Lerikdə Milli Qəhrəmanın xatirə günü qeyd olundu

Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Valeh Müslümovun şəhidlik zirvəsinə ucalmasından 20 il ötür. Mənfur düşmənlərimizin dövlətimizə qarşı əsassız ərazi iddiaları nəticəsində alovlanan Dağlıq Qarabağ müharibəsində bütün igid oğullarımız kimi, Valeh də torpaqlarımızın müdafiəsinə qalxmışdı. 
Valeh Şuşa, Xocalı, Tovuz, Füzulu, Qubadlı, Zəngilan və Ağdərə ərazilərində mərdliklə vuruşmuş, bir-birindən çətin döyüş əməliyyatlarında fərqlənmişdir. 1992-ci il aprelin 8-dən 9-na keçən gecə isə o, Vətənə can borcunu şərəflə ödədi. Ağdərənin Marquşevan kəndi uğrunda qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümunəsi göstərən dağlar oğlu 11 şəhid və yaralı silahdaşını atəş zonasından uzaqlaşdırmağa nail oldu. Yalnız axırıncı yoldaşını xilas edərkən ağır yaralandı və onun Vətən eşqilə döyünən ürəyi dayandı.
...Xatirə gününün iştirakçıları Milli Qəhrəmanın Lerik şəhərindəki abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular. Rayon icra hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov mərasimi açaraq Valeh Müslümovun qısa, lakin mənalı ömür yolundan danışdı. O dedi ki, Valeh 1968-ci il sentyabrın 2-də Lerik şəhərində dünyaya göz açıb. 1983-cü ildə şəhər 2 saylı orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıtdakı 17 saylı peşə məktəbinə daxil olub. Orada təhsil aldığı zaman həm də idmançı kimi tanınıb. Əmək fəaliyyətinə tikinti trestində başlayıb, 1986-1988-ci illərdə ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra yenidən Sumqayıta qayıdan Valeh 1991-ci ilin avqustunda Qarabağa yollanaraq Vətən uğrunda döyüşlərə atılıb. Daim nümunəvi xidməti ilə fərqlənib, əla döyüşçü keyfiyyətləri nümayiş etdirib. Marquşevanda son döyüşünə yollanan igid eloğlumuz orada müqəddəs şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 1992-ci il aprelin 10-da canından çox sevdiyi Vətən torpağına tapşırılıb.
Valeh Müslümovun igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Mərasimdə xüsusi vurğulandı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olan insanlara yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həlli üçün mühüm tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli bina, yüzlərlə fərdi yaşayış evi tikilərək onların istifadəsinə verilir. Hər bir şəhid ailəsinə xüsusi təqaüd təyin olunub, Vətən yolunda canından keçənlərin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.
Tədbirdə Lerik rayon prokuroru S.Səmədov, səfərbərlik və hərbi xidmətə çağırış şöbəsi rəisinin əvəzi, kapitan E.Cəfərov, YAP rayon təşkilatının sədri E.Qənbərov, ağsaqqal A.Babayev, jurnalist H.Abbasov çıxış edərək Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yoluna nəzər saldılar, onun həyatının bütün gənclərə nümunə olduğunu qeyd etdilər. Bu kimi tədbirlərin böyük önəm daşıdığını, gənc nəslin əsl vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını söylədilər.
Milli Qəhrəmanın atası Əlizahid Müslümov göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Oğlunun xatirəsinin əziz tutulması üçün rayonda həyata keçirilən tədbirlərdən razılıq ifadə etdi.
Mərasimdə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev bildirdi ki, Azərbaycanın ilk milli qəhrəmanlarından olan Valeh Müslümovun adına Lerikdə küçə və məktəb var. O, bütün xalqın oğludur: "Torpaq, uğrunda ölən varsa, Vətəndir", - deyiblər. Biz də işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirib, lazım gələrsə, şəhid olmağı da bacarmalıyıq.
Mərasimdən sonra Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində onun xatirə muzeyinin təntənəli açılışı oldu. Tədbir iştirakçıları Valeh Müslümovun həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular.
Həmin gün Milli Qəhrəmanın yaxınları və tədbir iştirakçıları şəhidin məzarını da ziyarət etdilər, xatirəsi önündə ehtiramla baş əydilər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında