Yalançı vətənpərvərliyin anatomiyası

1990-cı illərin əvvəllərində baş verən bir sıra məlum hadisələrdən xeyli müddət keçməsinə baxmayaraq yaddaşlardan heç vaxt silinməyəcək yaxın keçmişimizə obyektiv nəzər salmağa həmişə böyük ehtiyac duyulub. Bu, həm də əsl həqiqətin üzə çıxarılmasında, həmin hadisələrin iştirakçılarına obyektiv qiymət verilməsində mühüm və önəmli rol oynayan məqamlardandır.
Həmin dövrdə mən Gəncə-Qazax bölgəsində Vətənin müdafiəsində dayandığımdan istər bir vətəndaş, istərsə də bir hərbçi kimi hadisələrin gedişindən kifayət qədər məlumatlı idim. Adıçəkilən bölgədə XTPD-çilərin çoxsaylı qanunsuz əməllərini, dəbdəbə içərisində yaşadıqlarını, cins atlar saxladıqlarını, qəfəsdə ayı bəslədiklərini, minik maşınlarının kolleksiyasını topladıqlarını indinin özündə də çox yaxşı xatırlayıram. O vaxt XTPD-çilər külli miqdarda maddi gəlir əldə etmək məqsədilə Qazaxdan Gürcüstana yanacaq daşınması işini tamamilə öz əllərinə keçirmək istəyirdilər. Bu məqsədlə onlar Vətənin müdafiəsini yaddan çıxarıb, şəxsi ambisiyaları üçün çalışır və tamamilə başqa bir "cəbhə"də mübarizə aparırdılar. Təsadüfi deyil ki, 1994-cü ilin oktyabr hadisələri zamanı XTPD-çilərin törətdikləri hərc-mərclikdən istifadə edən düşmən Tovuz rayonu ərazisindəki yüksəkliklərdən birini qəfil həmlə ilə ələ keçirdi. Sonradan Ali Baş Komandanın əmrilə biz həmin yüksəkliyi əks-hücumla geri qaytardıq. Bu əməliyyatda o vaxtlar Şəmkir rayonunun icra başçısı vəzifəsində çalışan Aslan Aslanovun da xüsusi xidmətləri oldu. Məhz onun yaxından köməkliyi nəticəsində biz əmrin yüksək səviyyədə icrasına nail ola bildik.
1995-ci ilin mart hadisələri zamanı XTPD-çilərin Qazaxda "N" hərbi hissəsinin qərargahına basqın etdiklərini və bütün silah-sursatı, o cümlədən artilleriya qurğularını ələ keçirmək istədiklərini eşitdim. Mən həmin hərbi hissənin artilleriya xidməti rəisi vəzifəsində çalışırdım. Vəziyyətdən hali olan kimi XTPD-çilərin mümkün hücumunun qarşısını almaq məqsədilə divizionun ərazisində topların bir qismini dairəvi müdafiəyə, bir qismini isə düzünə tuşlama vəziyyətinə gətirdim, "Dur! Xəbərdarlıqsız atəş açılır!" lövhələri vurdum və sutka boyu döyüş növbətçiliyi təşkil etdim. Az keçməmiş XTPD-çilər bir-neçə mülki maşın ilə diviziona gəldilər və vəziyyətin nə yerdə olduğunu görən kimi müqavimətsiz geri çəkildilər. Bununla da, biz şəhərdə XTPD-çilərin törətmək istədikləri təxribatın və bu təxribat nəticəsində verə biləcəyimiz itkilərin qarşısını tamamilə aldıq.
Həmin günlərdə Qazaxdakı hərbi hissənin sabiq komandiri, özünü "xalq qəhrəmanı" kimi tanıdan polkovnik İsa Sadıqov, hamının gözü qarşısında biznesmen gürcü dostu ilə işbirliyinə girib Gürcüstandan Qazağa "Borjomi", Qazaxdan isə Gürcüstana yanacaq göndərməklə məşğul idi. Bu yanacağın bir hissəsi də, hamıya yaxşı məlumdur ki, hərbi hissəyə məxsus idi. Hətta bir dəfə Əfqan veteranlarından biri bu özbaşınalığa dözməyərək hissəyə daşınan "Borjomi"ni gülləyə tutdu.
Ümumiyyətlə, İsa Sadıqovdan danışarkən mənim ilk növbədə yadıma uğursuz Lələkənd əməliyyatı düşür. Bu əməliyyat zamanı məhz İsa Sadıqovun səhlənkarlığı üzündən ordumuz 30-dan çox sayseçmə döyüşçüsünü itirdi. 1992-ci ilin dekabrında əsgərlərimiz adıçəkilən kəndin erməni quldurlarından təmizlənməsində əsl qəhrəmanlıq göstərərək bu yaşayış sahəsini, demək olar ki, düşməndən tamailə təmizlədilər. Ancaq əlavə kömək gəlmədiyi üçün onlar sonradan mühasirəyə düşdülər. Mən o vaxt İsa Sadıqovdan döyüşçülərimizi qurtarmaq üçün erməni kəndinin kənarında yerləşən məktəb binasındakı atəş nöqtələrini məhv etməyə icazə istədim. Bunun cavabında o hirslənərək məni özbaşınalıqda ittiham etdi və ərazini artilleriya atəşinə tutmağa icazə vermədi. Əvəzində isə gözdən pərdə asmaq məqsədilə oraya bir tank göndərdi. Sonradan eşitdim ki, həmin tank da guya yanacağı qurtardığı üçün yarı yolda qalmışdı. Mənim özümə isə bir mərmi belə atmağa icazə vermədi. Bu mənim dərin kədər hissilə xatırladığım, qəlbimi ağrıdan və İsa Sadıqovun səhlənkarlığı üzündən baş verən yeganə hadisə deyil.
1993-cü ilin dekabr ayının 29-da ermənilər Qazax rayonunun mərkəzini mərmi atəşinə tutdular. Şəhərə nə az, nə çox, düz 16 mərmi düşmüşdü. Dinc əhali arasında ölənlər vardı. Mən hərbi hissənin komandiri İsa Sadıqovdan icazə almadan şəhəri atəşə tutan "Qrad"ı və erməni birləşmələrinin dislokasiya mərkəzlərini yaylım atəşinə tutdum. İsa Sadıqov həmin vaxt gürcü dostu ilə yeyib-içməkdə, kef məclisində idi. Düşmənin atdığı mərmilərdən biri də şəxsən mənim yaşadığım binanın tavanını uçurub dağıtmışdı. Hadisədən 3-4 saat sonra məni rabitə vasitəsilə çağırıb bildirdilər ki, komandir atəşi dayandırmağı əmr edir. Lakin əmri şəxsən onun öz dilindən eşitməyincə yerinə yetirməyəcəyimi bildirdim. Bundan sonra İsa Sadıqov mənə rabitə vasitəsilə əmr etdi ki, atəşi dayandırım. Mən etiraz etsəm də, bir faydası olmadı. Hadisədən sonra ondan evə getmək, ailəmlə görüşmək üçün icazə istəyəndə məni qonaqlığa çağırdı. Dedi ki, bir stol açdırmışam, barmaq qoymağa yer yoxdur, gedək yeyək-içək. Cavab verdim ki, yoldaş polkovnik, şəhərdə dinc əhali qırılıb, siz isə məni qonaqlığa, yeyib-içməyə dəvət edirsiniz! Bundan sonra onun mənə münasibəti tamamilə dəyişdi. Daim özünüreklamla, eyş-işrətlə, yeyib-içməklə, şəxsi biznesi ilə məşğul olan İsa Sadıqov şəhərin müdafiəsini tamamilə yaddan çıxarmışdı. Bütün gününü restoranlarda gürcü biznesmen dostları ilə kef məclislərində keçirirdi. Onun bir döyüşdə belə iştirak etməsinin şahidi olmamışıq. İndi xarici ölkədə vətənpərvərlikdən dəm vurur. İsa Sadıqov bilirdi ki, onun qanunsuz əməllərinin üstü bir gün açılacaq və o, cavab verməli olacaq. Qaçıb xaricdə məskən salmasının əsl səbəbi də budur: ədalət mühakiməsindən yayınmaq.

{nl}

Ərastun ADIYEV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında