"Birlikdə təbiətin taleyini dəyişək!"

Bakıda bu çağırışla keçirilən məktəblilərin beynəlxalq ekologiya olimpiadası - "İNEPO - Arasiya" uğurla başa çatdı. Ölkəmizin təhsil sisteminin önündə gedən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təşəbbüsü və iştirakı ilə keçirilən bu yarışmada Azərbaycan məktəbliləri 4 qızıl, 12 gümüş və 17 bürünc olmaqla, 33 medal qazandılar.
42 ölkədən gəlmiş 400-dək şagirdin iştirak etdiyi olimpiadanın yekun turunun qaliblərinə mükafatları Heydər Əliyev adına İdman - Konsert Sarayında keçirilən təntənəli mərasimdə hami qurumların - Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Neft və İctimai Teleradio Yayımları şirkətlərinin rəhbər şəxsləri, millət vəkilləri və ölkənin tanınmış xadimləri təqdim etdilər.
Olimpiadanın əsas ağırlığını öz üzərinə götürmüş "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən bağlanış mərasimində dünyada analoqu olmayan bu məktəbli yarışmasının ənənəyə çevrilmiş tarixçəsi və builki tur barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, heç də asanlıqla başa gəlməyən - "İNEPO- Avrasiya Ekologiya İctimai Birliyinin ilboyu hazırladığı bu tdəbirdə 2 məqsəd önə çəkilmişdir: dünyanın hər yerində yeni nəslin diqqətini bəşəri və qlobal ekoloji böhrana qarşı yönəltmək və bu fonda Azərbaycanı dünya sivil, tərəqqi edən, sülhsevər bir ölkə kimi tanıtmaq.
6 ildir ki, bu yöndə aparılan işlər bəhrəsini verir. Respublikamızda bu yarışmaya qoşulan məktəblərin, dünyada isə ölkələrin sayı ilbəil artır. 2007-ci ildə keçirilən ilk olimpiadaya 17 ölkə qoşulmuşdusa, sonrakı illərdə bu rəqəm 30-35-ə çatdı. Bu il isə 42 ölkədə təşkil olunmuş ekoloji olimpiadanın qalibləri yekun turda yenidən Bakıya toplaşmışlar. 4 nominasiya - enerji, mühəndislik, ətraf mühit və sosial kateqoriyalar üzrə dünya məktəblilərinin olimpiadaya təqdim etdikləri layihələrdə ifadə olunan məram, təklif və ixtira səciyyəli işlər artıq beynəlxalq ekoloji tədqiqat mərkəzlərinin də diqqətini cəlb etmişdir.
Qaliblərin mükafatlandırılması mərasimi Azərbaycanın istedadlı şagird kollektivlərinin musiqili-əyləncəli şənliyi ilə sona yetdi.
Olimpiadanın təşkilat komitəsinin sədri, Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz qəzetimiz üçün qısa açıqlamasında bildirdi:
- "İNEPO - Avrasiya" yarışması həm Azərbaycanda keçirilən yeganə beynəlxalq məktəbli olimpiadasıdır, həm də dünyada bənzərsiz bir layihədir. Təşəbbüsümüz baş tutdu və biz 6-cı yarışmanı da uğurla sona yetirdik. Azərbaycan məktəbliləri hər il olduğu kimi, bu il də olimpiadada hamıdan çox medal qazandılar. Bu vaxtadək beynəlxalq fənn olimpiadalarında 474 medal qazanmış Azərbaycan - Türkiyə Özəl liseylərinin şagirdləri bu fürsətdən də bacarıqla faydalanaraq medal hesablarını artırdılar.
Ümumiyyətlə, olimpiadanın yüksək səviyyədə keçməsi təşəbbüsçü və təşkilatçı qurum olan "Çağ" Öyrətim Şirkətinin 20 illik yubileyinə layiqli töhfədir. Bu olimpiada ölkənin təhsil sisteminin də növbəti nailiyyəti oldu. Sonda Təhsil Nazirliyi başda olmaqla bizə yardımçı olmuş hami qurumlara təşkilat komitəsi adından dərin razılığımızı bildiririk. İnanırıq ki, çağırışımızda səsləndiyi kimi: birlikdə təbiətin taleyini dəyişmək mümkündür.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında