Həmişə ictimai-siyasi işlərdə çevikliyi, obyektivliyi və fəallığı ilə fərqlənən yaxın dostum İsmət Abdullayevi unutmaq mənim üçün çox çətindir.
49 illik şərəfli və mənalı ömrünün 26 ilini təsərrüfatda, istehsal sahələrində çalışaraq briqadir vəzifəsindən kombinat direktoru, idarə rəisliyinədək yüksələn İsmət Abdullayev mənim uşaqlıq dostum, dəyərli insan və gözəl ziyalı idi. 1951-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açan İsmət 1968-ci ildə Lənkərandakı 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuş, 1974-cü ildə institutu bitirərək təyinatla Lənkəran Konserv Kombinatına göndərilmişdi.
Kombinata gəldiyi ilk gündən verilən tapşırıqlara vaxtında və layiqincə əməl etməyə çalışdı. Zəhmətsevərliyi və qayğıkeşliyi ilə az vaxtda kollektivin hörmət və ehtiramını qazandı. İctimai-mədəni tədbirlərdə öndə olardı. Həmin dövrdə ulu öndər Heydər Əliyev ölkə gəncliyinin təşkilatlanması üçün çoxsaylı layihələr həyata keçirir, onların irəli çəkilməsinə xüsusi diqqət göstərirdi. Bu seçim zamanı kombinatda çalışdığı 7 il ərzində bacarıqlı mütəxəssis, təşkilatçı, peşəsinin mahir bilicisi, ən əsası ədalətli, qağıkeş və əqidəli insan kimi tanınan İ.Abdullayev Lənkəran şəhər və respublika rəhbərliyinə, eləcə də ulu öndər Heydər Əliyevə müsbət keyfiyyətlərə malik bacarıqlı gənc kadr kimi təqdim olunmuşdu.
1980-ci ildə Lənkəranda olarkən Konserv Kombinatına baş çəkən Heydər Əliyev İsmət Abdullayevin işi ilə daha yaxından tanış olmuş və razı qaldığını bildirmişdi. Bu, "bildiriş" onun işə marağını, münasibətini və məsuliyyətini birə-beş artırmışdı. Məhz bu işgüzarlığı nəticəsində etimadı doğruldan İsmət Abdullayev ulu öndərin göstərişi ilə Zaqafqaziyada nəhəng istehsal müəssisələrindən olan Xaçmaz Konserv Kombinatına direktor təyin edilmişdir. 29 yaşlı bir gəncə göstərilən bu etimad Heydər Əliyev uzaqgörənliyinin bariz nümunəsi olmaqla yanaşı, həm də İ.Abdullayevin simasında Azərbaycan gəncliyinə verilən yüksək qiymət idi.
İsmət Abdullayev Xaçmaza gəldiyi ilk günlərdən Heydər Əliyevin ona olan etibarını yüksək səviyyədə doğrultmaq üçün gecə-gündüz çalışırdı. O zamanlar Xaçmaz Rayon PK-nin birinci katibi işləmiş Aslan Nəsibov həmin illəri belə xatırlayır: "İsmət Abdullayev ona göstərilən etimadı ləyaqətlə doğrultdu. O, yorulmadan çalışır, bütün biliyini, bacarığını vəzifə borcunun yerinə yetirilməsinə sərf etdirdi. Heydər Əliyev də öz gənc kadrına qayğısını əsirgəmirdi".
İ.Abdullayevin fasiləsiz əməyi günü-gündən Xaçmaz Konserv Kombinatını daha da irəli aparır, təsərrüfatlardan gətirilən məhsul dərhal emal edilirdi. Gənc müəsssisə rəhbəri bununla kifayətlənmir, Xaçmaz Konserv Kombinatının keçmiş SSRİ ərazisində bir nömrəli tərəvəz bazalarından birinə çevrilməsi üçün əlindən gələni edirdi.
1982-ci ildə respublikanın şimal bölgəsinə yenidən səfər edən Heydər Əliyev Xaçmaz rayonunda olur, idarə və müəssisələrə baş çəkir, təsərrüfat qabaqcılları və gənclərlə görüşür, Nabran-Yalama zonasında kurort yaradılmasını, irimiqyaslı sağlamlıq obyektlərinin tikintisinin yeri və layihələri ilə maraqlanır. Artıq uzun illər ərzində geriləmiş kombinat ömrünün 30-cu baharına qədəm qoyan İsmət Abdullayevin səyi nəticəsində qısa müddətdə öncüllər sırasına çıxa bilmişdi.
Kombinatda aparılan yenidənqurma işləri, avadanlıqların təzələnməsi, yeni texnika və texnologiyanın tətbiqi, fəhlələrə sosial qayğının artırılması ilə maraqlanan Heydər Əliyev görülən işlərdən, həyata keçirilən yeniliklərdən razı qalır, eyni zamanda İ.Abdullayevin səyini və təşkilatçılıq bacarığını yüksək qiymətləndir. Həmin il Xaçmaz Konserv Kombinatının çoxsaylı kollektivi Heydər Əliyev ilə görüşündə söz verir ki, ən yüksək məhsuldarlığa nail olacaqlar.
Sözün əməli işə çevrilməsi uzun zaman istəmədi. Elə həmin il yüzminlərlə şərti banka meyvə-tərəvəz konservləri hazırlandı. Bu məhsulların xoş sorağı Rusiya, Ukrayna və Baltikyanı respublikaların iri şəhərlərindən gəlməyə başladı. Gənc rəhbər kadr ona göstərilən etimadı sözün həqiqi mənasında doğrultdu.
İsmət Abdullayev bu vəzifəyə birdən-birə gətirilməmişdir. Hər bir çətinliyə qatılaraq bu pilləyə qalxmışdı. Lakin Heydər Əliyev Moskvada hakimiyyətdən kənarlaşdırılandan sonra İsmət Abdullayev də bu böyük azərbaycanlının xəttinə sadiq kadr kimi gözümçıxdıya salındı.
Uzun müddət işsiz qalan İ.Abdullayev sonra respublika Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda elmi işçi, Kənd Təsərrüfatı Nazirliyində aparıcı mütəxəssis işləmiş, sonda isə Dövlət Əmlak Komitəsində çalışmışdı. Torpaqlarımız ermənilər tərəfindən işğal ediləndə, respublikada ictimai-siyasi gərginlik gündən-günə artdığı bir ərəfədə İsmət Abdullayev uzaqgörənliklə ətrafındakılara deyərdi:
- Xalqımızın nicat yolu, yalnız, Heydər Əliyevin əlindədir.
Aradan illər keçməsinə baxmayaraq, İ.Abdullayev həmişə Heydər Əliyevin uzaqgörənliyindən, ona göstərdiyi şəxsi qayğıdan məhəbbətlə danışar, ailəsində və onu tanıyanlarda Heydər Əliyev şəxsiyyətinə etiram və hörmət ruhu tərbiyə etməyə çalışırdı.
İsmətin bir oğlu, üç qızı var. Ailənin yeganə oğul övladı, gənc idmançı Sədi Abdullayev bildirdi: "Prezidentimiz cənab İlham Əliyevin yaxından köməyi sayəsində 2000-ci ildə rayonumuzda biz gənclər üçün idman-sağlamlıq kompleksi tikilib istifadəyə verilmişdir. Bu idman kompleksinin açılışında atamın böyük rəğbət bəslədiyi dünya şöhrətli siyasətçi Heydər Əliyevi lap yaxından görəndə ürəyim dağa döndü. Bir anlığa rəhbər haqqında atamın soylədikləri, o unudulmaz anlar gözlərim önündə canlandı. İndi mən ulu öndər Heydər Əliyevin idman-sağlamlıq kompleksinin açılışında çıxışını və bu barədə qəzetlərdə gedən şəkillərini atamla birgə olan şəkillərlə bərabər yadigar saxlayıram... Bu mənim üçün ömrün ən xoş və unudulmaz günləridir".
{nl}
Şaəddin MƏHƏMMƏD, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəçisi və idman işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.