Mən bir peşəkar hərbçi olaraq erməni işğalçılarına qarşı ağır döyüşlərin getdiyi bir dövrdə - 1992-ci ilin may ayında keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində Polşa Respublikasında xidmət etdiyim hərbi hissədən Vətənim Azərbaycana gələrək könüllü Milli Ordu sıralarında, Qazax rayonunda yerləşən N saylı hərbi hissədə tabor komandiri vəzifəsində, baş leytenant rütbəsində xidmət etməyə başladım. Həmin vaxt Dağlıq Qarabağı işğal edən erməni silahlı qüvvələri digər torpaqlarımıza da mütəmadi hücumlar edir, daha çox ərazilərimizi ələ keçirməyə çalışırdılar.
Təəssüf ki, həmin dövrdə dövlətə nəinki idarəçilik təcrübəsi, hətta bu barədə anlayışı olmayan təsadüfi şəxslərin rəhbərlik etməsi öz mənfi nəticəsini müdafiə sahəsində də göstərirdi. Milli Ordunun rəhbərliyinə qeyri-peşəkar, hətta hərbi sahə ilə heç bir əlaqəsi, hərbi savadı, döyüş təcrübəsi, taktiki biliyi və bacarığı olmayan təsadüfi şəxslərin gətirilməsi, ordunun zabit kadrları ilə tam komplektləşdirilməməsi, vahid komandanlığın olmaması, nizam-intizamın aşağı səviyyədə olması, müxtəlif vəzifəli şəxslər arasında intriqaların yaşanması məlum acı nəticələrə gətirib çıxartdı, torpaqlarımızın 20 faizdən çoxu ermənilər tərəfindən işğal olundu.
Son vaxtlar bəzi mətbuat orqanlarında bir sıra məqalələrlə çıxış edərək insanlarda çaşqınlıq yaratmaq və yanlış fikir formalaşdırmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar verən, özünü peşəkar hərbçi adlandıraraq müstəqilliyimizin ilkin dövründə baş verən bəzi hadisələri yanlış şərh edən İsa Sadıqovun bu hərəkətlərinə biganə qala bilmədiyimdən bəzi həqiqətləri dilə gətirmək qərarına gəldim.
Belə ki, İsa Sadıqova dəstək verən müxalif qüvvələr və onun məqalələrini oxuyub, yazdıqlarına inanan sadəlövh vətəndaşlar əslində onun iç üzünü bilmirlər. İsa Sadıqov həmin şəxsdir ki, Qazax rayonunda yerləşən N saylı hərbi hissənin komandiri olduğu müddətdə onun səriştəsizliyi, bacarıqsızlığı ucbatından bir neçə əməliyyat uğursuz nəticələnmişdir. Onlardan təkcə birində "Lələkənd əməliyyatı"nda 30 döyüşçümüz şəhid oldu. İsa Sadıqovun briqada komandiri olduğu müddət ərzində Qazax və ətraf rayonlarımızı müdafiə etməli olduğu halda, o, şəxsi maraqlarını güdərək, öz vəzifəsinə aid olmayan işlərə qurşanmış, hərbi hissənin döyüş qabiliyyətinin artırılması üçün heç nə etməmişdir. O, özünə güvənərək yuxarı komandanlıqla razılaşdırmadan və onları məlumatlandırmadan, hətta öz tabeliyində olan şəxsi heyətə belə doğru-düzgün tapşırıqlar vermədən, özbaşına olaraq uğursuz "Lələkənd əməliyyatı"nı hazırlamışdır.
Həmin hadisə hər dəfə gözümün qarşısında canlananda, İsa Sadıqovun bir komandir kimi korafəhmliyinə, öz şəxsi maraqlarını torpaqlarımızın, Vətənimizin mənafeyindən üstün tutmasına, igid oğullarımızı öz çirkin niyyətlərinə qurban verməsinə bir daha əmin oluram. O, planlaşdırdığı bu əməliyyatla bağlı qabaqcadan hücuma heç bir hazırlıq tədbirləri görməmiş, silah və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsini yoxlamamış, mövsümü, qarlı-şaxtalı hava şəraitini nəzərə almamış, habelə döyüşü düzgün təşkil etməmiş, hücum edən bölmələr arasında qarşılıqlı əlaqə yaratmamışdır. Ehtiyatlardan vaxtında istifadə edilməməsi ucbatından döyüşçülərimiz düşmən ərazisində mühasirəyə düşmüş və bir bölük üçün son dərəcə ağır olan 30 nəfərin şəhid olması və çoxlarının yaralanması ilə nəticələnmişdir. Hətta mühasirəyə düşmüş döyüşçülərin mühasirədən çıxarılması üçün vacib olan qərarların heç birini qəbul etməmiş, sadəcə seyirçi mövqeyində gözləyib qalmışdır. Əksinə, kömək adı ilə göndərdiyi canlı qüvvəni sonradan döyüşə girməyə icazə vermədən geri çəkmiş, hətta ermənilərə kömək gəlməsi barədə ona vaxtında bir neçə dəfə məlumat verilməsinə baxmayaraq, düşmənin kəndə çatmayaraq, hərəkət zamanı məhv edilməsi üçün real imkan olduğu halda atəş açmağa icazə verməmişdir. Bunlar azmış kimi, İsa Sadıqov əməliyyat üçün əvvəlcədən hazırlıq aparmadığından, köməyə göndərdiyi döyüş texnikasının birinin nasaz olması, digərinin isə yanacağın qurtarması səbəbindən döyüş meydanında qalaraq qənimət kimi düşmənin əlinə keçməsinə şərait yaratmışdır.
Bununla belə, igid, mərd vətən oğullarının elə də böyük döyüş təcrübəsinin olmamasına, hətta bəzilərinin hərbi xidmətə təzə başlamalarına, "komandirləri" İsa Sadıqov tərəfindən döyüş meydanında Allahın ümidinə buraxılmalarına baxmayaraq, texnika və say tərkibi baxımından qeyri-bərabər olan qüvvələr nisbətində düşmənə qarşı layiqli müqavimət göstərmiş və çoxsaylı itki vermiş, bir nəfər belə əsir düşməyib son damla qanlarına qədər vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər.
Təəssüf ki, İsa Sadıqovun təşkil etdiyi uğursuz "Lələkənd" əməliyyatından sonra şəxsi heyət arasında ruh düşgünlüyü yaranmış, mənəvi-psixoloji vəziyyət aşağı düşmüş, yuxarı komandanlığın qərarlarına inamsızlıq yaranmış, nizam-intizamın səviyyəsi, eləcə də komandir kimi onun nüfuzu aşağı düşmüş, əmrə tabe olmamaq, fərarilik halları artmışdır. Maraqlısı odur ki, İsa Sadıqov özü də sonradan xidmət yerinə çıxmayaraq, fərarilik etdiyinə görə məhkum olunmuşdur.
Bu hadisəni o vaxt həmin hərbi hissədə xidmət edən şəxslər, eləcə də Qazax rayonunun sakinləri yaxşı bilirlər. Ona görə də, bu gün İsa Sadıqovun müharibə vaxtı müxtəlif bölgələrdə hansısa döyüş əməliyyatının düzgün aparılmaması, özünün "uğurları" barədə populist çıxışlar etməsi məni və digər döyüş yoldaşlarımı, eləcə də əməliyyat zamanı şəhid olanların yaxınlarını hiddətləndirir. Çünki, buna onun ən azı mənəvi haqqı yoxdur.
Mən bir Azərbaycan zabiti olaraq, vətəndaşlarımızı hal-hazırda xarici ölkədə qaçıb gizlənmiş, kimlərinsə himayəsinə sığınmış Sadıqov kimilərinin yazdıqları şər və böhtanlara fikir verməməyə çağırıram. Çünki ordu quruculuğu haqqında hər hansı bir fikir yürütmək üçün orduda uzun müddət ərzində öz xidməti borcunu şərəflə yerinə yetirmək lazımdır. Bu mənada İsa Sadıqov Azərbaycan Ordusu haqqında nə fikir formalaşdıra bilər, axı o, bizim orduda cəmi bir neçə il baş girləyib və keçdiyi "xidmət yolu" da göz qabağındadır. O, yaddaşlarda uğursuz hərbi fəaliyyəti, sonra isə fərariliyi, buna görə yaşadığı dustaq həyatı və hal-hazırda isə xarici ölkədə Azərbaycanın bədxahlarının qoltuğuna sığınan bir adam kimi qalmışdır. Bugünkü fəaliyyəti ilə də o, düşmənə xidmət edir, müstəqil dövlətimiz və onun ordusu barədə həqiqətdən çox uzaq olan məlumatlar yayır.
{nl}
Novruz İSMİYEV, polkovnik-leytenant, N saylı hərbi hissənin əlaqələndirici zabiti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.