Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını qeyd etmişlər

Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını - Mülki Aviasiya Gününü qeyd etmişlər. Builki bayram Azərbaycan mülki aviasiyasının 72-ci ildönümünə təsadüf etmişdir.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC), Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.
Sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan mülki aviasiyasının yaranmasının 72-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Məruzə ilə çıxış edən Azərbaycan Mülki Aviasiya Administrasiyasının (AMAA) direktoru Arif Məmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkə aviatorları 2006-cı ildən başlayaraq hər il iyunun 2-də peşə bayramlarını qeyd edirlər. Bu gün həm də Azərbaycan mülki aviasiyasının həyatında tarixi bir gündür, ölkəmizin mülki aviasiyasının 72 yaşı tamam olur.
Mülki aviasiyamızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan məruzəçi demişdir ki, bu sahədə çalışanlar aviasiyamızın milli strategiyasının əsl memarı olan ulu öndərə daim minnətdar olacaqlar. Ölkəmizdə mülki aviasiyanın bugünkü yüksək inkişaf səviyyəsinə çatmasında, onun infrastrukturunun təkmilləşdirilməsində, aviaparkın daim yeniləşməsində Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısını yüksək qiymətləndirən natiq son vaxtlar bu sahədə aparılan islahatları xatırlatmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin 2008-ci il 16 aprel tarixli sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaranmış və artıq onun strukturunun formalaşması başa çatmışdır.
A.Məmmədov 2008-ci ildə iki müasir aeroportun - Lənkəran və Zaqatala hava limanlarının yenidən qurulduqdan sonra istismara verildiyini xatırlatmışdır. Bu hava limanlarının açılışlarında iştirak edən Prezident İlham Əliyev yeni aeroportlarda yaradılan şəraitə yüksək qiymət vermiş, onların beynəlxalq standartlara uyğun olduğunu vurğulamışdır
2005-2009-cu illərdə şirkətlərimizin aviaparkı "Airbus-319", "ATR-42-500" və "ATR-72-500" tipli yeni sərnişin təyyarələri, eləcə də müasir mühərriklərlə təchiz edilmiş, "İL-76" yük təyyarələri və "Evrokopter" və "Super-Puma" vertolyotları ilə təzələnmişdir.
Beynəlxalq aləmlə daha sıx təmasda olan şirkətlərimiz dünyanı bürümüş maliyyə böhranının mənfi nəticələrini hiss etsələr də, bütövlükdə Azərbaycanın mülki aviasiyası bu imtahandan alnı açıq çıxmışdır. "Azərbaycan Hava Yolları" QSC rəhbərliyinin vaxtında atdığı qəti addımlar nəticəsində maliyyə böhranının aviasiya sahəsinə təsirini azaltmaq mümkün olmuşdur.
2008-ci ildə fəaliyyətə başlamış AMAA qısa müddətdə mülki aviasiya sahəsinin hüquqi bazasının formalaşdırılması istiqamətində məqsədyönlü işlər görmüşdür. Ötən iki ildə bir çox qaydalar təzələnmiş, aviasiya sahəsinin təməlinin möhkəmlənməsinə, uçuşların təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş sənədlər işlənib hazırlanmışdır. Uçuşların təhlükəsizliyinə dair beynəlxalq təşkilat - İKAO tərəfindən 2009-cu ildə keçirilmiş təkrar audit zamanı görülən işlərə yüksək qiymət verilmişdir.
Bu il Azərbaycanın EVROCONTROL-a üzv olması üçün intensiv müzakirələrin aparıldığını deyən A.Məmmədov bildirmişdir ki, Azərbaycan indiyədək Dünya Mülki Aviasiya sistemində 20-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur. Hazırda ölkəmizin yeni konvensiya və sazişlərə qoşulması istiqamətində səylər davam etdirilir.
Natiq bu ilin fevralında İKAO-nun Avropa bürosunun Monrealdakı yüksək səviyyəli konfransına hazırlığa həsr olunmuş seminarın Bakıda keçirilməsinin Azərbaycan aviasiyasının beynəlxalq nüfuzunun möhkəmlənməsinə yaxşı zəmin yaratdığını bildirmişdir.
"Azərbaycan mülki aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir". Çıxışının sonunda ümummilli liderimiz Heydər Əliyevin bu kəlamını xatırladan AMAA-nın direktoru aviatorların peşə bayramlarını qürur hissi ilə qeyd etdiklərini, sabaha nikbinliklə baxdıqlarını xüsusi vurğulamışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında