Dünən Beynəlxalq Mətbuat Mərkəzində Dövlət Neft Şirkətinə məxsus ərazilərdə qanunsuz tikintilərin aparılması cəhdlərinin qarşısının alınması ilə bağlı mətbuat konfransı keçirildi. Şirkətin Hüquq idarəsinin rəisi Eldar Orucov bildirdi ki, son vaxtlar ARDNŞ-ə məxsus ərazilərdə qanunsuz tikintilərin aparılması cəhdlərinin qarşısının alınması ilə əlaqədar tədbirlər gücləndirilib, nəzarət artırılıb. İctimaiyyətin həmin mövzuya xüsusi diqqət yetirdiyini nəzərə alaraq, şirkət qanunsuz zəbt olunmuş mədən ərazilərində jurnalistlərin iştirakı ilə reydlərin keçirilməsinə də xüsusi diqqət yetirir.
Eldar Orucov qeyd etdi ki, mədən ərazilərində qanunsuz tikintilərin aparılması, sənaye sahələrinin zəbt olunması hasilatın pay bölgüsü sazişlərinin pozulmasına, istehsal həcminin kəskin şəkildə aşağı düşməsinə öz mənfi təsirini göstərir. Bu, eyni zamanda təhlükəsizlik texnikası baxımından da yolverilməzdir. Belə ki, sözügedən ərazilərdə yüksək təzyiqli qaz və neft kəmərlərinin üstündə, neft buruqlarının mühafizə zonasında qeyri-qanuni yaşayış evləri tikilmişdir ki, bu da hər an faciəli qəza hallarının baş verməsinə gətirib çıxara bilər. Gizli deyil ki, indiyədək belə hal bir neçə dəfə baş vermişdir. Hüquq idarəsinin rəisi onu da xatırlatdı ki, həmin ərazilərdə insanların sağlamlığı üçün təhlükəli, zərərli olan tullantılar da mövcuddur.
Mətbuat konfransında vurğulandı ki, mədən ərazilərində qanunsuz tikililər aparılmasına qarşı mübarizə şirkətin müvafiq strukturları tərəfindən son vaxtlar nə qədər gücləndirilsə də, belə cəhdlərin qarşısı nə qədər qətiyyətlə alınsa da, analoji faktlar getdikcə artmaqda davam edir.
Bildirildi ki, qanunsuz tikintilərin aparılması ilə bağlı ARDNŞ-in təşkil etdiyi monitorinqlər yerli bələdiyyələr tərəfindən mədən ərazilərində tikililərin inşası üçün icazə verilməsinin mövcud qanunvericiliyə zidd olduğunu üzə çıxarmışdır. Belə ki, bələdiyyələr öz mülkiyyətində olmayan və inkişaf fondu üçün nəzərdə tutulmayan torpaqları vətəndaşlara ayırmışdır. Torpaqların ARDNŞ-ə məxsus olduğunu göstərən xəritələr də bunun sübutu ola bilər. Ona görə də şirkət tərəfindən qeyri-qanuni tikintilərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür. Təzə tikililərin inşasına yol verilmir, yaşayış olan evlərin sökülməsi haqda iddialarla müvafiq məhkəmələrə müraciətlər edilir.
Konfransda konkret olaraq bildirdi ki, "Binəqədi OYL " şirkətinin mədən ərazilərində belə acınacaqlı vəziyyət daha qabarıq nəzərə çarpır. Burada 20 mindən çox qanunsuz tikili qeydə alınmışdır. Neft-qaz əməliyyatları üçün sənaye əhəmiyyətli torpaq sahələrində inşa edilən həmin tikililərlə bağlı 3 min məhkəmə qətnaməsi çıxarılıb. Bundan əlavə, daha 7 min məhkəmə iddiası hazırda baxılmaq mərhələsindədir. Vətəndaşlara dəfələrlə xəbərdarlıq edilmişdir ki, bu ərazilərdə hər hansı tikinti işlərinin aparılması qadağandır. Lakin buna baxmayaraq, sözügedən sahələrdə ayrı-ayrı vətəndaşlar gizli şəkildə, əsasən də gecə vaxtlarında qeyri-qanuni tikinti işləri aparırlar. Belə halların qarşısının alınması əsassız hay-küyə səbəb olur. Bəzi mətbuat orqanları isə məsələyə qeyri-obyektiv yanaşır, özbaşına, qeyri-qanuni tikinti aparan şəxslərin müdafiəçisinə çevrilirlər.
Konfransda xüsusi olaraq vurğulandı ki, bu gün mədən ərazilərində içərisində yaşayış olan heç bir tikili sökülmür. Yalnız həmin ərazilərdə yeni qanunsuz tikinti işlərinin aparılması aşkarlandığı hallarda bu tikililərin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. İçərisində yaşayış olan qanunsuz tikililərlə əlaqədar bildirildi ki, ARDNŞ əvvəlcə qanunla nəzərdə tutulmuş qaydada özbaşına tikililərin sökülməsi və ərazilərin boşaldılması tələbi ilə müvafiq məhkəmə iddiaları qaldırır. Mətbuat konfransında qeyd edildi ki, indiyədək ARDNŞ və onun struktur təşkilatları tərəfindən ayrı-ayrı vətəndaşlara qarşı aidiyyəti məhkəmələrə 10 mindən çox iddia verilmiş, iddiaların böyük bir qismi ilə bağlı məhkəmə qərarları çıxarılmışdır. "Binəqədi OYL" şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikililərin sökülməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə daha 7000 iddianın verilməsi nəzərdə tutulub. Məhkəmələrin çıxardığı qərarlar icra olunmaq üçün müvafiq ədliyyə orqanlarına göndərilsə də, vətəndaşların vəziyyəti nəzərə alınaraq çıxarılmış məhkəmə qətnamələri üzrə məhkəmə icraçıları ilə danışıqlar aparılır, evlərin vətəndaşların özləri tərəfindən sökülməsi üçün müəyyən möhlət verilməsinə şərait yaradılır.
Konfransda qeyri-qanuni tikililərin sökülməsi zamanı vətəndaşlara kompensasiya ödənilməsi məsələsinə də xüsusi toxunuldu. Bildirildi ki, ARDNŞ-in müəssisə və təşkilatlarının daimi istifadəsində olan, o cümlədən hasilatın pay bölgüsü sazişlərinin kontrakt sahəsi hüdudları daxilində, eləcə də neft-qaz kəmərlərinin mühafizə zonalarında yerləşən torpaq sahələrində inşa olunmuş tikililər məhkəmə qətnaməsi ilə qanunsuz hesab olunduğu hallarda mülki qanunvericiliyə əsasən onların sökülməsi ilə bağlı hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Kompensasiyanın verilməsi qaydaları, onun şərtləri qanunvericilikdə aydın şəkildə nəzərdə tutulub. Müvafiq qurumun qanunsuz qərarı ilə torpaq əldə etmiş vətəndaş həmin alqı-satqının qanuni olduğuna ümid bəsləyir, xərc çəkərək ev inşa edir. Lakin sonradan bəlli olur ki, o həmin torpaq sahəsini qanunsuz yolla əldə edib. Bu zaman vətəndaş öz ziyanına çıxarılmış məhkəmə qətnaməsi əsasında ona qanunsuz sənəd vermiş orqana qarşı məhkəmə qaydasında iddia qaldırmaq və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Onu da unutmaq olmaz ki, qanunvericiliyə əsasən, zəbt olunmuş torpaq sahəsinə və onun üzərində qanunsuz olaraq inşa edilmiş tikiliyə mülkiyyət hüququ əldə edilməsinə yol verilmir.
Qeyd edildi ki, mədən torpaqlarında zəbtolunma hallarının qarşısının alınması məqsədi ilə ARDNŞ tərəfindən daima təbliğat işləri aparılır, əhali bu barədə mütəmadi olaraq məlumatlandırılır. ARDNŞ-ə məxsus ərazilərdə özbaşına tikinti işlərinin aparılmasının qanunsuz olması, mədən ərazilərində yerləşən sənaye təyinatlı torpaq sahələrinin yalnız təyinatı üzrə istifadə edilməli olduğu vətəndaşların diqqətinə çatdırılır.
O da diqqətə çatdırıldı ki, bu sahədə müxtəlif qaydaların təsdiq edilməsi, müvafiq tədbirlərin görülməsi nəticəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı müəyyən qədər alınıb. Lakin buna baxmayaraq, bir çox vətəndaşlar heç nəyə məhəl qoymadan qanunsuz tikinti işlərini davam etdirir ki, ARDNŞ tərəfindən məhz bunun qarşısı alınır. Bu zaman da narazı qalan vətəndaş dövlət orqanlarına müraciət etməyə başlayır, öz narazılığını müxtəlif yollarla ifadə edir. Halbuki ona qanunsuz torpaq sahəsi satmış qurum və ya şəxslərə qarşı hüquqi tədbir görülməli, pozulmuş hüquqların sivil yolla bərpası üçün məhkəməyə müraciət edilməlidir.
Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı sualları cavablandırıldı.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.