Azərbaycanda demokratik dəyərlərin inkişafına xüsusi önəm verilməsi beynəlxalq ictimaiyyətə də bəllidir. Ölkəmizin bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyması artıq dünyanın tanınmış politoloqları, ictimai - siyasi xadimləri və ekspertləri tərəfindən də yüksək qiymətləndirilir. Hazırda respublikamız dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşulmaqdadır.
Azərbaycana 5-6 il bundan əvvəl gəlmiş siyasi xadimlər,diplomatlar, həmçinin dövlət başçıları yenidən səfərə gələrkən ölkəmizdəki inkişafı görəndə heyrətlərini gizlədə bilmirlər.
ABŞ dövlət katibinin sabiq müavini, tanınmış diplomat Riçard Armitac ölkəmizdəki inkişafı yüksək qiymətləndirərək deyib: "Azərbaycan ayağa qalxaraq irəliləyir. Son illərdə Bakıda baş verən dəyişikliklər məni heyran edir. Deyə bilərəm ki, hər sahədə inkişaf mövcuddur. Bu işlər Prezident İlham Əliyevin apardığı effektiv siyasətin nəticəsidir. Bu uğurların başlanğıcında ümummilli lider Heydər Əliyev dayanmışdı".
Tanınmış amerikalı diplomatın Azərbaycandakı inkişafı yüksək qiymətləndirməsi əlbəttə ki, sevindirici haldır. Demək, ölkəmizdəki inkişaf dünya ictimaiyyətinin diqqət mərkəzindədir. ABŞ diplomatının Azərbaycandakı inkişafın başlanğıcında ümummilli lider Heydər Əliyevin dayandığı fikrini səsləndirməsi də həqiqətə, reallıqlara söykənir. Məhz ulu öndərin 1993 - cü ildə yenidən hakimiyyətə gəlişindən sonra Azərbaycanda demokratik proseslərin inkişafına əlverişli şərait yaradıldı. Ümummilli lider Heydər Əliyevə qədər AXC - Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə insanların öz fikrini sərbəst şəkildə ifadə etməyə qadağa qoyulmuşdu. Həmin dövrdə Ali Sovetin sədri olan İsa Qəmbərin göstərişi ilə mitinqlərin keçirilməsi qadağan edilmişdi. O dövrdə kütləvi informasiya vasitələrində tənqid olunan vəzifə sahibləri dərhal ətrafındakı qoçular vasitəsi ilə həmin məqaləni yazan jurnalisti tutub ölümcül hala salırdılar. Həmin vaxt daxili işlər naziri vəzifəsində çalışan İsgəndər Həmidovun televiziyanın canlı verilişinə girərək orada olanları hamının gözləri qarşısında təhqir etməsi, jurnalistləri hədələyərək, "Bundan sonra kim məndən yazsa, onu şəxsən özüm döyəcəyəm" deməsi hələ də yaddaşlardan silinməyib. Ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəy isə daxili işlər nazirinə bu qoçuluğuna görə heç nə deyə bilmirdi, Baş nazir Pənah Hüseyn isə demişdir: " İsgəndər bəy, vuranda elə vur ki, heç olmasa, izi qalmasın. Sonra da döyülmələrini sübut edə bilməsinlər". Bəli, ölkəni idarə edənlər bu əqidənin, təfəkkürün və qabiliyyətin sahibi idilər. İndi həmin şəxslərin yenidən hakimiyyət iddiasında olmalarını görəndə lap bişmiş toyuğun da gülməyi gəlir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlişindən sonra demokratik proseslərin inkişafı diqqət mərkəzində saxlanıldı və "Kütləvi informasiya vasitələri haqqında", "Siyasi partiyalar haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlar qəbul edildi. Bununla da AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə mitinq, küçə yürüşü və piketlərin keçirilməsinə qoyulmuş qadağa aradan qaldırıldı. Həmin vaxtdan başlayaraq insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradıldı. Hətta mitinqlərin keçirilməsi üçün müvafiq yerlər də ayrıldı və iştirakçıların təhlükəsizliyinin təmin olunmasını da dövlət öz üzərinə götürdü. Bütün bunlara baxmayaraq, adlarını müxalifət qoyan bəzi bədxahlar ölkədəki davamlı ictimai - siyasi sabitliyi pozmaq və bu yolla guya Azərbaycanda demokratiyanın boğulması, insanların öz fikirlərini azad şəkildə ifadə etmələrinə əngəllər yaradıldığı barədə beynəlxalq aləmdə rəy formalaşdırmağa çalışırlar. Bu çirkin yola əl atan anti - Azərbaycan qüvvələr sanki azərbaycanlı olduqlarını unudur, ermənilərin dəyirmanına su tökürlər. İcazəli mitinqlərdən imtina edərək asayiş keşikçiləri ilə qarşıdurma yaratmağa çalışan belə ünsürlər əksər hallarda özləri - özlərinə xəsarət yetirərək bunu hakimiyyət nümayəndələrinin, xüsusilə də asayiş keşikçilərinin üstünə atırlar. Lakin nə qədər canfəşanlıq etsələr də, əsl həqiqəti ört - basdır edə bilmirlər. Son illər isə onların mitinq çağırışına əhəmiyyət verən olmadı. Hətta mitinqə gələnlərə pul verəcəklərini bəyan etsələr də, belələrinin ardınca gedən yoxdur. Birincisi ona görə ki, radikal müxalifət bu üsuldan bir neçə dəfə istifadə etmiş, mitinq başa çatan kimi, iştirakçılara pul verməyi vəd edənlər qaçıb aradan çıxmışdılar. İkincisi isə, daha heç kim öz evinə haram pul aparmaq istəmir. Azərbaycanda beynəlxalq standartlara cavab verən çoxlu sayda yeni iş yerləri yaradılıb. Hər kəs öz işində - gücündədir. Mitinq keçirmək həvəsinə düşənlər isə ictimai - faydalı əməyə alışmayan, çirkli pullar hesabına yaşayan tüfeylilərdir. İndi onların əksəriyyəti Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin növbəti yalan vədlərinə aldanaraq İctimai Palata adlı qeyri - formal quruma toplaşıb.
1990 - cı illərin ab - havasından, şüurundan, təfəkkür tərzindən hələ də xilas ola bilməyən, xarici himayədarlarının şirin vədlərinə inanaraq hakimiyyəti ələ keçirmək xülyasından ayrıla bilməyən, yalnız mitinq düşüncəsi ilə yaşayan insanlara xalq heç vaxt inanmayıb və bu gün də inanmır.
Artıq hamıya məlumdur ki, belələrinin bütün canfəşanlığı yalnız öz maddi maraqlarının təmin olunması üçündür. Ona görə də onların mitinq çağırışına əhəmiyyət verən yoxdur. Mitinq düşüncəsi ilə yaşayan müxalifət nümayəndələrinin, onlara yaxın olan gənclər təşkilatlarının martın 17-də keçirdikləri aksiya da göstərdi ki, belələrinin sosial bazası və cəmiyyətə verə biləcək tutarlı ideyası yoxdur. Onlar belə şoular təşkil etməklə Azərbaycana düşmən qüvvələrin diqqətini özlərinə cəlb edərək pul qoparmaq istəyirlər.
İctimai Palata adlı qeyri - formal qurumu idarə edənlər çox yaxşı bilirlər ki, onların aprelin 8-də keçirmək istədikləri mitinqə gələn olmayacaq. Ona görə də bəri başdan əl - ayağa düşüblər. Onlar taksi sürücüləri arasında hakimiyyətdən narazı olanları axtarıb öz sıralarını bu yolla genişləndirmək istəyirlər. Mitinqin təşkilat komitəsinin üzvlərinin bir neçə gündür ki, Bakının küçələrinə düşüb yaymaq istədikləri mitinqə çağırış vərəqəsindəki bir cümləni diqqətə yetirməklə onların sosial baza formalaşdırmaq cəhdlərinin şahidi ola bilərik: "Təzyiqlərə məruz qalan taksi sürücüləri... Tək əldən səs çıxmaz. Bir yerdə olsaq isə bizə güc çatmaz..." Fikir verirsinizmi, radikal müxalifət nümayəndələri meydanlarda tək qaldıqlarını özləri də təsdiqləyirlər. İndi də ümidlərini taksi sürücülərinə bağlayıblar və sürücüləri sürücülük məktəbinin təlim meydanına səsləyirlər. Digər tərəfdən isə Əli Kərimlinin tərəfdarları mitinqə iştirakçı toplamaq üçün rayonlara yollanıblar. Ancaq nə mitinqə çağırış vərəqi paylayanlar, nə də rayonlara mitinq iştirakçısı "ovuna" çıxanlar hələ ki, heç nəyə nail ola bilməyiblər. Hətta taksi sürücüləri də onlara layiqli cavab veriblər: "Bizi öz çirkli oyunlarınıza qoşmayın. Gedin tayınızı tapın". Artıq hamıya bəllidir ki, 2013- cü ildə keçiriləcək prezident seçkilərində vahid namizədlik uğrunda İsa Qəmbərlə Əli Kərimli, ümumilikdə isə Müsavat Partiyası ilə AXCP arasında açıq savaş gedir. Bu mitinqin çağırılmasının əsas səbəblərindən biri də budur. Ona görə də heç kim özünü İctimai Palatanın mitinq çirkabına batırmaq istəmir. Aprelin 8- də bunun bir daha şahidi olacağıq.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.