Bakıətrafı kənd və qəsəbələrin inkişafı diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir ay əvvəl imzaladığı sərəncamla Qaradağ rayonuna yeni icra hakimiyyəti başçısının təyin edilməsi təkcə sakinlər tərəfindən deyil, həm də ekspertlər tərəfindən razılıqla qarşılanmışdı. Sakinlər Qaradağın problemlərini həll edəcək bir rayon rəhbərinin gəlməsinə sevinirdilər. Ekspertlər isə ölkənin cənub rayonlarında çalışdığı zaman böyük tikinti-quruculuq fəaliyyəti ilə ad çıxarmış, rəhbərlik etdiyi ərazinin inkişaf yollarını bilən Süleyman Mikayılovun dağınıq əraziyə malik, üstəlik çoxproblemli Qaradağ rayonuna rəhbər göndərilməsini ən doğru seçim kimi qiymətləndirirdilər. İcra başçısının həyata keçirdiyi ilk tədbirlər sübut etdi ki, həm sakinlər, həm də ekspertlər haqlıdırlar.
Süleyman Mikayılov Heydər Əliyev idarəetmə prinsiplərinin ən mühüm tərkib hissələrindən olan insanlarla bilavasitə yerlərdə görüşmək, onların dərd-sərini məhz özlərindən eşitmək kimi mütərəqqi tendensiyanı uğurla davam etdirən rəhbər işçilərdəndir. Belə tədbirlərdən biri, daha doğrusu rayon rəhbərinin ilk səyyar qəbulu martın 27-də Müşfiqabad qəsəbəsində keçirildi. İlk qəbul üçün bu qəsəbənin seçilməsi də təsadüfi deyildi. Çünki Müşfiqabad nəinki Qaradağın, hətta, bütün paytaxtın ən çox problemi olan qəsəbəsidir.
Ötən əsrin 80-ci illərinin əvvəllərində Bakı Broyler fabrikinin tikilib istifadəyə verilməsi ilə əlaqədar Şamaxı yolunun 25-ci kilometrliyində salınan Müşfiqabad qəsəbəsi ərazi etibarilə Qaradağ rayonunun tabeçiliyindədir, elektrik enerjisinin təchizatını Sumqayıtdakı müvafiq idarə yerinə yetirir, qaz təchizatı (ilk 15 ildə rabitə xidməti də həmçinin) Abşeron rayonunun təşkilatlarına həvalə edilib. Nə qədər qəribə və əcaib olsa da qəsəbənin lift xidməti də Sumqayıt Lift İdarəsinə etibar edilib. 90-cı illərin əvvəllərindən - Broyler fabriki öz fəaliyyətini dayandırdıqdan sonra qəsəbədəki istilik sistemi müvafiq təşkilatlar tərəfindən tamamilə sökülüb-dağıdılıbdır. Ən ucqar kənd rayonlarında belə hər kəndin öz avtobus marşrutu olduğu halda əvvəllər Müşfiqabad qəsəbəsi üçün yaradılmış avtobus marşrutu indi ondan çox kənd və qəsəbənin əhalisinə "xidmət edir". Avtobusları 17-77 yaş arasında kim istədi idarə edir. 1986-90-cı illərdən sonra qəsəbədə heç bir küçə işıqlandırılması olmayıb. Broyler fabrikindən müvəqqəti order almış yüzlərlə sakin 15 ildir ki, həqiqi order ala bilmirlər. Sovet dövründən qalmış ərzaq mağazalarının özəlləşdirilməyə çox baha qiymətə verildiyinə görə həmin binalar sahibsiz qalaraq antisanitariya ünvanına çevrilib. Qəsəbə yaxınlığındakı qəbiristanlığa gedən yolu ağır yük maşınları elə günə salıb ki, oraya ancaq traktor və ya "Kamaz"la getmək mümkündür...
Süleyman Mikayılov çoxsaylı qəsəbə sakinlərinin söylədiyi bu problemləri diqqətlə dinlədikdən sonra qəsəbə sakini Namiq Cəfərovun dediyi kimi Müşfiqabadla bağlı tədbirlərə "ən ali insani addımla" başladı: - Sabah bazar günüdür. Buna baxmayaraq qəsəbə qəbiristanlığının yolunun təmirinə bilavasitə sabahdan başlayırıq. Oraya xüsusi xətlə su da çəkiləcəkdir. İkinci, Broyler fabrikindən və başqa müəssisələrdən (qəsəbədə müxtəlif maşınqayırma zavodlarının da xidməti binaları vardır) müvəqqəti order almış sakinlərin hamısının problemi 15 gün ərzində eyni qərarla həll ediləcəkdir. Qəsəbə yaxınlığında yaranmış yaşayış massivinin su və qaz ilə təchiz edilməsi üçün müvafiq qurumlarla birlikdə təcili və əməli tədbirlər həyata keçiriləcəkdir. Ümumiyyətlə, bütün şikayətlərə bir ay müddətində yazılı cavab veriləcəkdir.
Qəsəbəyə elektrik enerjisinin verilməsində (son zamanlar bu adi hal almışdır) üç-dörd gün fasilələrin olduğunu eşidən icra başçısı sanki eşitdiyinə inana bilmirdi: "Bəs mənə deyirdiniz rayonun hər yerinə 24 saat enerji verilir?". Sumqayıtdakı müvafiq qurumun nümayəndəsi problemin səbəbini belə əsaslandırdı ki, əsas yarımstansiyadan Müşfiqabada gələn hava xətlərinin altında (Abşeron rayonunun ərazisidir- red.) o qədər ev tikilib ki, həmin xətlərin təmiri və bərpası mümkün deyil. Ona görə də külək olan kimi qısa qapanmalar nəticəsində açılmalar baş verir və heç bir operativ tədbir həyata keçirə bilmirik.
Səyyar qəbula icra hakimiyyətinin bütün məsul işçiləri ilə yanaşı hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri də gəlmişdilər. İcra başçısı sakinlərin qaldırdığı problemlərin səbəbini müvafiq xidmət rəhbərindən soruşur, vəziyyəti aydınlaşdırır, təcili və təxirəsalınmaz tədbirlər görülməsi üçün konkret tapşırıqlar verirdi. Bütün sahə rəhbərlərinin verdiyi izahat sakinləri qane etsə də Sumqayıt Lift İdarəsinin təmsilçisi Cümşud müəllimin cavabı gülüş və ikrahla qarşılandı. Qeyd edək ki, ən çox şikayət üç sahəni əhatə edirdi: müvəqqəti orderlərin rəsmiləşdirilməməsi, qəsəbə ətrafında torpaq almaq istəyənlərin şikayəti və hündür binalardakı liftlərin işləməməsi. Cümşüd müəllim həmin problemi belə əsaslandırdı: "Vaxtilə bu qəsəbədə lift qurğularının oğurlanması halı baş verib və polis həmin adamları tapıb məsuliyyətə cəlb edibdir". Yalandan bəraət qazanmaq istəyən xidmət işçisinə verilən növbəti sual: "Bəs qalan yüzlərlə insanın günahı nədir?" Cavab əvəzinə sükut nümayiş etdirən Cümşüd müəllim qəbuldan sonra həyətlərdə gəzib körpə uşaqlardan özünə şahid axtarmağa başladı ki, guya liftlərin hamısı işləyir.
İcra başçısı sonda qeyd etdi ki, təkcə Müşfiqabadın və Qaradağın deyil, bütövlükdə paytaxtımızın problemləri ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində, respublikanın hər yerində olduğu kimi həll ediləcəkdir. Bakıətrafı qəsəbə və kəndlərin inkişafı isə cənab Prezidentin daimi diqqət mərkəzindədir. Bu sahəni əhatə edən müvafiq dövlət proqramları var və həmin proqramlar məhz dövlət başçımızın tələb etdiyi səviyyədə icra olunacaqdır. Həmin tələb isə hər bir vətəndaşın mənafeyinə cavab verən tələbdir. Biz Müşfiqabadda da, rayonumuzun digər qəsəbə və kəndlərində də respublikanın ümumi inkişafına cavab verən infrastruktur yaradacaq, sakinlərimizin problemlərini maksimum şəkildə həll edəcəyik. Bu işdə ziyalıların və ağsaqqalların təşəbbüskarlığı, müvafiq qurumlara dəstək olması isə daha vacibdir. Qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, Azərbaycan dövlətinə və xalqımıza xidmət etməyi bacarmayan sahə rəhbərləri isə bizimlə işləyə bilməyəcəklər.
Sonda qəsəbə ağsaqqalları və ziyalılar icra başçısının ilk səyyar qəbulunun nəticələrindən məmnunluq ifadə etdilər və belə tədbirlərin hər il keçirilməsini arzuladılar.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında