklər mövcud qanunvericilikdəki boşluqların aradan qaldırılmasına təminat verəcək, əhalinin mülkiyyət hüququnun daha yaxşı müdafiə olunmasına xidmət edəcəkdir.
Müzakirələr zamanı deputatlar qanun layihələrində nəzərdə tutulan dəyişikliklərin vacibliyini bildirmiş, son vaxtlar bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etmişlər. Müzakirələrdən sonra qanunvericilik aktına təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqlənmişdir.
Sonra Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunmuşdur. Məlumat verilmişdir ki, əsasnaməyə edilən dəyişikliyə əsasən miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödəniləcəkdir.
İclasda "Dövlət qulluğu haqqında" Qanuna təklif olunan dəyişikliklər də müzakirə olunmuşdur. Bildirilmişdir ki, dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla yeni kateqoriyalar üzrə təsnifatlaşdırılır. Dəyişikliyə görə, birinci kateqoriya dövlət orqanları bundan sonra ali kateqoriya dövlət orqanları adlanacaqdır.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilmişdir.
Daha sonra "Siyasi partiyalar haqqında" Qanuna təklif olunan dəyişikliklər müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demişdir ki, hazırda qüvvədə olan Qanun 1992-ci ildə qəbul edilmişdir. Lakin indi bu qanun günün tələblərinə tam cavab vermir. Ona görə də qanuna bir sıra əlavələr və dəyişikliklər edilməlidir.
Qanuna təklif olunan dəyişikliklərdə deyilir ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcəklər. Lakin bu dəyişiklik bütün siyasi partiyalara şamil edilməyəcəkdir. Siyasi partiyalar seçkilər zamanı yığdıqları səslərin və qazandıqları deputat mandatlarının sayına görə dövlət büdcəsindən maliyyə ala biləcəklər.
Dəyişikliklərə əsasən, maliyyə vəsaitinin ümumi həcminin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulmuşdur. Belə ki, bu vəsait irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcəkdir. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaqdır. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcəkdir.
Siyasi partiyalar Milli Məslisə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, vəsait qeyd olunan qaydada hər bir siyasi partiyaya ayrıca veriləcəkdir. Siyasi partiyalar hər il müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatları təqdim edəcəklər. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında göstəriləcəkdir. Partiyalar vəsaitdən imtina etdikdə məbləğ dövlət büdcəsinə qaytarılacaqdır.
Bununla belə, siyasi partiyaların ianə qəbul etmək hüququ da saxlanılır. Lakin siyasi partiyaların ayrı-ayrı dövlət, bələdiyyə orqanları, xarici dövlət və xarici hüquqi şəxs, əcnəbi və vətəndaşlığı olmayan şəxs, yetkinlik yaşına çatmayan, hərbi hissə, ictimai birlik, fond, dini qurum və hüquqi şəxs tərəfindən maliyyələşdirilməsi, ianələr qəbul etməsi bu qanunla qadağan edilir.
Siyasi partiya yaratmaq üçün isə ən azı 5000 imza toplanmalıdır.
Qanunvericilikdəki dəyişikliklər, həmçinin siyasi partiyalar qarşısında müəyyən vəzifələr də qoyur. Belə ki, siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar.
Müzakirələr zamanı deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsinə təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiq edildi.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında