Onlar müasir dövrlə ayaqlaşa bilmirlər
{nl}
Azərbaycanda demokratikləşmənin inkişafı beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Hətta dünyanın tanınmış ictimai - siyasi xadimləri və ekspertləri də ölkəmizdəki inkişafı, demokratik dəyərlərə böyük önəm verilməsini, insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən əhəmiyyətli tədbirləri dəyərləndirərək bildirirlər ki, Azərbaycan bu gün Avropanın inkişaf etmiş dövlətləri ilə eyni sıradadır.
Ölkəmizdə söz və mətbuat azadlığına, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə yaradılan şərait, minlərlə məhbusun əfv edilərək azadlığa buraxılması, digər tədbirlər demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi inkişaf etmiş dövlətlərlə əlaqələrimizi daha da genişləndirib. Yeri gəlmişkən qeyd edək ki, 1995-ci ildən bu vaxta qədər 51 Amnistiya aktı və əfv fərmanları imzalanmış və bunun nəticəsində 5 mindən artıq məhbus öz ailəsinə qovuşmuşdur.Bu fakt ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından xəbər verir.
Azərbaycanın dünya birliyinə sürətlə inteqrasiya etdiyi və inkişaf etmiş dövlətlərin maraq dairəsində olduğu bir vaxtda köhnə təfəkkürlü müxalifətin öz əski "ideyalarını" yenidən ortalığa atmaları cəmiyyət tərəfindən istehza ilə qarşılanıb. Kökdən düşmüş pianonu xatırladan, mənəvi cəhətdən qocalmış müxalifət liderləri heç bir əsas olmadan xalqı mitinqlərə çağırır, özlərini canıyanan kimi göstərməyə cəhd edirlər. Cəmiyyətin yeniləşdiyi, köhnəliyə birdəfəlik son qoyulduğu, müasir dövrün tələblərinə cavab verən yeni-yeni layihələrin həyata keçirildiyi bir dövrdə "kökdən düşmüş pianolar", insanların əsəblərini korlayan səslərlə, mitinqə çağırışlarla yenidən könül bulandırmağa başlayıblar. Onlar hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir miyondan artıq soydaşımızı öz doğma yurdlarından didərgin salan "zavallı" ermənilərin halına yanan, ikili mövqe nümayiş etdirən beynəlxaq qurumların ölkəmiz haqqında yalan və böhtanla dolu hesabatlarını əldə əsas tutaraq, çaşqınlıq yaratmağa cəhd göstərir, həyata keçirilən islahatlara kölgə salmağa çalışırlar. Adlarını insan hüquqlarının müdafiəçisi qoyan belə qeyri-hökumət təşkilatlarının yalan və qərəzli hesabatlarına artıq heç kim inanmır. Çünki onların hesabatları köhnə təfəkkürlü müxalifətin yalan məlumatları əsasında hazırlanır. Belələrindən bəzilərini diqqətə çatdırmaq istərdik. Məsələn, "Freedom House" təşkilatı və onun islamofob rəhbəri Devid Kramer Azərbaycanda dağıdıcı və saxtakar, xəyanətkar və yalançı kimi tanınan bəzi qrupların qərəzli məlumatları əsasında hesabat hazırlayır, özünü mənəvi cəhətdən qocalmış müxalifətin səviyyəsinə endirərir qərəzli, qeyri-obyektiv məlumatlar yayır. O, bir çox ölkələrdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı faktların üzərindən sükutla keçir, ermənilərin törətdikləri vəhşilikləri, bəşəri cinayətləri "görmür", hesabatlarının Azərbayacanla bağlı hissəsini qərəzli şəkildə siyasiləşdirir və ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışır. "Faktların" isə Azərbaycan müxalifəti tərəfindən verildiyini bildirir.
"Human Rigts Watch", "Amnesty İnternational" və "Sərhədsiz Reportyorlar" kimi təşkilatlar da ciddi sosioloji araşdırma aparmadan adlarını müxalifət qoyan bir qrup xəyanətkarın və onların himayəsində olan qəzetlərin ötürdükləri "faktlar" əsasında qərəzli hesabatlar hazırlayır və Azərbaycan həqiqətlərini təhrif edirlər. Ölkəmiz haqqında qərəzli fikirlər səsləndirən belə qurumlara, həmçinin bəzi ölkələrin hüqüq müdafiəçilərinə ən tutarlı cavabı elə onların öz həmfikirləri verirlər. Məsələn, Alman bundestaqının deputatı Kartin Verner, belə beynəlxalq qurumlarla yanaşı, hətta öz ölkəsinin Azərbaycan haqqında yalan, qərəzli məlumat yayan dövlət rəsmiləri və hüquq müdafiəçilərini də ifşa edərək deyib:" Öz ölkəsində insan hüquqlarının pozulmasına - uşaqlar arasında kütləvi yoxsulluğa , 7 milyon insanın seçki hüququnun olmamasına göz yumanlar, habelə mühacirlərə qarşı nasist terrorunun ciddiliyini azaldanlar başqa ölkələr haqqında ümumiləşdirici mülahizələr yürüdə bilməz. Uğurlar və problemlər bərabərhüquqlu tərəfdaş dialoqu çərçivəsində açıq şəkildə müzakirə olunmalıdır. Azərbaycanda insanların iqtisadi, sosial və mədəni hüquqları sahəsində vəziyyət yaxşılaşmışdır. İşsizlik və yoxsulluq xeyli azalmış, əhalinin gəlirləri artmışdır." Almaniyalı deputatın açıqlamaları eyni zamanda Azərbaycanın radikal müxalifəti üçün də tutarlı cavabdır. Azərbaycanda demokratik dəyərlərə böyük üstünlük verilir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən daxili və xarici siyasətin də prioritetini məhz bu təşkil edir. Radikal müxalifət hələ də dərk etmir ki, indiki şəraitdə dünya birliyində yalnız demokratik prinsiplərə xüsusi önəm verən ölkələrlə əməkdaşlığa daha çox maraq göstərilir. Azərbaycanla əməkdaşlıq etmək istəyində olan ölkələrin saynın getdikcə artması da məhz bu inkişafın təzahürüdür. Artıq beynəlxalq aləmə də bəllidir ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxartmaqda, cəmiyyətə çatdırmaqda azaddır. Bu baxımdan bəzi xarici təşkilatların, beynəlxalq və yerli dairələrin "Azərbaycanda söz, mətbuat azadlığı yoxdur" fikri cəfəngiyyatdır. Onların hazırladıqları hesabatlar, yaydıqları bəyanatlar, məlumatlar subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir.
Radikal müxalifətin, xüsusilə AXCP sədri Əli Kərimlinin Azərbaycanda seçkilərin saxtalaşdırılması, korrupsiya və rüşvətxorluğun "tüğyan etməsi" barədə dedikləri ölkədə qarşıdurma yaratmaq məqsədi daşıyır. Yəqin ki, nə Əli Kərimli, nə də İsa Qəmbər 1992-ci ildə keçirilmiş prezident seçkilərini unutmamışlar. Azərbaycanın tarixində hələ bu şəkildə saxta seçki keçirilməsi müşahidə olunmayıb. AXC üzvləri özləri deyirdilər ki, seçicilər kimə səs verir, qoy versin. Onsuz da qutudan Əbülfəz Elçibəy çıxacaq. Elə İsa Qəmbərin Ali Sovetin sədrliyinə "seçkisi" zamanı da Arif Hacılının dedikləri yaddaşlardan silinməyib. O, tribunadan dedi ki, Ali Sovetin sədri İsa Qəmbər olacaq. Bu barədə bir neçə xarici ölkə ilə razılaşmışıq. Məgər Azərbaycanda seçkiləri xarici ölkələr keçirirdi? Ona görə də bu gün belələrinin azad, demokratik seçkidən, demokratiyadan danışmağa mənəvi haqqı çatmır. AXC-Müsavat hakimiyyəti dövründə dövlət malını talama, rüşvətxorluq, vəzifəyə pulla təyin olunma açıq şəkil almışdı. Ölkədə baş alıb gedən soyğunçuluğa, dövlət malının talanmasına, özbaşınalığa və korrupsiyaya qarşı mübarizədə Prezident Əbülfəz Elçibəy öz komandasının öhdəsindən gələ bilmədi. Axırda hakimiyyəti atıb gecəykən Kələkiyə qaçdı. Belə faktlar istənilən qədərdir. Bütün bunlar heç kimin yadından çıxmayıb. İndi həmin adamların yenidən hakimiyyət davası etməsi və indiki iqtidarın həyata keçirdiyi siyasi xəttə qarşı çıxması gülünc görünür. 20 il əvvəl yığdıqlarını hələ də xərcləyib qurtara bilməyənlər öz gözlərində tiri qoyub başqalarının gözündə tük axtarırlar. Onların aprelin 8-də keçirdikləri mitinq də təsdiqlədi ki, xalqın belələrinə inamı tamamilə itib. Mitinq təçkilatçıları olan Əli Kərimli, İsa Qəmbər və qeyriləri artıq mənəvi cəhətdən qocalıb əldən düşmüş, xəstə təxəyyüllü müxalifət hesab olunurlar. Onların çağırışı və ya təhriki ilə Azərbaycanda hər hansı bir siyasi prosesin, dəyişikliyin baş verməsi qeyri-mümkündür. Çünki onların yeni ideyaları yoxdur. Onlar belə yersiz çağırışlar və heç bir təsir qüvvəsi olmayan mitinqlərlə özlərini yenidən yaddaşlara qaytarmağa çalşırlar.
Təbii ki, belə aksiyalarla xalqın diqqətini cəlb etmək qeyri-mümkündür. Xalq qarşılaşdığı istənilən problemin yalnız Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və məntiqli daxili və xarici siyasəti sayəsində aradan qaldırıldığının şahididir.
Dünyanın heç bir yerində ideal, nöqsansız dövlət yoxdur. Nəzərə alsaq ki, Azərbaycan cəmi 20 ildir ki, müstəqillik yolundadır, bu baxımdan ölkəmizdə aparılan yenidənqurma və abadlıq işləri, həyata keçirilən uğurlu islahatlar, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə ölkənin beynəlxalq aləmə inteqrasiyası istiqamətində görülən işlər yüksək qiymətə layiqdir. Bu uğurlardan qısqanaraq ölkəmiz haqqında böhtan və yalan məlumatlar yayan xarici və daxili düşmənlərimizin bütün cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan müstəqil siyasət yeridir və bu yolda qarşıya çıxan bütün maneələri dəf etməyə qadirdir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.