Əsgər andına sadiq qalın !

Paytaxtın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin həyətində yenə bayram təntənəsi yaşanırdı. Onlarla gənc Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin hərbi çağırış haqqında sərəncamı ilə bu gün Vətənin müdafiəsini təmin etmək üçün müstəqil dövlətimizin ordu hissələrinə yola düşürdülər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Milli Məclisin üzvü, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun, İkinci Dünya və Qarabağ müharibələri iştirakçılarının və rayon ictimaiyyətinin nümayəndələrinin də qatıldığı tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi polkovnik Eldar Tağıyev bu sözlərlə açdı:
- Hərbi xidmət hər bir insanın Vətən qarşısında müqəddəs borcudur. Bu gün xalqımızın gənc övladları bu müqəddəs vəzifəni üzərlərinə götürməyə, and içib müstəqil dövlətimizin və xalqımızın əmin-amanlığının keşiyini çəkməyə yola düşürlər. Vətəndaşı olduğumuz ölkənin bizim üçün ən qiymətli neməti onun ərazi bütövlüyüdür. 20 ildən artıqdır ki, Vətənimizin ərazi bütövlüyü pozulmuşdur. Bu gün hər bir azərbaycanlı o torpaqların geri qaytarılmasına və sərhədlərimizin bərpa edilməsinə hazır olmalıdır. Siz, əziz çağırışçılar, o hazırlığı keçməyə gedirsiniz və əminəm ki, mərdlik məktəbini keçib uğurla qayıdacaqsınız.
Sonra söz Milli Məclisin deputatı Hüseynbala Mirələmova verildi. Natiq çıxışına məşhur rus klassiki İ.Qonçarovun bu sözləri ilə başladı:
- Borcunu sevmədən onu yerinə yetirmək olmaz. Əziz balalar, mən sizin hər birinizə öz Vətən borcunuzu sevməyi tövsiyə edirəm. Onda heç bir çətinlik, heç bir hərbi tapşırıq sizi qorxutmayacaq.
H.Mirələmov həmçinin qeyd etdi ki, biz azərbaycanlıların milli keyfiyyətlərini göstərən mənəvi dəyərlərdən biri də öz vəzifə borcumuza sədaqətli olmağımızdır. Bu, ilk növbədə Vətən və xalq qarşısında olan hərbi xidmət borcudur. Mən əminəm ki, sizin hər biriniz bu borcunuzu şərəflə yerinə yetirib, üzüağ, alnıaçıq evə dönəcəksiniz.
Sabahın Vətən keçikçilərinə yaxşı yol arzulamaq üçün söz Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova verildi.
- Vətənin müdafiəsində iştirak etmək təkcə Konstitusiya ilə üzərimizə düşən vəzifə və borc yox, həm də hər bir vətəndaşın mənəvi-əxlaqi və vətənpərvərlik borcudur. Hərb sənəti Azərbaycanda tarixən həmişə şərəfli peşələrdən olmuşdur. Bunu uzun illər boyu bizə yadlaşdırmağa çalışsalar da, genetik yaddaşımızdan silə bilməmişlər. Çünki təbii sərvətlərlə zəngin olan ölkəmiz daim yadellilərin hücumuna məruz qalıb. Bu gün də belədir.
Mən fəxrlə deyirəm ki, bu gün Azərbaycanın Silahlı Qüvvələrində xidmət etmək çox böyük şərəfdir. Çünki bu silahlı qüvvələr hazırda Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. Bu gün hərbi xidmətə yola saldığımız siz gənclərdən xidmət müddətində hərb sənətinin sirlərinə dərindən yiyələnmək, müasir texnikanı mənimsəmək və ilk növbədə komandirlərin tapşırıqlarına vaxtında və düzgün əməl etmək tələb olunur. Şübhə etmirəm ki, hərbi andınıza sadiq qalıb Azərbaycan əsgərinin adını daim ucaltmağa çalışacaqsınız.
Gənclərə hərbi xidmətdə uğurlar arzulayan R.Məmmədov sonda onlara rayon icra hakimiyyətinin hədiyyələrini təqdim etdi.
Tədbirdə iştirak edən veteranlar da gənclərə tövsiyələrini verib, əsgər andını unutmamağı tapşırdılar. Tədbir bayram konserti ilə davam etdirildi.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV(foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında