Şriftin ölçüsü:
07.04.2012 03:07 | Oxunma sayı: 435
Aprelin 6-da Milli Məclisin növbəti iclası keçirilmişdir.
Əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir.
Gündəlikdəki qanun layihələri müzakirə olunduqdan sonra deputatlar İsa Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsinə razılıq vermişlər.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənilmişdir.
Hesablama Palatasının sədri Heydər Əsədov məruzə ilə çıxış edərək bildirmişdir ki, qurumun 2011-ci ildəki fəaliyyəti barədə hesabat "Hesablama Palatası haqqında" Qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır. Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti qeyd edilən normativ hüquqi aktlara, qurumun müvafiq normativ sənədlərinə və təsdiq olunmuş illik iş planına əsasən həyata keçirilmişdir.
Sədr demişdir ki, cari il yanvarın 16-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hesabat ilində əldə edilmiş nailiyyətlər xüsusi qeyd olunmuş və vurğulanmışdır ki, ötən ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir. Həmin iclasda, eyni zamanda, maliyyə intizamının daha da yüksəldilməsi, büdcə artdıqca məsuliyyətin də artırılması, şəffaflığın tam şəkildə təmin edilməsi, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsi tapşırığı verilmişdir.
Bu tapşırığın keyfiyyətlə yerinə yetirilməsi üçün kənar dövlət maliyyə nəzarətini həyata keçirən orqan kimi Hesablama Palatası kredit sərəncamçılarında maliyyə intizamının daha da gücləndirilməsini, büdcə vəsaitlərindən sui-istifadə edilməsinin və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini özünün prioritet vəzifələri kimi müəyyən etmişdir.
Hesabat ilində Hesablama palatasının 21 iclası keçirilmişdir. Bu iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 79 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir. Hesabat dövründə 46 audit və 7 analitik təhlil işi keçirilmişdir ki, bu da ötən illə müqayisədə 12,8 faiz çoxdur.
Ötən il Hesablama Palatasına dövlət qurumlarından, müxtəlif yerli və xarici təşkilatlardan 1329 sənəd, o cümlədən dövlət təşkilatlarından 599, xarici təşkilatlardan 329, müxtəlif yerli təşkilatlardan 63, mətbuat orqanlarından 17, dövlət hakimiyyət orqanlarından 25, telefonoqram şəklində 11 sənəd daxil olmuşdur.
Eyni zamanda, dövlət hakimiyyəti orqanlarından 126 qanunvericilik aktı, o cümlədən Prezident Administrasiyasından 4 qanun, 7 fərman və 5 sərəncam, Milli Məclisdən 2 qanun, 2 qərar, Nazirlər Kabinetindən 100 qərar və 6 sərəncam daxil olmuşdur.
Hesabat dövründə Palatanın audit tədbirləri üzrə nəzarət fəaliyyəti 2011-ci il üçün Hesablama Palatasının iş planında nəzərdə tutulmuş müxtəlif fəaliyyət istiqamətlərini əhatə etmişdir.
Hesablama Palatası beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmiş, bir sıra beynəlxalq maliyyə qurumları ilə əlaqələr yaratmışdır.
Müzakirələr zamanı deputatlar Hesablama Palatasının hesabatının mükəmməl hazırlandığını vurğuladılar, rəy və təkliflərini bildirdilər.
Sonda hesabat səsə qoyularaq nəzərə alınmışdır.
Sonra iclasda Azərbaycanın Avstraliya İttifaqında səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir.
Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva demişdir ki, Avstraliya İttifaqında Azərbaycan səfirliyinin açılması ölkəmizin beynəlxalq əlaqələrinin daha da artmasına və genişlənməsinə xidmət edəcəkdir.
Deputatlar "Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovici, Boljkovici-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi"ni də təsdiq etmişlər.
Axşam iclasında "Yol hərəkəti haqqında" Qanuna, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə bir sıra dəyişikliklər olunmuşdur. Bildirilmişdir ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin istismarı zamanı sürücülərin məsuliyyətini daha da artıracaqdır. Dəyişikliyə əsasən, yol hərəkət qaydalarının pozuntularına görə tətbiq edilən bəzi cərimələrin məbləği artırılmışdır.
Sonra "Mədəniyyət haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilmişdir.
Layihə barədə məlumat verən Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirmişdir ki, bu qanun Konstitusiyada təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, təşkilati, hüquqi və iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və vəzifələrini, həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edəcəkdir.
Bildirilmişdir ki, bu qanun həm də mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların hazırlanmasında baza rolunu oynayacaqdır.
Müzakirələr zamanı deputatlar qanun layihəsinin konseptual baxımdan əhəmiyyətini xüsusi vurğulamışlar.
Sonda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunmuşdur.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.