Vətən sizə arxalanır

Bu günlərdə Masallı şəhərindəki Bayraq meydanında həqiqi hərbi xidmətə çağırılmış gənclərin təntənəli yolasalınma mərasimi keçirilmişdir.
Çağırışçıların həyatında unudulmaz bir hadisə olan mərasimə camaat elliklə toplaşmışdı. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi vəzifəsinin icraçısı, polkovnik-leytenant Akif Muradov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq fərmanının icrası ilə əlaqədar olaraq silahlı qüvvələrin və digər hərbi birləşmələrin komplektləşdirilməsi məqsədilə ilk dəfə keçirilən toplantını açıq elan etdi. Dövlət himni səsləndirildi.
Valideyn Əlikram Məmmədov bütün çağırışçılara uğurlar dilədi:
-Vətən oğullarının ən müqəddəs vəzifəsi vətəni qorumaqdır. Tanrıya şükürlər olsun ki, bu gün Azərbaycan ordusu həmin vəzifənin öhdəsindən layiqincə gəlməyə hazırdır. Mən fəxr edirəm ki, bu ordunun sıralarında mənim övladım da qulluq edir. Gedin, uğurlar olsun!
Çağırışçı Röyal Kazımov həqiqi hərbi xidmətə yola salınan gənclərin adından çıxış edərək hər kəsi əmin etdi ki, Azərbaycan gəncliyinin adını uca tutacaq və orduda nümunəvi xidmət edəcəklər.
Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və başqaları çıxış edərək cənab İlham Əliyevin ordunun müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir qüvvəyə çevrilməsinə, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artmasına nail olduğunu vurğuladılar. Çağırışçılara ən xoş arzularını çatdırdılar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iftixarla qeyd etdi ki, bu gün Azərbaycanda ordu quruculuğuna və silahlı qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, əsgər və zabitlərin intellektual səviyyəsinin, hərbi biliklərinin, eləcə də peşəkarlığının artırılmasına çox böyük diqqət yetirilir. Natiq sözünə davam edərək dedi:
-Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və müstəsna xidmətləri nəticəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Qürur hissi ilə deyə bilərik ki, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycanın Silahlı Qüvvələri NATO standartlarına cavab verəcək bir səviyyədə formalaşmışdır. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Ötən il "Azadlıq" meydanında keçirilən hərbi parad Azərbaycan xalqının ümummilli liderinin ideyalarına sədaqətin təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin qüdrətinin parlaq nümayişi idi. Biz unutmamalıyıq ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Buna görə də daim torpaqlarımızın işğaldan azad edilməsinə hazır olmalıyıq. Hər bir vətəndaş orduda xidməti özünün şərəfli borcu hesab etməlidir. Əziz çağırışçılar, inanırıq ki, hər biriniz nümunəvi xidmət göstərəcək, komandirlərinizin əmrlərini sözsüz və can-başla yerinə yetirəcək, hərbi biliklərə mükəmməl yiyələnəcəksiniz. Yalnız xoş soraqlarınızı eşidəcək və sizlə ürəkdən fəxr edəcəyik!
Mərasimdə Masallı rayon mədəniyyət evinin özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olundu.
Çağırışçılar ağsaqqalların xeyir-duası, valideynlərin xoş arzu-istəyi və milli musiqinin təranələri ilə Vətənə xidmətə yola düşdülər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında