Xalq satqınları, xəyanətkarları, fərariləri həmişə lənətləmişdir

İstintaq materialları "vətənpərvər" cildinə girmiş İsa Sadıqovu ifşa edir
Azərbaycan Respublikası demokratik dəyərlərə sahib müasir, dünyəvi, hüquqi dövlətdir. 1993-cü ildən sonra ölkəmizdə demokratikləşmə prosesi milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilmiş, insan hüquq və azadlıqlarına təminat verən hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər qazanılmış, qanunvericilik bazası, qanunların icrası mexanizmləri müntəzəm şəkildə təkmilləşdirilmiş, vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılan addımlar dövlətin sosial və siyasi dayaqlarını daha da möhkəmləndirmişdir.
Təssüflər olsun ki, daxilimizdəki bəzi bədxah qüvvələr və xaricdəki ermənipərəst dairələr ölkəmizdə yaradılmış demokratik şəraitdən sui-istifadə edərək öz çirkin məqsədlərini həyata keçirmək üçün hər vəchlə ictimai rəyi çaşdırmağa çalışırlar. Dağıdıcı müxalifətin ruporu olan "Azadlıq" qəzetində İsa Sadıqovun imzasıyla dərc olunan cəfəngiyyat silsiləsini də bu qəbildən hesab etmək olar.
Həmin cızma-qaralarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərlə yanaşı yaxın tariximiz də təhrif olunmuş şəkildə oxucuya çatdırılır. Buradaca xatırladaq ki, hələ iki il bundan əvvəl, yəni 2010-cu ildə türkiyəli "yazar" Turqut Ər adlı şəxsin ermənilərin tezislərindən ibarət kitabından seçmələr "Azadlıq" qəzetində ardıcıl olaraq dərc edilmişdi. Bu mənada İsa Sadıqovun "məqalələri" əslində, həmin erməni tezislərinin başqa bir müəllifin imzası ilə Azərbaycan mətbuatına yol tapması kimi dəyərləndirmək olar. Bunu reallaşdıranlar isə Azərbaycanın milli maraqlarını şəxsi və qrup maraqlarına qurban verənlərdir. Həqiqətən də "Azadlıq" qəzetinin həqiqi sahibi olan Əli Kərimli də məhz belələrindəndir. Çünki onun üçün heç bir xalq, dövlət marağı yoxdur.
İsa Sadıqovun keçmişini araşdıranda məlum olur ki, bu adam əslində, fəraridir. Məlumdur ki, o, 1995-ci il iyulun 2-də xidmət yerini özbaşına tərk etmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Həmin il İsa Sadıqova qarşı Azərbaycan Respublikası CM-nin 242-ci maddəsiylə cinayət işi açılmışdır. Həmin cinayət işinin istintaqını vaxtilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmiş ehtiyatda olan ədliyyə polkovnik-leytenantı Kamal Əliyev aparıb. Kamal Əliyev qeyd edir ki, bu gün vətənpərvərlikdən, xalqa, millətə sevgidən dəm vuran İsa Sadıqov doğma dilimizdə - Azərbaycan dilində sərbəst danışa bilmədiyinə görə istintaq işini rus dilində aparmağa məcbur olmuşdum. Müdafiəçisi rolunda çıxış edən vəkili daim təkrar edirmiş ki, fərari zabit özünü Azərbaycan Respublikasının vətəndaşı hesab etmir və onun Azərbaycan vətəndaşı olmasını heç kəs sübut edə bilməz.
Maraqlıdır, elə deyilmi? Bir vaxtlar respublikamızın vətəndaşlığını rədd edən İ. Sadıqov bu gün guya vətəndaşlıq mövqeyindən çıxış edərək, ölkəmizə "can yandırır", "vətən yanğısı" ilə "məqalələr" dərc etdirir? Necə oldu ki, özünü Azərbaycan Respublikasının vətəndaşı və azərbaycanlı hesab etməyən bir kəs, bu gün Vətənə "məhəbbətdən dəm vurmağa" başladı? Görəsən, bu xidmətinin müqabilində xaricdəki ağaları ona nə vəd ediblər? Ehtiyatda olan ədliyyə polkovnik-leytenantı Kamal Əliyev onu da qeyd edir ki, İsa Sadıqovdan hansı səbəbə görə, xidmətdən boyun qaçırdığını soruşanda Azərbaycanla onu heç nəyin bağlamadığını bildirirdi. Daha sonra bunun səbəblərindən biri kimi, Vətənə xəyanət cinayətini törətməkdə ittiham olunmuş bir şəxsin - general-mayor Hacırəhim Məmmədovun azadlığa buraxılması tələbini irəli sürürdü. Bu həmin Hacırəhim Məmmədov idi ki, 1994-cü ilin oktyabr ayında Gəncə şəhərində dövlət çevrilişinə cəhd hadisələri ilə əlaqədar həbs edilmişdi. İsa Sadıqovun bu hadisələrdən təxminən 9 ay sonra məlum tələblə çıxış etməsi isə maraq doğurur. Görəsən, fərari zabit niyə məhz hadisənin baş verdiyi tarixdə yox, 9 ay sonra bu tələblə çıxış etməyə başlamışdı?
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərov isə vurğulayır ki, İsa Sadıqov tutulduqdan sonra da qeyri-səmimilik göstərib, törətdiyi cinayət əməlini ucuz bəhanələrlə pərdələməyə çalışıb: "Bu gün özünü ədalət carçısı, fədakar döyüşçü, vətənin ən ağır günlərində guya böyük işlər görmüş biri kimi göstərməyə çalışan İsa Sadıqov xidmətdən yayınmasını ona Bakı şəhərində ev verilməməsi, Gürcüstan Respublikasında valideynlərinin evi olduğundan daimi yaşayış yerinə qayıtmaq arzusu, eləcə də Azərbaycan Ordusunda onun üçün normal xidmət şəraitinin yaradılmaması ilə izah etməyə cəhd edib. Guya, o, bu səbəblərdən bir neçə dəfə ordudan tərxis olunmaq məqsədilə raport yazıb, amma buna əhəmiyyət verilməyib. Lakin istintaqla müəyyən edilmişdir ki, İsa Sadıqov ordu sıralarından tərxis olunması, eləcə də yaşayış yeri ilə təmin edilməsi ilə bağlı Müdafiə Nazirliyinə heç vaxt müraciət etməmişdir".
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin artilleriya komandanı tərəfindən İsa Sadıqova verilmiş xidməti xasiyyətnamədən də görünür ki, o, öz mənəvi və peşə keyfiyyətlərinə görə komandir vəzifəsini tutmağa layiq zabit deyildi. Çünki həmişə öz şəxsi maraqlarını ümumi maraqlardan üstün tuturdu. Artilleriyaçı kimi zəif hazırlıqlıydı. Bu gün uydurma iddialarla çıxış edən İsa Sadıqov Ermənistan silahlı qüvvələri ilə ağır döyüşlər zamanı öz vəzifə borcuna səhlənkar yanaşmış, həmişə özünüreklamla, eyş-işrətlə, ziyafətlər təşkil etməklə, şəxsi biznesi ilə məşğul olmuşdur. İsa Sadıqov gürcüstanlı biznesmen şərikləri ilə Azərbaycandan hərbi hissələrə məxsus yanacağın Gürcüstana satışı və qonşu ölkədən Azərbaycana "Borjomi" idxalı ilə məşğul olmuşdur. Məhz onun cinayətkar səhlənkarlığı nəticəsində uğursuz Lələkənd əməliyyatı zamanı Azərbaycan Ordusundan 30 nəfər həlak olmuşdur.
Qazaxda hadisələrin içərsində olan Vilayət İsgəndərovun qəzetmizə ünvanlandığı məktubunda da belə faktlar öz əksini tapmışdır. Vilayət İsgəndərov yazır ki, 2-ci botalyonun 30 əsgəri İcevan rayonunun Lələkəndinə əməliyyata getmişdi. Orada kənddə hərbçilər olmadığını görüb 100-dək ermənini əsir alaraq gətirmək istəmişdi. Bu vaxt xəbər çatıb, erməni hərbçilər gəliblər, atışma olub, əsgərlərimizin gülləsi qurtarıb. Rus hərbçilərdən kömək istəyiblər. Məsafə cəmi 3 kilometr olub. Top komandiri Ərəstun Hacıyev və başqaları İsa Sadıqovdan kömək üçün icazə istəyiblər, verməyib, deyib ki, onlar əməliyyatı pozublar, ölümə layiqdirlər. Elə də oldu. Ermənilər 30 nəfər qəhrəman döyüşçümüzün meyitlərini 30 gündən sonra qaytardılar.İsa Sadıqov etdiyi cinayətlərə görə axtarılırdı. Qaçıb Gürcüstanda gizlənmişdi. Yaxşı yadımdadır, Qazax rayon DİŞ rəisi Zəfər Abıyev və hərbi polisin rəisi Asim Bayramov Gürcüstana adam göndərib, ona dedilər ki, Qırmızı körpüyə gəlsin, onu yenidən vəzifəyə qoyurlar. Tamahlanıb gəldi və orada da həbs olundu.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki Cəfər Cəfərov qeyd edir ki, istər istintaq sənədləri, istərsə də real araşdırmalar İsa Sadıqovun nazir müavini vəzifəsinin icrasından Silahlı Qüvvələrin artilleriya komandanının müavini vəzifəsinə, yəni məhz aşağı vəzifəyə keçirildiyi gün xidməti vəzifələrini yerinə yetirməkdən imtina etməsini təsdiqləyir. Bu fakt isə İsa Sadıqovun əsl niyyətini ortaya çıxarır. Yüksək vəzifə hərisi olan keçmiş polkovnikin xidmətdən yayınma səbəbi tamamilə onun əsassız iddialarından qaynaqlanıb, o, aşağı vəzifəyə keçirilməsini həzm edə bilməyib. İndi xaricdə antiAzərbaycan dairələrə sığınmış İsa Sadıqovun bu gün oradan Azərbaycan cəmiyyətini çaşdırmağa yönəlmiş məqalələrində əsl həqiqətləri gizlədib, bir çox hadisələri təhrif etməsi, onun zabit şərəfini ayaqlar altına atmasından xəbər verir. Əgər İsa Sadıqov özünü həqiqət carçısı və ya ədalətli insan sayırsa, ilk öncə yanlış taktiki manevrləri ilə çoxsaylı əsgərlərimizin həlak olmasından, xeyli texnika və hərbi-sursatlarımızın düşmən əlinə keçməsindən söz açsın, həlak olmuş əsgərlərimizin ailələrinə hesabat versin.
Əməlləri ilə düşmən dəyirmanına su tökmək, onların tapşırıq və tövsiyələri ilə Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan tarixi şəxsiyyətləri hədəfə götürmək, onların haqqında həqiqətlərə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yaymaq, həqiqətləri təhrif etmək heç bir azərbaycanlıya yaraşmayan iyrənc hərəkətdir. Bütün dünya ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olduğu həqiqətini qəbul edir. Doğma Vətənimiz Azərbaycanı sevən hər kəs ümummilli liderimizin tarixi xidmətlərini yüksək qiymətləndirir, onun təkcə ölkəmizin deyil, ümumilikdə bütün türk dünyasının gələcəyinin xilaskarı olduğunu bildirirlər. Çünki Heydər Əliyev xalqın tələbi və təkidi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı. Beləliklə, türk dünyası arasında coğrafi əlaqə də itəcəkdi. Ölkəmiz bugünkü kimi, türk dünyası, o cümlədən Avropa ilə Asiya arasında birləşdirici-qurucu rolunu da oynaya bilməyəcəkdi. Heydər Əliyev məkirli daxili və xarici qüvvələrin arzusunu gözündə qoydu. Azərbaycanı bütün bəlalardan xilas etdi. Müstəqil, qüdrətli bir dövlət qurdu. Azərbaycanı parçalamaq istəyən düşmənlərin arzuları puç oldu. Əminik ki, yaxın tariximizi təhrif edən, bütün dünyanın qəbul etdiyi böyük şəxsiyyət olan Heydər Əliyevə böhtan atan, qara yaxmağa çalışan İsa Sadıqov kimilərin və onun arxasında dayanan ermənilərin, ermənipərəst dairələrin də arzuları puç olacaqdır.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında