Yalançı vətənpərvərlik yaxud fərari İsa Sadıqovun bədnam keçmişindən bəzi xatırlatmalar

1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyi elan olundu. Müstəqilliyin ilk illərində bir-birini əvəz edən səriştəsiz rəhbərlərin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları, cəmiyyətdə xaosun yaranması və hökm sürməsinin səbəbləri haqda çox yazılıb, çox deyilib. Ancaq nə qədər çox deyilsə də, elə məqamlar olur ki, həmin dövrə qayıtmadan onlar haqda əsaslı yazmaq, danışmaq olmur. 
Bəli, bu, bir danılmaz faktdır ki, ölkəmiz 1993-cü ilin yayına qədər daxili çəkişmələrdən doğan ictimai-siyasi, hərbi böhranla, parçalanma təhlükəsi ilə üz-üzə qalmışdır. O vaxtkı rəhbərliyin səriştəsizliyi və qətiyyətsizliyi səbəbindən ölkədəki qeyri-sabit siyasi vəziyyət, Gəncədəki silahlı dəstələrin paytaxt Bakıya hərəkət etməsi, üstəlik, ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılması və sair neqativ halları fürsət kimi dəyərləndirən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar.
Bu ağır durumda xalq ayağa qalxıb, israrla ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrindən ibarət nümayəndə heyətləri Naxçıvana gedərək, xalqın bu xahişini ona çatdırdılar. Azərbaycanın bütün bölgələrindən Naxçıvana vurulan teleqramların, göndərilən məktubların sayı-hesabı yox idi. Ölkəni idarə etməkdə aciz qalan mövcud iqtidar da Heydər Əliyevin Bakıya gəlməsini ondan qətiyyətlə xahiş edirdi. Çünki başqa yol yox idi. Azərbaycanı düşdüyü vəziyyətdən yalnız o dahi şəxsiyyət çıxara bilərdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri böyük dövlət xadimi Heydər Əliyevə verildi. Ölkədə hərbi, siyasi böhran isə davam etməkdə idi. Bu böhranlı siyasi vəziyyətdən yararlanıb, hakimiyyətin yuxarı təbəqəsində özlərinə yer tutmaq istəyən separatçı qüvvələr hərəkətə gəlmişdilər. Bir neçə separatçı tərəfindən qondarma "Talış-Muğan Respublikası"nın elan edilməsi ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Ancaq Heydər Əliyev bir çox problemlər kimi, bu dəfə də xalqın yekdil dəstəyi ilə cənub bölgəmizdəki separatizmin genişlənməsinin qarşısını qətiyyətli, müdrik qərarları ilə aldı. Beləliklə, Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı.
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev ölkədəki mövcud durumu nəzərə alaraq demişdir: "Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün ictimai və siyasi təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq".
Ulu öndər Heydər Əliyev proqram xarakterli bu çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində özü fədakarlıqla çalışır, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmaqla bərabər, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğuna xüsusi diqqət yetirirdi. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi yönündə mühüm addımlar atılır, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrdən istifadə olunurdu. Nəhayət, gərgin əmək öz bəhrəsini verdi, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Bundan sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməklə yanaşı, ordumuzun elmi əsaslarla formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi mərhələsi başladı. Aparılan bu ardıcıl işlər nəticəsində bu gün əminliklə demək olar ki, güclü müdafiə qabiliyyətinə malik və işğal edilmiş torpaqlarımızı azad etməyə qadir olan ordumuz var və bu ordu müasir hərbi texnika ilə təchiz olunmuşdur. Silahlı Qüvvələrimiz uğurla NATO sisteminə uyğunlaşdırılır.
Ümummilli liderimiz Heydər Əliyevin yüksək peşəkarlıqla təməlini qoyduğu daxili və xarici siyasət bu gün də istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız tərəfindən yekdilliklə alqışlanır, dəstəklənir. Həmyerlilərimizin kompakt yaşadıqları ərazilərdə rifah halının yaxşılaşdırılması istiqamətində görülən davamlı işlər yüksək, minnətdarlıq hissi ilə qarşılanır. Bütün bunların, eləcə də hazırda ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən bu uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz beynəlxalq arenada iqtisadi-siyasi, sosial, mədəni və digər nailiyyətlərinə görə öz layiqli yerini tutmuş və gündən-günə mövqelərini gücləndirməkdədir.
Fərəh hissi ilə qeyd edilməlidir ki, ulu öndərimizin uğurlu xarici siyasəti qonşu Gürcüstan Respublikasının Borçalı mahalında yaşayan həmyerlilərimizdən də yan keçməmişdir. Məhz bu uğurlu siyasətin səmərəsi olaraq, oradakı həmyerlilərimizin sosial-iqtisadi rifahı yüksəlmiş, azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında rolu, nüfuzu artmış, üstəlik, Gürcüstan parlamentinə keçirilən seçkilərdə soydaşlarımızın azad, bərabərhüquqlu iştirakı təmin edilmişdir. Nəticə etibarı ilə, Gürcüstan parlamentində azərbaycanlı millət vəkillərinin sayı artmış, bu da öz növbəsində həmyerlilərimizin mövcud problemlərini dövlət səviyyəsində səsləndirməyə və həll etməyə imkan yaratmışdır. Oradakı həmyerlilərimiz hamılıqla ulu öndərimiz Heydər Əliyevin şəxsiyyətinə, nüfuzuna daim rəğbət bəsləmiş və onun ölməz ideyalarını qətiyyətlə dəstəkləmişlər. Bütün bunlara baxmayaraq, təəssüf hissi ilə qeyd edilməlidir ki, müstəqil dövlətimizin inkişafını qısqanclıq hissi ilə qarşılayıb, xaincəsinə ona kölgə salmaq istəyən, bu inkişafı, gündən-günə artan qüdrətimizi, görülmüş işləri gözdən salmağa cəhd edən, öz fərdi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutan "soydaşımız" da vardır.
Bu günə qədər xalqa və dövlətə heç bir xidmət göstərməmiş İsa Sadıqov dövrü mətbuatda həqiqətə uyğun olmayan, yaxın tariximizdəki sənədli faktları və olmuş hadisələri də kobud şəkildə təhrif edən məqalələrlə çıxış etməklə, cəmiyyətdə yanlış fikir yaratmaq və bununla öz fərdi ambisiyaları yolunda xalqdan dövlətə qarşı bir vasitə kimi istifadə etmək niyyətindədir.
1958-ci il iyunun 24-də Gürcüstan Respublikasının Saqaraco rayonunun Qambori qəsəbəsində anadan olmuş, 1979-cu ildə milliyyətcə rus olan Sadıqova (Zlobina) Diana Venyaminovna ilə ailə həyatı qurub Sovet ordusunda xidmətə başlayan, 1992-1995-ci illərdə Milli Ordumuzda xidmət edən Sadıqov İsa Nəzər oğlu dövri mətbuatda çap etdirdiyi yazılarında Azərbaycanda işlədiyi dönəmlərdə törətdiyi cinayət əməllərinə görə məhkum olunması faktına haqq qazandırmaq məqsədilə yalançı vətənpərvər roluna girərək, həmin dövrdəki siyasi prosesləri, xüsusilə atəşkəsin təmin edilməsi, dövlət çevrilişlərinə cəhd hadisələrinin qarşısının alınması, eləcə də döyüş qabiliyyətinə malik nizami ordunun yaradılması, habelə, ixtisaslı kadrların yerləşdirilməsi kimi dövlət əhəmiyyətli uğurları təhrif etməklə öz baxış bucağından şərh etməyə çalışmışdır.
Halbuki, İsa Sadıqovun kimliyini araşdırdıqda, ilk baxışdan onun cinayətkar keçmişi olan hərbçi, müharibə çətinliklərini yaşayan dövlətin ağır günlərində ordudan fərarilik edərək xarici dövlətə sığınan, yaşayış yeri ilə təmin edilmədiyini bəhanə edərək içdiyi hərbi anda dönük çıxan biri olduğunu görmək mümkündür. Hər bir azərbaycanlı, xüsusilə də, üzərinə vətənimizi qorumaq kimi müqəddəs vəzifə qoyulmuş polkovnik rütbəli bir hərbçi vətənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda ön cərgələrdə dayanmalı və xalqın ağrılı günlərində onunla bir yerdə olmalıdır.
Ancaq görünur, indi özünü peşəkar, vətənpərvər kimi göstərməyə və bununla da cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan İsa Sadıqov yaxın keçmişdə, xidmət etdiyi illərdə yol verdiyi səhvlərdən nəticə çıxarmayıb. Onun yaxın keçmişinə nəzər salsaq bu bədnam polkovnikin həyatında kifayət qədər cinayət faktları ilə rastlaşarıq. Qazax rayonu ərazisində yerləşən N saylı hərbi hissənin komandiri kimi, İsa Sadıqovun 1992-ci ildə birbaşa rəhbərliyi və göstərişi ilə Ermənistan Respublikasının Lələkənd istiqamətində aparılan döyüş əməliyyatı ağır məğlubiyyət və böyük tələfatla başa çatmışdır. Onun bu əməliyyatdakı fəaliyyəti tarixdə qara bir ləkə kimi qalıb və qalacaqdır. Həmin dövrü əhatə edən istintaq sənədləri məxfi sayıldığından incəliklərə vara bilmirik. Amma qısaca onu demək olar ki, 1992-ci ilin dekabr ayında aparılmış qeyri-peşəkar əməliyyat nəticəsində ordumuzun çoxlu sayda canlı qüvvəsi həlak olub, eyni zamanda, hərbi texnikalarımız qənimət kimi düşmənin əlinə keçib. Belə bir uğursuz əməliyyatın qızğın müharibə şəraitində olan ordumuzda necə ruh düşkünlüyü yaratmasını və bunun da, ümumilikdə döyüş qabiliyyətimizə hansı səviyyədə pis təsir göstərməsini isə xatırlatmağa lüzum yoxdur. Bunu hərbçilər, döyüş təcrübəsi olanlar, təhlilçilər çox yaxşı bilirlər. Bütün bunlar İsa Sadıqovun qeyri-peşəkar və səriştəsizliyini təsdiqləməklə, həm də onun tutduğu vəzifəyə yararsız olduğunun bariz göstəricisi sayıla bilər.
İsa Sadıqov isə belə uğursuz fəaliyyətindən ibrət götürmək, həlak olmuş əsgərlərimizin ruhu qarşısında xəcalət çəkmək əvəzinə, bu kimi çoxsaylı tarixi sənədli faktları təhrif etməklə məşğuldur.
O, dövri mətbuatdakı silsilə yazılarında ədalət mühakiməsini də ləkələməyə və barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 23 yanvar 1996-cı il tarixli hökmünə kölgə salmağa cəhd göstərir. Cinayət işinin materiallarından və şahid ifadələrindən isə görünür ki, İsa Sadıqov 2 iyul 1995-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini vəzifəsindən azad edilib. Ancaq o, MN-nin Artilleriya Qoşunları Komandanının müavini vəzifəsində saxlanılsa da, həmin tarixdən etibarən xidmət yerini özbaşına tərk edib. Bu səbəbdən 2 sentyabr 1995-ci ildə barəsində cinayət işi başlanmış və 23 sentyabr 1995-ci il tarixdə həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin "v" bəndi ilə (Zabitlər heyətindən olan şəxsin fərarilik etməsi) təqsirləndirilməsinə dair qərar çıxarılmışdır. Törətdiyi cinayət əməlinin sübuta yetirilmək üzrə olduğunu görən və bu gün özünü İsa Məsihin qiyafəsində göstərməyə çalışan İsa Sadıqov ədalətin qarşısına çıxmaq əvəzinə, çıxış yolunu qaçıb-gizlənməkdə görmüşdür. O, 20 sentyabr 1995-ci il tarixdə Gürcüstan Respublikasına gedib, orada isə toxunulmazlıq hüququ əldə etmək və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə parlament seçkilərində öz namizədliyini irəli sürmüşdür. Lakin istintaqdan yayındığına görə axtarışa verilmiş İsa Sadıqov hüquq-mühafizə orqanlarımızın səyi nəticəsində tutulmuş və 1 dekabr 1995-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin "v" bəndi ilə nəzərdə tutulan ittihamla həbs edilmişdir.
Tutulduqdan sonra İsa Sadıqovun qeyri-səmimilik göstərib, törətdiyi cinayət əməlini ucuz bəhanələrlə pərdələməyə çalışdığı da sirr deyil. Bu gün özünü ədalət carçısı, fədakar döyüşçü, vətənin ən ağır günlərində guya böyük işlər görmüş biri kimi göstərməyə çalışan İsa Sadıqov xidmətdən yayınmasını ona Bakı şəhərində ev verilməməsi, Gürcüstan Respublikasında valideynlərinin evi olduğundan daimi yaşayış yerinə qayıtmaq arzusu, eləcə də Azərbaycan Ordusunda onun üçün normal xidmət şəraitinin yaradılmaması ilə izah etməyə cəhd edib. Guya, o, bu səbəblərdən bir neçə dəfə ordudan tərxis olunmaq məqsədilə raport yazıb, amma buna əhəmiyyət verilməyib. Lakin istintaqla müəyyən edilmişdir ki, İsa Sadıqov ordu sıralarından tərxis olunması, eləcə də yaşayış yeri ilə təmin edilməsi ilə bağlı Müdafiə Nazirliyinə heç vaxt müraciət etməmişdir.
Göstərilən hallar iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmiləri, o cümlədən polkovnik Bəxtiyarov Nadir Musa oğlu, polkovnik İbrahimov Rafiq Nəcəfqulu oğlu, polkovnik-leytenant Əhmədov Murad Rəşid oğlu və digərləri tərəfindən də təsdiq edilmişdir. Rəsmi sənədlər və şahid ifadələri ibtidai istintaqda İsa Sadıqovu fakt qarşısında qoyduğundan 16 dekabr 1995-ci il tarixində barəsində olan cinayət işi baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına göndərildikdən sonra, o, özünə bəraət qazandırmaq məqsədilə xidməti iş yerinə çıxmamasını bu dəfə tamam başqa bir hadisə ilə əlaqələndirməyə çalışmışdır. İndi xaricdə komfort həyat sürən və orada oturub özünü "vətənpərvər" kimi göstərməyə çalışan İsa Sadıqov ibtidai istintaq zamanı ifşa olunduğunu görüb, məhkəmə iclasında başqa bəhanələr uydurmağa çalışıb. O, vəzifələrinin icrasından imtina etməsini Silahlı Qüvvələrin sabiq artilleriya komandanı, general-mayor Hacırəhim Məmmədovun Gəncə hadisələri zamanı həbs edilməsi ilə bağlamış və səlahiyyəti olmadığı halda, onun azadlığa buraxılması tələbini irəli sürərək yalnız bundan sonra xidməti yerinə qayıdacağını bildirmişdir. Bu tələbindən bu gün ona tribuna verən qüvvələrin xəbəri olub-olmadığı bəlli deyil, amma aydın olan budur ki, İsa Sadıqovun bu yalanı da məhkəmə araşdırması zamanı ifşa olunub. Beləliklə, onun ədalət mühakiməsini həqiqətdən yayındırmaq cəhdi məhkəmədə baş tutmamışdır. Çünki araşdırmalar zamanı general-mayor Hacırəhim Məmmədovun 1994-cü ilin oktyabr ayında Gəncə şəhərində dövlət çevrilişinə cəhd hadisələri ilə əlaqədar həbs edildiyi, İsa Sadıqovun isə bu hadisələrdən təxminən 8-9 ay sonra məlum tələblə çıxış etməsi sübuta yetirilib. Dövlət çevrilişinə cəhd hadisələrinin iştirakçısı olmuş şəxsin azadlığa buraxılmasını tələb etmək hüquqi nonsensdir.
Nəhayət, 23 yanvar 1996-cı il tarixdə məhkəmə istintaqı da başa çatdırılmış və İsa Sadıqov nə qədər məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, ədalət öz yerini tapmışdır. Məhkəmə İsa Sadıqovun törətdiyi cinayət əməlinə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 244-cü maddəsinin "a" bəndi (öz bədəninə xəsarət yetirmə yolu ilə və ya sair üsulla hərbi qulluqdan boyun qaçırma) ilə qiymət verərək, onu 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.
Bəli, istər istintaq sənədləri, istərsə də real araşdırmalar təsdiqləyir ki, İsa Sadıqov nazir müavini vəzifəsinin icrasından Silahlı Qüvvələrin artilleriya komandanının müavini vəzifəsinə, yəni məhz aşağı vəzifəyə keçirildiyi gün xidməti vəzifələrini yerinə yetirməkdən imtina etmişdir. Bu fakt isə İsa Sadıqovun əsl niyyətini ortaya çıxarır. Yüksək vəzifə hərisi olan keçmiş polkovnikin xidmətdən yayınma səbəbi tamamilə onun əsassız iddialarından qaynaqlanıb, o, aşağı vəzifəyə keçirilməsini həzm edə bilməyib. İndi xaricdə antiAzərbaycan dairələrə sığınmış İsa Sadıqovun bu gün oradan Azərbaycan cəmiyyətini çaşdırmağa yönəlmiş məqalələrində əsl həqiqətləri gizlədib, bir çox hadisələri təhrif etməsi, ölkəni parçalanma, vətəndaş qarşıdurması təhlükəsindən qurtaran, böyük inkişafa nail olmuş dövlət və ictimai xadimlərimizə böhtan atması, onun zabit şərəfini ayaqlar altına atmasından xəbər verir. Əgər İsa Sadıqov özünü həqiqət carçısı və ya ədalətli insan sayırsa, ilk öncə yanlış taktiki manevrləri ilə çoxsaylı əsgərlərimizin həlak olmasından, xeyli texnika və hərbi-sursatlarımızın düşmən əlinə keçməsindən söz açsın, həlak olmuş əsgərlərimizin ailələrinə hesabat versin. Ölkədən kənarda düşmən süfrəsinin tör-töküntüsü ilə dolanıb, Vətənə, xalqa, millətin şərəfli övladlarına böhtan atmazlar, fərari Sadıqov!
Unutmayın, Vətən, onu qoyub qaçanları yox, dar gündə onun daşına da, torpağına da, ağrısına da, acısına da qucaq açanları bağrına basır!

{nl}

Cəfər CƏFƏROV, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəisi, ədliyyə polkovniki

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında