Yaxud, fərari zabit İsa Sadıqovun
canfəşanlığı arxasında hansı mətləblər gizlənir?
{nl}
Azərbaycan Respublikası hər sahədə sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması, inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin əsas hədəfi isə çoxşaxəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, həmçinin elmin, mədəniyyətin inkişafında, ictimai-siyasi həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Azərbaycan xarici siyasətdə də böyük uğurlara imza atmışdır. Ölkəmiz 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv seçilmişdir. Bu seçim rəsmi Bakının yürütdüyü daxili və xarici siyasət kursunun dünya dövlətləri tərəfindən qəbul və təqdir edilməsi ilə yanaşı, beynəlxalq birliyin Azərbaycana böyük etimadının və inamının təzahürüdür.
Respublikamızın qazandığı möhtəşəm uğurlar hər bir azərbaycanlını sevindirir, onun qəlbində qürur hissi oyadır. Lakin görünən odur ki, daxildəki və xaricdəki bədxahlarımız ölkəmizin əldə etdiyi nailiyyətlərdən ciddi narahatlıq keçirirlər. Bu səbəbdən onlar, istər Azərbaycanda radikal müxalifətin ruporuna çevrilən qəzetlərdə, istərsə də bəzi ölkələrdəki erməni lobbisinin təsiri altında olan mətbuat orqanlarında dərc edilən məqalələrdə respublikamızda görülən məqsədyönlü işlərə kölgə salmağa çalışır, beynəlxalq aləmdə qazandığımız demokratik ölkə imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Son zamanlar fərari zabit İsa Sadıqovun imzası ilə dağıdıcı düşərgənin əsas təbliğat vasitəsi rolunu oynayan "Azadlıq" qəzetində işıq üzü görən silsilə "məqalələri" də bu qəbildən hesab etmək olar. Həmin cəfəngiyyatların nə məqsədlə dərc olunduğunu hamımız çox yaxşı bilirik. Lakin burada şəxsən mənim heysiyyətimə toxunan bir sıra məqamlara aydınlıq gətirmək istəyirəm.
Məsələnin oxuculara tam aydın olması üçün kiçik bir arayış vermək istərdim. Belə ki, vaxtilə mən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişəm. Bu vəzifədə işlədiyim dövrdə hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə 1995-ci il iyulun 2-də xidmət yerini özbaşına tərk etmiş və bir daha xidmət yerinə qayıtmamış fərari polkovnik İsa Sadıqov barəsində Azərbaycan Respublikası CM-nin 242-ci maddəsiylə başlanılmış cinayət işinin istintaqını da mən aparmışam. Şəxsiyyətini təsdiq edən sənədlərdə və şəxsi işində İsa Sadıqovun adı, soyadı və atasının adı "Sadıkov İsa Nazaroviç" kimi qeyd olunmuşdu. O, doğma dilimizdə - Azərbaycan dilində sərbəst danışa bilmədiyinə görə istintaq işini rus dilində aparmağa məcbur olmuşdum. Onu da qeyd edim ki, İ. Sadıqovun anasının milliyətini müəyyən edə bilməmişdik. Sadıqovun özünün dediyinə görə, onun atası milliyətcə azərbaycanlı olsa da, müdafiəçisi rolunda çıxış edən vəkili daim təkrar edirdi ki, fərari zabit özünü Azərbaycan Respublikasının vətəndaşı hesab etmir və onun Azərbaycan vətəndaşı olmasını heç kəs sübut edə bilməz.
Bununla belə, mən müdafiəçiyə izah etməyə çalışırdım ki, ölkəmizdə azərbaycanlı olmayan, lakin Azərbaycanı öz varlığı qədər sevən, onun uğrunda canını verməkdən çəkinməyən yəhudilər, ruslar, avarlar, talışlar, udinlər, ləzgilər və digər millətlərin nümayəndələri də yaşayırlar və bizim fəxrimiz olan həmin insanlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Ölkə onların da Vətəni, dövlət onların da dövlətidir. Bu barədə çox sayda misallar da gətirirdim. Hətta vəkilin özünün də azərbaycanlı olmadığını, lakin digərləri kimi, onun da Azərbaycanın bərabərhüquqlu vətəndaşı olduğunu deyirdim. Bildirirdim ki, SSRİ dağıldıqdan sonra hərbi qulluqçu Azərbaycan Ordusunda qulluq edirsə, deməli Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edibdir və ona hərbi qulluqçunun vəsiqəsi verilibdir. Bütün bunların müqabilində vəkil deyirdi ki, mən sizi başa düşür və söylədiklərinizi tam qəbul edirəm, ancaq İ.Sadıqov birmənalı şəkildə özünü Azərbaycan Respublikasının vətəndaşı hesab etmir. Maraqlıdır, elə deyilmi? Bir vaxtlar respublikamızın vətəndaşlığını rədd edən İ. Sadıqov bu gün guya vətəndaşlıq mövqeyindən çıxış edərək, ölkəmizə "can yandırır", "vətən yanğısı" ilə "məqalələr" dərc etdirir? Necə oldu ki, Azərbaycan Respublikasının adı gələndə özünə yer tapa bilməyən bir kəs, bu gün Vətənə "məhəbbətdən dəm vurmağa" başladı? Görəsən, bu xidmətinin müqabilində xaricdəki ağaları ona nə vəd ediblər?
Onu da deyim ki, həmin vaxtlar İsa Sadıqovun müdafiəçisi "ən bahaçıl vəkil" hesab olunan Nikolay İvanoviç Kirkeviç idi. Təsəvvür edin ki, həmin vəkil İsa Sadıqovdan adi "fərarilik işi" üçün, özünün dediyinə görə, 3 min ABŞ dolları almışdı. Bu rəqəm həmin dövr üçün fantastik məbləğ hesab olunurdu. Çünki o vaxtın ən yüksək maaşı 100 ABŞ dolları həcmində hesablanırdı. Yəni İ.Sadıqovun bu qədər pulunun olması da qaranlıq məqamlardan xəbər verirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin artilleriya komandanı tərəfindən İsa Sadıqova verilmiş xidməti xasiyyətnamədən də görünürdü ki, o, öz mənəvi və peşə keyfiyyətlərinə görə komandir vəzifəsini tutmağa layiq zabit deyildi. Çünki həmişə öz şəxsi maraqlarını ümumi maraqlardan üstün tuturdu. Topçu kimi zəif hazırlıqlıydı. Bu gün uydurma iddialarla çıxış edən İ.Sadıqov Ermənistan silahlı qüvvələri ilə ağır döyüşlər zamanı öz vəzifə borcuna səhlənkar yanaşmış, həmişə özünüreklamla, eyş-işrətlə, ziyafətlər təşkil etməklə, şəxsi biznesi ilə məşğul olmuşdur. İ. Sadıqov gürcüstanlı biznesmen şərikləri ilə Azərbaycandan hərbi hissələrə məxsus yanacağın Gürcüstana satışı və qonşu ölkədən Azərbaycana "Borjomi" idxalı ilə məşğul olmuşdur. Məhz onun cinayətkar səhlənkarlığı nəticəsində uğursuz Lələkənd əməliyyatı zamanı Azərbaycan Ordusunun 30-dan çox əsgəri həlak olmuşdur.
Maraqlı burasındadır ki, ondan hansı səbəbə görə, xidmətdən boyun qaçırdığını soruşanda bunun səbəblərindən biri kimi, Vətənə xəyanət cinayətini törətməkdə ittiham olunmuş bir şəxsin-general-mayor H.Məmmədovun azadlığa buraxılması tələbini irəli sürürdü. Azərbaycanla onu heç nəyin bağlamadığını bildirir, vətəninin Gürcüstan olduğunu deyirdi.
İsa Sadıqovun adından dərc olunan məqalələrin üslubu ilə tanış olarkən belə qənaətə gəlirsən ki, bu yazılar hansısa xarici xüsusi xidmət orqanlarının yaxud antiAzərbaycan dairənin Azərbaycanda baş vermiş hadisələri öz istədikləri kimi-tamamilə təhrif olunmuş formada çatdırmaq və öz mənafelərinə, çirkin niyyətlərinə uyğun təxribat xarakterli dezinformasiyalar yaymaq cəhdindən başqa bir şey deyildir.
Məlumdur ki, hər hansı bir xalqı, onun dövlət müstəqilliyini məhv etmək üçün həmin xalqın mənəviyyatını əlindən almaq, müqəddəs ideallarını heçə endirmək, böyük şəxsiyyətlərini ləkələyib gözdən salmaq çox təsirli metodlar hesab olunur. Bunun üçün hər cür mənfur üsullardan istifadə edərək verilən dezinformasiyaları "sübut etmək" və ya insanları ona inandırmaq vacibdir. İ. Sadıqovun imzasıyla dərc olunan "məqalələr" də bu məkirli niyyətə hesablanıb. Açıq-aşkar görünür ki, həmin cızma-qaralar Azərbaycan xalqının müqəddəs bildiyi bütün dəyərlərə, şəxsiyyətlərə qarşı açıq və gizli nifrət hissi aşılamağa, yaxın tarixdə baş verən hadisələrlə bağlı tamamilə təhrif olunmuş məlumatlar yaymaqla insanlarda çaşqınlıq yaratmağa xidmət edir.
Yəqin ki, fərari İsa Sadıqov Robert Qrinin "Hakimiyyətin 48 qanunu" əsərində qeyd etdiyi "yalan nə qədər ağ olarsa, bir o qədər yaxşıdır" devizini özünün həyat amalına çevirib. Çünki siyasətlə az da olsa maraqlanan hər bir şəxs bilir ki, böyük güclərin planına görə, SSRİ dağıldıqdan sonra Azərbaycan adlı ölkə xəritədən silinməli və onun ərazisi qonşu dövlətlər tərəfindən bölüşdürülməli idi. Ölkəmizi bu fəlakətdən Allahın millətimizə xilaskar kimi göndərdiyi ümummilli liderimiz Heydər Əliyev və onun rəhbərliyi altında dövlətinə və xalqına sədaqətlə xidmət edən igid oğullarımız xilas etmişlər. Həm SSRİ, həm də müstəqillik dövründə öz canı, qanı və həyatı bahasına Azərbaycan xalqına və dövlətçiliyinə əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət barəsində heç bir əndazəyə sığmayan ifadələr işlətmək, yaxın tariximizi təhrif etmək, yalan məlumatlar yaymaq böhtançı müəllifin və ya müəlliflərin çirkin məqsədlərindən xəbər verir. Azərbaycan Respublikasının vətəndaşlığını "özünə rəva bilməyən", ilk fürsətdə xidməti yerini tərk edərək qaçan fərari İsa Sadıqov kimilərin dövlətdən, dövlətçilikdən danışmağa mənəvi haqqı yoxdur. Belələrini xalqın, dövlətin mənafeyi yox, yalnız maddi gəlirləri düşündürür.
Ordudan fərarilik etmiş zabit İsa Sadıqovun sifarişli "məqaləsinin" nə qədər qərəzli və Azərbaycan xalqına, dövlətçiliyinə nifrətlə qələmə alındığını təkcə bir məqama diqqət çəkməklə də sübut etmək olar. Müəllif öz məqaləsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Eduard Şevardnadze ilə müqayisə edərkən ədalətsiz mühakimə yürüdür. Buna siyasi riyakarlıqmı, yaltaqlıqmı deyilməlidir, bilmirəm, ancaq bu, gün kimi aydındır ki, parçalanmaqda, dağılmaqda olan ölkəni Cənubi Qafqazın lider dövlətinə çevirən ulu öndər Heydər Əliyev və onun siyasətini yeni çalarlarla zənginləşdirərək davam etdirən Prezident İlham Əliyev olmuşdur. Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin özü də dəfələrlə qeyd etmişdir ki, Heydər Əliyev onlarca dövlət xadiminin idealı olacaq səviyyədə bir liderdir. "İyirminci əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir." - Bu sözlər də Eduard Şevardnadzeyə məxsusdur. Qonşu ölkənin indiki dövlət rəsmiləri də bildirirlər ki, bu gün Gürcüstanın bir dövlət kimi müstəqilliyini qoruyub saxlaması Azərbaycanın verdiyi ciddi dəstək nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Respublikası bu gün də Gürcüstana dəstəyini əsirgəmir və buna görə də rəsmi Tbilisi hər fürsətdə ölkəmizə təşəkkürünü bildirir.
Müstəqil Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir və istiqlalımızı gözü götürməyən, inkişafımızdan narahat olan, başda ermənilər olmaqla bütün düşmənlərimiz daim ulu öndərin xalqımız, dövlətimiz qarşısında göstərdiyi əvəzsiz xidmətlərə qısqanclıqla yanaşmış, ancaq həmişə milli naxələflərimizin əksinə olaraq, "Heydər Əliyev olmasaydı, müstəqil Azərbaycan olmayacaqdı" həqiqətini etiraf etmişlər. Nəinki düşmənlərimiz, ağılla, məntiqlə hadisələri qiymətləndirən istənilən xarici ölkə siyasətçiləri, diplomatları, ictimai xadimləri bu reallığı təsdiq edirlər. Son olaraq bu günlərdə Yaponiyanın Azərbaycanda ilk səfiri, Asiya-Sakit Okean Parlamentlər İttifaqının baş katibi Tetsuya Hirosenin ümummilli lider haqqında söylədiyi fikirləri sizinlə bölüşmək istərdim. O demişdir: "Prezident Heydər Əliyev xarizmatik, dünya miqyaslı strateq idi. Onun fövqəladə yaddaşı, uzaqgörənliyi, hamını heyran qoyan işgüzarlığı vardı. Heydər Əliyevin yorulmaq bilmədən Vətəni və xalqı üçün çalışması əsl vətənpərvərlik nümunəsi idi".
Həyatımda baş verən bir maraqlı məqamı da qeyd etmək istərdim. 2009-cu ildə təhsil aldığım akademiyanın 40 illik yubileyi ilə bağlı məni Qazaxıstan Respublikasına qonaq dəvət etmişdilər. Tale elə gətirib ki, mənimlə birlikdə təhsil alan şəxslər Qazaxıstan Respublikasının ən yüksək hakimiyyət eşalonlarında, o cümlədən Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsində yüksək vəzifələrdə çalışırlar. Onların ulu öndərimiz Heydər Əliyev və Prezident İlham Əliyev haqqında heyranlıqla söylədikləri fikirləri bu gün də xatırlayıram. Keçmiş tələbə yoldaşlarım bildirirdilər ki, torpaqlarınızın 20 faizinin işğal altında olması və çox böyük xarici təsirlərin müqabilində Azərbaycan təsəvvürə gəlməyəcək səviyyədə sürətlə inkişaf edir, regionun iqtisadi, siyasi, hərbi güc mərkəzinə çevrilir. Dəfələrlə qeyd edirdilər ki, sizin dövlətinizi möhkəm təməllər üzərində quran Heydər Əliyev kimi əbədiyaşar lideriniz, Prezident İlham Əliyev kimi yüksək intellektual səviyyəyə malik, Vətənini və xalqını hədsiz dərəcədə sevən, bacarıqlı dövlət başçınız və dinamik inkişaf edən ölkəniz vardır. Bu fikirləri eşidəndə, təbii olaraq, bir azərbaycanlı kimi qürur hissi keçirir, ümummilli liderimizlə, Prezidentimizlə və ölkəmizlə fəxr edirdim.
Təbii ki, İsa Sadıqov və onun kimi satqınlar, xəyanətkarlar bu hisslərdən uzaqdırlar. Əslində, onun və onun kimi digər saxta vətənpərvərlərin, xəyanətkarların radikal müxalifətin mətbuat orqanlarında dezinformasiya xarakterli iyrənc "məqalələr" dərc etdirməsi daxildəki və xaricdəki bəzi dairələrin və ermənilərin ölkəmizin sürətli inkişafından, siyasi-iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazanmasından təşvişə düşdüyünü göstərir, buna qısqanclıqla yanaşdıqlarını sübut edir. Həmin bədnam qüvvələr və onların ölkəmizdəki əlaltıları daim təxribat xarakterli yazıları hazırlayıb yayırlar. Onlar xalqımızın mənəviyyatını, əxlaqını məhv etməyi, müqəddəs hesab etdiyimiz dəyərlərimizi ləkələməyi, gözdən salmağı, bu yolla siyasi-iqtisadi, sosial-ictimai strukturlarımızı dağıtmağı, axır nəticədə isə ölkəmizi parçalamağı özlərinin əsas vəzifəsi hesab edirlər. Lakin İsa Sadıqov və onun kimi xəyanətkarlar bilməlidirlər ki, ölkəmizdə yaradılmış demokratik mühitdən istifadə edərək, milli mənafeyi şəxsi, qrup maraqlarına qurban verənlər, öz mənhus niyyətlərinə çatmaq üçün düşmən dəyirmanına su tökərək, Vətənimizin imicinə zərbə vuranlar həmişə xalqın nifrəti ilə qarşılaşmışlar. Şübhəsiz, onları da belə aqibət gözləyir.
{nl}
Kamal ƏLİYEV, istefada olan ədliyyə polkovnik-leytenantı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.