Şriftin ölçüsü:
14.04.2012 03:46 | Oxunma sayı: 429
2007-ci ildən Bakının Xətai rayonu ilə qardaşlaşmış Türkiyə Respublikasının Tarsus şəhərinin rəhbərliyi bu münasibətlərə öz töhfəsini verməyə şəhərdə türk dünyasının böyük öndərlərindən biri, ümummilli lider Heydər Əliyevin adını daşıyacaq əzəmətli körpünün salınması ilə başladı.
Ötən ilin martında Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun və Milli Məclisin üzvü Hüseynbala Mirələmovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən körpünün təntənəli açılışında Tarsus şəhər bələdiyyəsi bu əlaqələrin mökəmləndirilməsinə xidmət edəcək daha bir qərar verdi - ulu öndərin adını daşıyan yeni körpünün yaxınlığında 2 hektar ərazidə yeni park salınsın və burada Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi ucaldılsın.
Münasibətlərin davamı olaraq dünən Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Tevfik Uzun və Tarsus şəhər bələdiyyəsinin sədri Burhanettin Qoçamazın rəhbərlik etdiyi böyük nümayəndə heyəti Bakıya, qardaşlaşdığı Xətai rayonuna işgüzar səfərə gəlmişdir. Rayon icra hakimiyyətinin iclas salonunda Azərbaycanın millət vəkilləri Hüseynbala Mirələmov və Gülər Əhmədovanın, Xətai və Əhmədli qəsəbə bələdiyyələrinin rəhbərlərinin və icra hakimiyyəti aparatının məsul işçilərinin iştirakı ilə keçirilən tanışlıq görüşündə Razim Məmmədov qonaqları salamlayaraq bildirdi ki, tarsunlu türk qardaşlarımızı Azərbaycanın paytaxtında və xüsusilə Xətai rayonunda görməkdən çox məmnunuq. Şübhə etmirik ki, uzun illər bir-birindən ayrı salınmış eyni bir millətin övladlarının bu cür işgüzar münasibətlər qurması onlara uzun illərin həsrətini unutdurmaqla yanaşı, həm də ölkələrimizin bir-birinə daha da yaxınlaşması, mədəni, sosial-iqtisadi münasibətlərimizin daha da inkişaf etməsinə böyük töhfələr verəcəkdir.
Tarsus şəhər bələdiyyəsinin sədri Burhanettin Qoçamaz da öz növbəsində qeyd etdi ki, xatirəsi türk dünyası üçün əziz olan Heydər Əliyevin dediyi kimi biz "bir millət-iki dövlət" olaraq aramızda salınmış məsafələri tamamən dəf etmək, bir-birimizə daha yaxın olmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Türk dünyasının həsrətlərini aradan qaldırmalı, ölkələrimizin sınırlarını rəmzi bir bölgüyə çevirməliyik. Bunun üçün istər iqtisadi, istərsə qarşılıqlı mədəni tədbirlər daha sıx-sıx keçirilməlidir. Bizim Xətai rayonu ilə qardaşlığımız Azərbaycan-Türkiyə münasibətlərinin bir parçasıdır. Biz əminik ki, Bakıda səfərdə olduğumuz üç gündə ilk növbədə Xətai rayonunu, daha sonra Bakını daha yaxından tanıyacağıq.
Görüşdə iştirak edən hər iki tərəfin nümayəndə heyətlərinin üzvlərinin təqdimatından sonra səfər proqramına start verildi. Proqrama əsasən ilk ziyarət yeri Fəxri Xiyaban oldu. Ümummilli lider Heydər Əliyevin məzarı üzərinə tər çiçək dəstələri qoyan qonaqlar ulu öndərin ruhuna dualar oxuyub müqəddəs xatirəsi qarşısında baş əydilər. Sonra Tarsus bələdiyyəsinin nümayəndə heyəti görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib önünə tər çiçək dəstələri qoydu.
Türkiyəli qonaqların növbəti ziyarət yeri isə Şəhidlər Xiyabanı oldu. Nümayəndə heyətinin üzvləri 20 Yanvar və Qarabağ şəhidlərinin xatirəsini yad edib məzarları üzərinə güllər qoydular. Bununla yanaşı, qonaqlar Azərbaycanın istiqlalı uğrunda şəhid olmuş qardaş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib önünə tər çiçək dəstələri qoydular. Daha sonra Tarsusdan gəlmiş nümayəndə heyətinin üzvləri buradan Bakının əzəmətli mənzərəsini seyr etdilər. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qonaqlara son 10 ildə paytaxtda aparılmış yenidənqurma və tikinti işləri barədə məlumat verdi və xiyabandan onlara XXI əsrin tikililərini göstərdi. Türkiyəli qonaqlar az bir vaxtda Bakıda görülən işlərin miqyasından məmnun olduqlarını, hətta heyrətləndiklərini belə gizlətmədilər.
Tarsuslu qonaqlar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Bakıdakı əzəmətli abidəsini də ziyarət etdilər. Böyük öndərin abidəsi önünə tər çiçək dəstələri qoyan qonaqlar, onun müqəddəs xatirəsi qarşısında baş əydilər.
Xətai rayonu ilə qardaşlaşmış Tarsus şəhər bələdiyyəsinin ilk səfər gününün ikinci yarısı işgüzar görüşlərlə davam etdi. İcra hakimiyyətindən bildirdilər ki, paytaxtımızda olacaqları qarşıdakı üç gündə qonaqları Heydər Əliyev Fondu, Dövlət Bayrağı Meydanı, Nobel qardaşlarının ev muzeyi, Xətai rayonundakı sosial-mədəni obyektlərlə tanışlıq, bir sıra digər işgüzar görüşlər və danışıqlar gözləyir.
Tarsuslu qonaqlarla görüşlərdə Azərbaycanın millət vəkilləri Hüseynbala Mirələmov və Gülər Əhmədova, Xətai və Əhmədli qəsəbə bələdiyyələrinin rəhbərləri və icra hakimiyyəti aparatının məsul işçiləri də iştirak edirdilər.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.