Güclü iqtisadiyyatdan - lider dövlətə: Azərbaycan seysmologiyası inkişaf mərhələsində

Azərbaycan istər yerləşdiyi coğrafi məkana, istərsə də apardığı uğurlu daxili və xarici siyasət kursuna, eləcə də inkişaf edən iqtisadiyyatına görə regionun lider dövlətidir. Bu gün regionda baş verən proseslərdə Azərbaycanın tutduğu mövqe və iradəsi böyük əhəmiyyət daşıyır. Bu isə ölkəmizin perspektivləri ilə bağlı daha böyük ümidlər yaradır. 
1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında qarant rolunu oynadı. Bir çox sahələr kimi, seysmologiya sahəsində də əldə olunmuş uğurlarda ümummilli liderimizin böyük əməyi və rolu əvəzsizdir. 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər respublikada seysmik xidmətin işinin modernləşməsi məqsədi ilə yeni cihazların alınması üçün göstəriş vermişdi. 2001-ci ildə ən müasir seysmik stansiyaların alınması uçun tender elan edildi və nəticədə ilkin olaraq, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) üçün ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alındı.
AzərTAc AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişlinin sahənin inkişafından bəhs edən məqaləsini təqdim edir.
* * *
Azərbaycanda seysmologiyanın inkişafı Prezident İlham Əliyevin də diqqətindədir. Seysmoloji tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ildən başlayaraq dövlət başçısının tapşırığına əsasən hökumət tərəfindən maliyyə vəsaiti ayrılmış və Azərbaycanda telemetrik seysmik stansiyaların sayı 31-ə çatdırılmışdır. Bu stansiyaların 4-ü blokada şəraitində yaşayan Naxçıvan MR ərazisində yerləşir. Onların vasitəsi ilə mərkəzimiz tərəfindən ən kiçik təkanlar belə qeydə alınır. 2011-ci ildə əlavə 4 dəst telemetrik seysmik stansiya alınmışdır. Yaxın zamanlarda bu stansiyalar Yardımlı, Beyləqan, Ağdam və Füzuli rayonlarının ərazisində quraşdırılacaqdır. Bundan başqa, 25 GPS stansiyası alınmış və artıq bu stansiyaların ölkə ərazisində quraşdırılmasına başlanılmışdır. Cari ildə bir neçə geofiziki stansiyanın alınması da nəzərdə tutulur.
Onu da vurğulamaq lazımdır ki, seysmik stansiyalar şəbəkəsinin genişlənməsi Yer daxilində baş verən proseslərin öyrənilməsi keyfiyyətinin daha da yüksəlməsinə gətirib çıxarmışdır.
Bi il ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya quraşdırılacaqdır ki, bu da dənizdə baş verən zəlzələlərin daha yaxşı öyrənilməsi imkanı yaranacaqdır. Xəzər hövzəsində zəlzələ ocaqları ilə bağlı ilk belə stansiyaların "Ümid", "Şahdəniz" və "Azəri" yataqları ətrafında quraşdırılması planlaşdırılır. Dənizdibi seysmik stansiyaların quraşdırılması işlərinə yaxın vaxtlarda başlanması nəzərdə tutulur.
Gələcəkdə dənizdə quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin genişləndirilməsi istisna deyildir. Bu telemetrik seysmik stansiyalar seysmik təkanları real vaxt çərçivəsində qeydə almağa, zəlzələ ocaqlarının parametrlərini dəqiq öyrənməyə, potensial gücünü müəyyən etməyə, neft-qaz kəşfiyyatı və qazma işləri aparılarkən ərazinin seysmikliyini müəyyən etməyə, platformaların, eləcə də neft qurğularının seysmikliyə davamlılığını təmin etməyə, respublika ərazisinin bu və ya digər bölgələrində seysmik vəziyyətin dəyişməsini operativ qiymətləndirməyə imkan verir. Seysmoloji tədqiqatlarla birlikdə AMEA RSXM-də güclü və hiss olunan zəlzələlərin qısamüddətli və uzunmüddətli proqnozu metodikasını hazırlamaq məqsədilə seysmogen zonalarda tədqiq olunan sahələrdə seysmoanomal effektlərin aşkarlanması və seymogen zonaların deformasiya - gərginlik vəziyyətinin qiymətləndirilməsi üzrə böyük kompleks geofiziki, geokimyəvi işlər aparılır. Kompleks seysmoproqnostik işlər özündə geomaqnit sahə gərginliyinin, yerin qravitasiya sahəsinin, hidro-qazo və radiogeokimyəvi tədqiqatların monitorinqlərini əhatə edir.
Seysmoloji Mərkəzdə seysmologiya ilə yanaşı, geokimyəvi, geofiziki tədqiqatlar da aparılır. Hazırda bu sahələrdə də işin keyfiyyətinin yüksəldilməsi üçün yeni müasir cihazların alınması və quraşdırılması prosesi gedir. 2012-ci ildən Azərbaycan ərazisində geofiziki tədqiqatları genişləndirmək məqsədi ilə yeni GPS stansiyaların quraşdırılmasına başlanılıbdır. Bu stansiyaların quraşdırılması Mərkəzimizdə zəlzələlərin kompleks tədqiqi üçün geniş imkanlar yaradacaq. Mərkəzimiz ölkəmizdə fəaliyyət göstərən bir sıra təşkilatlarla yaxından əməkdaşlıq edir. Bunların sırasında AMEA Geologiya İnstitutu ilə aparılan tədqiqatların xüsusi yeri vardır. Bundan başqa, əməkdaşlıq etdiyimiz təşkilatlar arasında AMEA Kibernetika İnstitutu, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər təşkilatların adını çəkmək olar.
AMEA RSXM ölkənin əsas seysmoloji təşkilatı olaraq postsovet, eləcə də, bir sıra Avropa ölkələri və Yaxın Şərq məkanında seysmoloji xidmətlər sırasında liderdir. Burada seysmik sahələrin statik dinamik-kinematik parametrlərinin öyrənilməsi, zəlzələ ocaqlarının mexanizminin təhlili, seysmotektonik elementlərin dəqiqləşdirilməsi, infrastruktur obyektlərində seysmik risk və aktivliyin qiymətləndirilməsi və digər sahələr üzrə elmi tədqiqat işləri inkişaf etdirilir.
2010-cu ildən başlayaraq planlı şəkildə, ilboyu seysmogeokimyəvi monitorinq məlumatlarının operativ, kompleks interpretasiyasının yeni texnologiyası yaradılmış və tətbiq edilmişdir. Seysmogeokimyəvi monitorinqin (gündə 142 parametr) faktiki materialının gündəlik işlənməsinin riyazi proqram təminatı yaradılmışdır. 2009-cu ilin ortalarından başlayaraq bütün proses avtomatlaşdırılmışdır.
Elmi tədqiqatların genişləndirilməsi üçün Mərkəzimiz Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihələrində iştirak edir. Mərkəz 2010/2011-ci illərdə Fond tərəfindən keçirilən müsabiqədə 2 qrant layihəsinin qalibi olmuşdur.
AMEA RSXM-in yüksək ixtisaslı elmi-texniki heyətində çoxsaylı elmlər doktorları və elmlər namizədləri çalışırlar. Seysmoloji Mərkəzdə əldə edilən elmi nəticələr çoxsaylı beynəlxalq konfranslarda məruzə edilmiş, ölkədaxili və xarici mətbuatda geniş şərh olunmuşdur. Mərkəzin nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nəticəsi olaraq, 2008-ci ildə təşkilat iki mühüm beynəlxalq seysmoloji quruma - İRİS (Amerika Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu) və ORFEUS (Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi) həqiqi üzvü seçilmişdir. Təşkilat NATO-nun "Sülh naminə tərəfdaşlıq Proqramı" çərçivəsində layihələrdə iştirak edir.
AMEA RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən də maraqla qarşılanır. Hazırda AMEA RSXM 15-dən çox ölkənin seysmoloji-geofiziki mərkəzləri ilə əməkdaşlıq edir. Onların arasında ABŞ, Yaponiya, Türkiyə, İspaniya, Bolqarıstan, Rusiya, Gürcüstan, Belarus, Özbəkistan və digər ölkələr var.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin uğurlarından biri də ABŞ-ın "Kinemetriks" şirkəti ilə əldə olunmuş razılaşmadır. Artıq bu şirkətin istehsal etdiyi telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması prosesində azərbaycanlı mütəxəssislərin təcrübəsindən də istifadə edilir.
2012-ci il martın 12-19-da RSXM-in episentral şöbəsinin müdiri H.Tağıyev və zəlzələlərin tədqiqi bürosunun əməkdaşı V. Fərəcov Birləşmiş Ərəb Əmirliklərində səfərdə olmuşlar. Azərbaycanlı seysmoloqlar Əbu-Dabi şəhərində yeni telemetrik seysmik stansiyaların quraşdırılması prosesində iştirak etmiş, həmçinin avadanlığın iş prinsipi ilə bağlı yerli mütəxəssislər üçün təlim-treninqlər keçirmişlər.
Əvvəllər RSXM-in texniki baxımdan imkanları geniş olmadığından baş verən zəlzələlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında da müəyyən ləngimələr baş verirdi. Artıq bu problemlər ortadan qalxıb və Mərkəzdə fəaliyyət göstərən telemetrik seysmik stansiyalar vasitəsi ilə ən xırda təkanları belə qeydə almaq mümkündür. Bu gün Mərkəzimiz tərəfindən qeydə alınan zəlzələlər barədə məlumatlar operativ şəkildə RSXM-in www.seismology.az rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətin diqqətinə çatdırılır.
Mərkəzimizdə çalışan alimlərimizin elmi məqalələri bir sıra xarici ölkələrin elmi jurnal və bülletenlərinə də daxil edilmişdir.
Mərkəzimiz tərəfindən ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2010-cu ilə qədər baş vermiş güclü zəlzələlərin xəritəsi hazırlanmışdır.
Azərbaycan seysmoloqlarının əldə etdiyi uğurlar başqa ölkələrdə də maraq doğurur. 2011-ci ildə Yaponiyanın Şineyei Kaisa və Oyo İnternational sirkətlərinin seysmoloq alimləri Azərbaycana səfər edərkən RSXM-də əldə olunan nəticələri yüksək qiymətləndirmişlər. Tərəflər arasında seysmoloji tədqiqatlar və texniki əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə də Yaponiya ilə birgə Bakı şəhərinin seysmik mikrorayonlaşdırma işlərinin aparılması planlaşdırılmışdır.
Bu yaxınlarda AMEA RSXM-la geniş texniki imkanlarını və apardıqları tədqiqat işlərinin aktuallığını və yüksək səviyyədə olmasını nəzərə alaraq birgə əməkdaşlıq məqsədi ilə ABŞ-ın Miçiqan Universitetinin professoru Kevin Makkey, Missuri Universitetinin professoru Erik Sondvol, Arizona Universitetinin nümayəndəsi Con Nabelek, ABŞ Yer Təhlükəsizliyi Tədqiqat Mərkəzinin direktor müavini Elen Vergino və Gürcüstan Yer Elmləri İnstitutunun direktor müavini Tea Godoladze Azərbaycanda səfərdə olmuşlar. Səfər çərçivəsində "Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və seysmogen zonaların dərinlik quruluşunun öyrənilməsi" layihəsi müzakirə edilmişdir. Azərbaycan, Gürcüstan və ABŞ-dan olan seysmoloq alimlərin iştirakı ilə layihənin icrasına bu ilin sonları, gələn ilin əvvəllərindən başlanılması nəzərdə tutulmuşdur.
Mərkəzimiz tərəfindən 2012-ci il oktyabrın 7-12-də 1902-ci ildə baş verən Şamaxı zəlzələsinin və Azərbaycanda seysmoloji tədqiqatlara başlanılmasının 110 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Həmin konfransa çoxsaylı yerli və xarici ölkə seysmoloqları dəvət olunacaqlar.
Bu gün Azərbaycan seysmoloqları respublikada seysmologiyanın inkişafı, seysmik stansiyaların dünya standartları səviyyəsinə çatdırılması istiqamətində islahatları uğurla davam etdirirlər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında