Mobil telefonlar: İMEİ vasitəsilə saxta cihazlardan özümüzü necə qoruyaq?

Azərbaycanda son illər aparılan məqsədyönlü iqtisadi islahatlar digər sahələrlə yanaşı, informasiya texnologiyaları sahəsinin də inkişafına zəmin yaradıb. Dünyanın inkişaf etmiş ölkələrində istehsal olunmuş ən son texnologiyalar çox keçmədən ölkəmizə gətirilir və ictimaiyyətə təqdim edilir. Təsadüfi deyil ki, informasiya texnologiyalarının inkişafı sahəsində respublikamız dünyada qabaqcıl yerlərdən birini tutur. 
Bunu beynəlxalq təşkilatların açıqlamalarından da aydın görmək olur. Bildiyiniz kimi, bir neçə gün əvvəl Ümumdünya İqtisadi Forumu (ÜİF) informasiya texnologiyalarının inkişafına (Global İnformation Technology Report 2012) dair yeni hesabatını açıqlamışdır. Hesabatda, həmçinin dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) əksini tapmışdır. Azərbaycan reytinqdə 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötənilki mövqeyini 9 pillə yaxşılaşdırmışdır.
Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı, MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən qabaqcıl ölkə kimi göstərilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumatda bildirilir ki, ölkəmizdə mobil telefon abunəçilərinin sayı 10 milyon nəfərə çatıb. Bu isə hər 100 nəfərə təxminən 105 mobil telefon abunəçisinin düşməsi deməkdir. Hazırda dünyada hər 100 nəfərə düşən mobil telefon abunəçisi üzrə orta göstərici 78 ədəd təşkil edir. Azərbaycan bu sahədə dünya orta göstəricisini təqribən 35 faiz qabaqlayır.
Hazırda Azərbaycana mobil telefonlar leqal və yaxud qeyri-leqal yollarla xarici ölkələrdən gətirilir. Görəsən idxal olunan mobil telefonların hansı daha keyfiyyətli, daha etibarlı, insan sağlamlığına daha az zərərlidir? İstifadə etdiyimiz telefonların harada istehsal olunması, onların standartlara cavab verib - verməməsi haqqında kifayət qədər məlumatımız varmı?
Öncə mobil telefonun beynəlxalq idendifikasiya nömrəsi olan İMEİ kodu nədir-sualına cavab axtaraq. İMEİ - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir (İnternational Mobile Equipment İdentification). Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın İMEİ kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar. İMEİ nömrələr mobil telefonların istehsalı zamanı zavodda aparatın müxtəlif yerlərinə yazılır.
İMEİ kod hər bir mobil telefonun 15 rəqəmdən ibarət unikal kodudur. Hər bir istehsalçının xüsusi alqoritmi əsasında hazırlanan İMEİ koda əsasən istehsalçının adını, olduğu ölkəni müəyyən etmək olar. İMEİ kod telefonun yaddaşına yazıldığından, çox asanlıqla telefonda *#06# kombinasiyasını yığmaqla ekranda İMEİ kodu görmək olar. İki simkartı olan telefon aparatlarına 2 İMEİ kod mənimsədilir. Bundan əlavə, İMEİ kod telefon batareyasının altında, zəmanət talonunda və telefon qutusunda da yazılır. Əgər İMEİ kodlar telefondakı digər yerlərdə yazılanlarla uyğun gəlmirsə demək həmin telefon saxta, yaxud oğurluq yolla ölkəyə gətirilib.
Qeyd edək ki, oğurlanmış və itmiş telefonların tapılmasında İMEİ kod əvəzedilməz vasitədir. Bu kod telefon aparatının yaddaşına yazılmış adi rəqəmlər deyil və həmin kodu asanlıqla dəyişdirmək, yaxud silmək olmur. Dünyada iki eyni İMEİ koda rast gəlmək mümkün deyil. Yəni hər bir insanın kimliyini bildirən şəxsiyyət vəsiqəsi olduğu kimi, hər mobil telefonun İMEİ kodu da yalnız ona məxsus hazırlanır. İMEİ koddakı ilk 8 rəqəm konkret olaraq telefon modelinin seriyasını göstərir, sonrakı 2 rəqəm isə hansı ölkədə istehsal olunduğunu bildirir. Məsələn, 10- Finlandiya, 20-Almaniya, 30-Koreya, 40-Çin, 50-Brazilya, Amerika, Finlandiya, 60-Çin, Meksika, 70-Finlandiya və s. bildirir. Latviya, Böyük Britaniya, Belarus, Rusiyada İMEİ kodun dəyişdirilməsi qanunla cinayət əməli sayılır.
Ölkəmizdə də ötən ildən mobil cihazların qeydiyyatının aparılması məqsədilə mərkəz yaradılmağa başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi bu sahədə işlərin tənzimlənməsinə hüquqi zəmin yaradıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan mərkəzin məqsədi mobil cihazların qeydiyyat sisteminin (MCQS) tətbiqidir. Mərkəzdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan bütün mobil cihazların, bu qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı nəzərdə tutulmuşdur. MCQS mobil cihazların İMEİ nömrələrinin qeydiyyata alınmasını qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydada formalaşan müvafiq məlumat bazası üzərində təşkil edir və ümumi məlumat bazasından Dövlət Gömrük Komitəsinin istifadəsini təmin edir. Mərkəz işə düşdükdən sonra MCQS vasitəsilə qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ kodlarının köməkliyi ilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaqdır.
Qeyd etmək lazımdır ki, cari ilin fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların İMEİ kodlarının monitorinqinə başlanılmışdır. İMEİ kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcəkdir. Monitorinq nəticəsində saxta İMEİ kodları olan mobil cihazlar da aşkar olunacaqdır. Eyni zamanda, aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədə istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Şəbəkədən məhdudlaşdırma prosesi mobil cihazların qeydiyyat sisteminin (MCQS) istifadəyə verilməsindən sonra planlaşdırılır. Ümumiyyətlə, mobil cihazların qeydiyyat sisteminin işə düşməsi mobil telefon oğurluğu hallarının azalmasına, qeyri-qanuni yolla idxala nəzarəti artırmağa imkan verəcək, həmçinin belə telefonların satışı zamanı dövlət büdcəsindən gizlədilən milyonlarla manatın aidiyyatı üzrə yönəlməsinə imkan yaradacaq. Azərbaycanda mobil telefon abunəçilərinin daha keyfiyyətli avadanlıq və aksesuarlarla təmin olnması isə yalnız yuxarıda qeyd olunan sistemin fəaliyyətə başlamasından sonra mümkün olacaq.
Mobil cihazların qeydiyyat sistemi hazırda Türkiyə, İngiltərə, Ukrayna və digər ölkələrdə mövcuddur. Bu sistemin Avstriya, Danimarka, Finlandiya, İtaliya, İsveç, Estoniya, ABŞ və s. ölkələrdə də qurulması planlaşdırılır. Müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların İMEİ nömrələri barədə məlumat mütəmadi olaraq həmin ölkələr tərəfindən hazırda istifadə olunan müvafiq vahid mərkəzdə yerləşdirilir.
Məsələn, ABŞ-ın iri mobil operatorları olan Verizon Wireless, AT & T, Sprint Nextel və T-Mobile İMEİ kodların vahid bazasını yaratmaq haqqında razılığa gəliblər. Bu şirkətlər ABŞ-da 90 faizə yaxın mobil telefon istifadəçilərinə xidmət göstərirlər. Belə bir qurumun yaradılmasında məqsəd isə oğurluq telefonların istifadəsinin qarşısını almaq, küçə oğurluqlarının sayını azaltmaqdır. ABŞ-da dərc olunan "The Wall Street Journal"ın məlumatına görə, altı ay müddətində hər operator özündə olan istifadəçilərin İMEİ kodunu hazırlayıb ABŞ hökumətinə təqdim etməlidir. Bundan sonra 12 ay müddətinə həmin məlumatlar ümumi bazada birləşdirilir. Beləliklə digər istifadəçilərlə yanaşı, oğurluq telefonların da İMEİ kodları həmin bazada toplanacaq. Aidiyyatı qurumlar bu yolla ABŞ-da telefon oğurluğunun qarşısını almaq, bu bizneslə pul qazananlara zərbə vurmaq istəyir. Statistik məlumatlara görə, il ərzində Nyu-Yorkda baş verən oğurluq hadisələrinin 40 faizdən çoxu, Vaşinqtonda isə 38 faizi mobil telefonlarla əlaqədar baş verir. Bundan başqa 2011-ci ildə baş verən cinayət hadisələrini törədərkən təqsirləndirilən şəxslərin 42 faizinin oğurluq telefonlardan istifadə etdiyi məlum olub.
Qeyd edək ki, Böyük Britaniya, Almaniya, Fransa və Avstraliyada artıq belə bir struktur yaradılıb və bu, həmin ölkələrdə oğurluq hallarının kəskin dərəcədə azalmasına səbəb olub.
Qonşu Türkiyəyə gəldikdə isə artıq 2005-ci ildən bu ölkədə Mobil Cihazların Qeydiyyat Sistemi fəaliyyət göstərir. Bu sistemin işə düşməsindən sonra ilk üç ay müddətində Türkiyədə mobil telefon oğurluğu 90 faizə qədər azalmışdır. Vahid bazada toplanmış İMEİ kodların vasitəsi ilə yeni telefon almaq istəyən hər bir kəs asanlıqla onun yoxlanmasını, telefonun qanuni yolla ölkəyə gətirilməsini öyrənə bilər. Türkiyədə fəaliyyət göstərən üç operatorun təqdim etdiyi məlumatlar vahid bazada yerləşdirildiyindən hər hansı abonentin şikayətini həll etmək də olduqca asan olur. Oğurlanmış telefon sahibi öz operatoruna müraciət etdikdə dərhal həmin telefonun İMEİ kodu yoxlanılır və hansı nömrədə işləməsindən asılı olmayaraq bağlanır.
Bu sistem Ukraynada 2009-cu ildən tətbiq olunur. Sistemin tətbiqi oğurluq telefonların qarşısının alınması ilə yanaşı daha bir maraqlı faktı üzə çıxarıb. Məlum olub ki, əvvəllər bu ölkəyə idxal olunan mobil telefonların cəmi 8,5 faizi qanuni yolla satılırdı. Beləliklə işbazlar külli miqdarda vəsaiti dövlət büdcəsinə daxil olmaqdan yayındırırdılar.
Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, İMEİ kodların mobil cihazların məlumat sistemində toplanması ilk növbədə telefon istifadəçilərinin rahatlığının təmin olunmasına, onların aldıqları cihazın oğurlanması, itirilməsi zamanı qısa müddətdə tapılmasına şərait yaradacaq. Həmçinin bu sistemin işə düşməsi mobil telefonların qeyri-qanuni idxalının azalmasına, bu sahədəki digər neqativ halların tədricən aradan qalxmasını təmin edəcək. Nəticədə Azərbaycan əhalisi sərbəst şəkildə daha keyfiyyətli mobil rabitə xidmətlərindən yararlanacaqdır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında