Xalq radikal müxalifətə və onun mitinq taktikasına "yox" deyir
Hazırda dünya ölkələri, cəmiyyətlər müasirliyə can atır, yeni-yeni nailiyyətlər qazanmaq üçün strateji planlar həyata keçirilir. Bu inkişaf, yüksəliş Azərbaycanda da yüksək səviyyədə özünü göstərir. Ölkəmiz hər sahədə uğur qazanır, ötən hər il böyük nailiyyətlərlə yadda qalır, iqtisadi, siyasi, hərbi qüdrətimizin artmasına paralel olaraq cəmiyyətimiz də inkişaf edir.
Ancaq təəssüf ki, bu qədər uğurlara baxmayaraq, bəzi radikal siyasi qüvvələr hələ də köhnə təfəkkürlə yaşayır, siyasi mübarizənin demokratik, sivil yollarla aparılmasının zəruriliyini dərk edə bilmir,müasir düşüncə tərzinə yiyələnmədiklərini azsaylı tərəfdarlarıyla birlikdə mitinq keçirməklə, hay-küy salmaqla ört-basdır etməyə və bununla da Azərbaycanda iğtişaşlar törətməkdə maraqlı olan havadarlarından daha çox qrant almağa çalışırlar. Aprelin 8-də "İctimai Palata" adlı qondarma qurumun təşkilatçılığı ilə Bibiheybət qəsəbəsi 20-ci sahə adlanan ərazidə keçirilən aksiya da bu qəbildən idi.
Mitinqdə çoxlu sayda xarici dildə şüarların, transporantların olması, xüsusi geyim formalarının hazırlanması diqqətdən yayınmadı. Bu, bir daha göstərirdi ki, aksiya müəyyən məlum xarici dairələr tərəfindən maliyyələşdirilib. Mitinq iştirakçılarının özləri də etiraf ediblər ki, aksiyada xarici dillərdə şüarların çoxluğu beynəlxalq təşkilatların diqqətini cəlb etmək məqsədi daşıyırdı. Onlar "beynəlxalq təşkilatlar" dedikdə, sözsüz ki, xaricdəki erməni lobbisini və onların himayəsində fəaliyyət göstərən bəzi üzdəniraq təşkilatları nəzərdə tuturlar. Ekspertlər də belə hesab edirlər ki, aksiya daha çox xarici auditoriya üçün keçirilib.
Mitinqdə çox az sayda insanın iştirakı da radikal müxalifətin sosial bazasının olmamasının təzahürü idi. Burada iştirak edən 1200 nəfərin 300-ə yaxını KİV əməkdaşları, tamaşaçılar, qalanları isə müxalifət partiyalarının funksionerləri, fəalları və onların yaxınları olub. Radikal düşərgə yenə öz uğursuzluğunu ört-basdır etmək, vəziyyətdən çıxmaq üçün uydurma səbəblərlə hakimiyyəti ittiham etməyə çalışıb. Guya, mitinqə gələnlərə maneçilik törədilib və s. Halbuki bu, birbaşa ictimaiyyətin radikallara növbəti mesajı idi.
Sirr deyil ki, Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, hüquqi dövlət quruculuğu istiqamətində qətiyyətli addımların atılması ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Artıq ictimaiyyət görür ki, neqativ hallarla, o cümlədən, rüşvətxorluq, korrupsiya, inhisarçılıq, süründürməçilik halları ilə mübarizə daha da gücləndirilib. Əhali bunun effektini gündəlik həyatında hiss edir və ona görə də dövlət başçısının siyasi xəttini davamlı şəkildə dəstəklədiklərini bəyan edir. İnsanların həyat səviyyəsi gündən-günə yüksəlir, əmək haqları, pensiyalar, digər sosial ödəmələr artırılır. Aztəminatlı ailələr, şəhid ailələri və əlillər dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkənin şəhər, qəsəbə və kəndləri abadlaşır, bütün sosial-iqtisadi infrastruktur yeniləşir və müasirləşir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan ikinci Dövlət Proqramı da uğurla icra edilir. Hazırda əksər rayonlarda yüksək məvacibli hər cür şəraiti olan yeni iş yerləri açılıb. Təbii ki, belə bir vaxtda mitinq və digər aksiya keçirmək istəyənlər Azərbaycanın inkişafını istəməyən, qazanılan uğurlara qısqancıqla yanaşanlardır. Onlar müxalifət adı ilə özlərini küçə və meydanlara atan anti - Azərbaycan qüvvələrdir. Belələri qarşıdan gələn prezident seçkilərində yenidən gündəmə gəlmək istəyirlər. Belə ünsürlərin keçirdikləri mitinqdə də bunu açıq müşahidə etmək olurdu.
Budəfəki aksiya hər şeydən çox sanki AXCP ilə Müsavatın mübarizəsini xatırladırdı. Bu iki partiya arasındakı ziddiyətlər özünü açıq şəkildə büruzə verirdi. Mitinqin aparıcısı İbrahim İbrahimlinin açıq şəkildə İsa Qəmbəri təbliğ etməsi cəbhəçilərin ciddi etirazlarına səbəb oldu. Hətta onların əksəriyyəti əllərindəki şüarları və plakatları yerə ataraq mitinqi tərk etdilər. Aksiyada iştirak edən partiyaların bayraqları da ayaq altına atıldı. Qondarma İctimai Palatanın üzvləri aksiyanın sonunda bir daha təsdiqlədir ki, onlar hələ də dinc mitnq keçirmək mədəniyyətinə yiyələnməyiblər. Azərbaycanın dövlət himni səsləndirilən zaman mitinq iştirakçıları gah fit çalır, gah da əcaib səslər çıxarırdılar. Onlar bu hərəkətləri ilə dövlət himnimizə qarşı hörmətsizliklərini nümayiş etdirdilər.
İstənilən demokratik dövlətin ümumilikdə ölkənin milli mənafeyini ön planda tutan, xalqın problemlərini gündəmə gətirən konstruktiv müxalifətə ehtiyacı var. Demokratik ölkələrin hamısında müxalifət partiyaları var. Bu, demokratiyanın atributlarından biridir. Ancaq müxalifət öz xalqına, millətinə, Vətəninə düşmən kəsilməməlidir. Konstruktiv müxalifət ölkənin inkişafında, dünya birliyinə inteqrasiyasında mühüm amilə çevrilməlidir . Demokratiya yolunu seçən və bu yolda böyük məsafə qət edən müstəqil Azərbaycan Respublikası da ölkədə konstruktiv müxalifətin formalaşmasında maraqlıdır. Bundan ötrü hər cür şərait də yaradılıb. Təəssüf edirik ki, bəzi siyasi partiyalar öz radikal mövqeyindən hələ də əl çəkməyərək, Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək üçün ən çirkin vasitələrə əl atır, ölkəmizə düşmən qüvvələrin çirkli pulları hesabına öz xalqına düşmən kəsilib. Bununla belə xaricdəki erməni lobbisi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərərək hər fürsətdə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Təbii ki, belə xəyanətkarlara xalq həmişə "yox" deyəcək, onların çağırışına səs verməyəcək. Biz aprelin 8-də həmin qüvvələrin keçirdiyi mitinq zamanı da bunun şahidi olduq. Radikal müxalifət meydanda tək və yazıq görkəmdə görünürdü. Bu mitinq də təsdiqlədi ki, ölkəmizdə dağıdıcı müxalifətə hamı nifrət edir və belələrinə cəmiyyətdə yer yoxdur.
{nl}
Əliqismət BƏDƏLOV, Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.