Demokratiyanın təməl prinsiplərindən olan azad və şəffaf seçkilər hakimiyyətin dinc yolla ötürülməsində çox mühüm rol oynadığı üçün bu gün dünyanın inkişaf etməkdə olan bir çox ölkələrində ən aktual müzakirə mövzularından sayılır.
Öz nümayəndələrinə səs verməklə xalq cəmiyyətin taleyinin asılı olacağı lideri seçir. Məhz buna görə seçkilər sıravi vətəndaşlara böyük səlahiyyətlər verir: səsvermə onlara gələcək hakimiyyətin siyasətinə, həmçinin özlərinin gələcək talelərinə təsir göstərmək imkanı verir.
Seçkilərin keçirilməsi ənənəsi öz başlanğıcını Böyük Britaniya tarixinin kolonial dövründən götürsə də, Amerikanın nümayəndəli demokratiyası 1788-ci ildə ABŞ Konstitusiyasının ratifikasiyasından sonra yaranmışdır. Araşdırdığımız materialda biz, əsasən, ABŞ-ın müasir seçki sisteminin özəlliklərini, onun federal, ştatlar və yerli özünüidarə orqanlarına necə təsir etdiyini öyrənməyə çalışmışıq. 18 yaşına çatmış ABŞ vətəndaşlarının ümumi səsvermə sisteminin formalaşması kimi olduqca mürəkkəb və bəzən çox dolaşıq proses bir neçə inkişaf mərhələsi keçmişdir.
{nl}
Amerika Birləşmiş Ştatlarında seçkilər
ABŞ-ın bir sıra ştatlarında Konqresə və yerli hakimiyyət orqanlarına seçkilər cüt illərdə keçirilsə də, bəzi ştatlarda yerli inzibati vahidlərə seçkilər tək illərdə keçirilir.
Amerikalılar dörd ildən bir prezidenti və vitse-prezidenti, iki ildən bir isə 435 konqresmeni və 100 senatorun üçdə birini seçirlər. Ştatların nümayəndələri Senata altı illiyə seçilsələr də onların üçdən biri qrafiklə hər iki ildən bir yenidən seçilirlər.
ABŞ-da mürəkkəb federal idarəetmə sistemi mövcuddur. Bu sistemə görə mərkəzi hakimiyyətin mövcud olmasına baxmayaraq, yerli administrasiyalar kimi ştatların hakimiyyət orqanlarına verilmiş səlahiyyətlər, konstitusiya ilə federal hakimiyyətə verilməmişdir. Ştatlar və yerli hakimiyyət orqanları öz yurisdiksiyaları çərçivələrində seçki keçirilməsi məsələsində müəyyən dərəcədə müstəqildirlər. Ancaq bütün bunlara baxmayaraq, seçkilər çox ədalətli və təşkilatı nöqteyi-nəzərdən dəqiq həyata keçirilir.
ABŞ-da seçkilərin növləri
Bu ölkədə iki əsas seçki növü mövcuddur- ilk partiya və ümummilli seçkilər. İlkin seçkilər və ya praymerizlər ümummilli seçkilərə qədər keçirilir və məqsədi bu seçkilərdə iştirak edəcək partiya namizədlərinin irəli sürülməsidir. İlkin seçkilərdə qalib gəlmiş namizədlər öz partiyalarını ümumi seçkilərdə təmsil etməlidirlər. Bununla belə həmin partiyadan özünü irəli sürmüş adamın namizədliyinin tam təsdiqlənməsi üçün bir neçə mərhələdən keçməsi də istisna deyil.
20-ci yüzilliyin əvvəllərindən başlayaraq, ilkin seçkilər partiyadan olan namizədlərin müəyyənləşməsi yolunda ən başlıca seçki mexanizminə çevrilmişdir. Əlbəttə, nadir hallar istisna olmaqla, ilkin seçkilərdə qələbə onunla nəticələnib ki, partiya qalibi ümumi seçkilərdə iştirak edəcək namizədi kimi təsdiq edilib. Bəzi ştatlarda ənənəyə və ya siyasi partiyaların seçiminə uyğun olaraq, partiyadan namizədlər ilkin seçkilərdə deyil, ştatların və ya yerlərin nominasiya konvensiyalarında seçilirlər.
İlkin seçkilər və ya konvensiyalar başa çatdıqdan sonra ümumi seçkilər keçirilir və burada kimin namizədliyə seçim yerini tutacağı müəyyənləşir. Səsvermənin iştirakçıları bülletendə göstərilən partiya namizədlərinin arasından son seçimlərini edirlər. Ümumi seçkilərdə bülletenə, ilkin seçkilərin nəticələrindən asılı olmayaraq, namizəd qismində öz müdafiəsi üçün müəyyən edilmiş sayda imzalı petisiya təqdim etmiş müstəqil namizədlər də (heç bir siyasi partiya ilə bağlı olmayan) daxil edilə bilərlər. Buradan başqa, bəzi ştatlarda bülletenlərdə ayrılan xüsusi qrafalarda seçicilər, partiyalar tərəfindən irəli sürülməyən və petisiyalar vermək yolu ilə kvalifikasiya olunmayan başqa namizədlərin adlarını da yaza bilərlər. Belə namizədləri "öz-özünə irəli sürülənlər" adlandırırlar və vaxtaşırı belə namizədlərə hətta yerli səviyyələrdə keçirilən seçki kampaniyalarını udmaq da müyəssər olur.
Birləşmiş Ştatlarda seçki prosesinə yalnız müəyyən vəzifəyə hansısa namizədin seçilməsi daxil olmaya da bilər. Bəzi ştatların və yerli yurisdiksiyaların bülletenlərinə həmçinin yerli hakimiyyətin siyasəti haqqında məsələlər də daxil ola bilər ki, buna seçici öz münasibətini bildirsin. Adətən, ştatın yerli qanunvericilik orqanı, yerli şura və ya idarə heyətinin üzvləri tərəfindən səsverməyə (referenduma) çıxarılan məsələlər, vətəndaşların (qanunvericilik təşəbbüsü) petisiyaları əsasında bülletenə daxil edilən məsələlərə bərabər səviyyədə olur və belə məsələləri adətən yerli istiqraz vərəqələrinin buraxılması (yerli hakimiyyətin layihələrini dəstəkləmək üçün vəsaitin cəlb olunması) və ya yerli hakimiyyətin kursunun dəstəklənməsi və ya qəbul edilməməsi kimi sualları əhatə edir. Son onilliklərdə seçicilərin iradələrinin bu cür ifadəsi, xüsusilə ştatların büdcələrinin və siyasətlərinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir etməkdədir.
Cüt illərdə keçirilən federal, ştatlar və yerli seçkilərdən başqa, bəzi ştatlar və yerli ərazi yurisdiksiyaları tək illərdə əlavə "aralıq" seçkilər də keçirirlər. Bundan əlavə, əksər yurisdiksiyalarda, əgər buna xüsusi zərurət yaranarsa, deyək ki, gözlənilmədən seçkili orqanda vakant vəzifə açılarsa və bura təyinatı seçki nəzərdə tutursa, istənilən vaxt təşkil oluna biləcək xüsusi seçkilərin keçirilməsi imkanları da var.
Prezident seçkiləri
Dörd ildə bir dəfə, noyabr ayının ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günü Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri keçirilir. Ümumi seçkilərə qədər ştatlarda keçirilən ilkin partiya seçkilərində (praymerizlərdə) və kokuslarda (iclaslarda) milli partiya qurultaylarına nümayəndələr seçilir. Bu praymerizlər və kokuslar adətən yanvardan iyun ayına qədər davam edir və onlar başa çatandan sonra seçki ilinin yayında keçirilən partiya qurultaylarının vaxtı çatır.
1970-ci illərdən başlayaraq partiya qurultaylarında təsdiq olunacaq prezidentliyə namizədlər qurultaylar keçirilənə qədər artıq məlum olur. Çünki praymerizlər və kokuslar mövsümü başa çatana qədər bu marafonun lider namizədləri artıq əksər nümayəndələrin dəstəyini qazanmağa nail olurlar. Ona görə də Amerikada partiya qurultayları bu gün daha çox təntənəli təqdimat mərasimi xarakteri daşıyır. Onun başlıca mərhələləri aşağıdakılardan ibarətdir; partiya liderlərindən birinin (və ya bir neçəsinin) proqram xarakterli çıxışı, təsdiq olunmuş prezidentliyə namizədlə bərabər vitse-prezident postuna namizədliyi irəli sürülənin rəsmən elan olunması, hər bir ştatdan nümayəndələrin səsverməsinin nəticələrinin elan olunması, həmçinin partiyanın platformasının ( bütün əsas problemlər üzrə partiyanın mövqeyini müəyyən edən əsas sənədin) təsdiq olunması. Kütləvi informasiya vasitələrinin siyasi hadisə kimi işıqlandırdığı qurultay ümumi seçki kampaniyasının başlandığını göstərməklə yanaşı, həm də bu partiyadan olan namizədin mövqeyini populyarlaşdırır və onun mövqeyinin opponentinin mövqeyindən nə ilə fərqləndiyinin mahiyyətini nümayiş etdirir.
Səsvermə hüququ olan seçicilərin seçkilərdə iştiraketmə faizi seçkidən seçkiyə fərqlənir. Ötən əsrin ortalarında keçirilən seçkilər göstərir ki, ABŞ-da hətta prezident seçkilərində seçicilərin səsvermədə iştirakı digər demokratik ölkələrin əksəriyyətində olduğundan aşağı olmuşdur. Bu tendensiya 1960-cı ildən müşahidə edilməkdə idi. Belə ki, əgər 1960-cı ildə seçkilərdə 64 faiz seçici iştirak etmişdisə, 1996-cı ildə bu göstərici 50 faizə enmişdi. Buna baxmayaraq, son üç prezident seçkisində səsvermədə iştirak edənlərin sayı yenidən artmağa başlamışdır.
ABŞ-da seçici fəallığının aşağı düşməsini bir çox səbəblərlə əlaqələndirirlər. Əvvəla, bir çox demokratik ölkələrdən fərqli olaraq, ABŞ-da seçici şəxsən qeydiyyatdan keçməlidir ki, səsvermə hüququ olsun və bu proses hər bir ştatda heç də eyni deyil. İkinci bir səbəb isə, bəzi ölkələrdən fərqli olaraq, səsvermənin eynən bizdə olduğu kimi bu ölkədə də könüllü olmasıdır. Nəzərə alsaq ki, ölkədə 1 milyondan artıq seçkili vəzifə var və onları doldurmaq üçün çoxlu sayda seçkilərdə iştirak etmək lazım gəlir, onda seçicilərin bu demokratiya mexanizmindən yorulduğunu da istisna etmək olmaz.
Statistika göstərir ki, seçicilər siyasi şəraitdən kifayət qədər razı qaldıqları halda və ya ictimai rəy sorğuları hər hansı namizədin qələbəsinin qaçılmaz olduğunu göstərəndə, onların fəallığı aşağı düşür. Siyasi şərhçilər bu fikirdədirlər ki, seçici fəallığı ya namizədlər arasında mübarizənin gərginliyinə uyğun olaraq artır, ya da səsvermə bülleteninə cəmiyyətdə ciddi fikir ayrılığı yaradan məsələ daxil ediləndə.
Namizədlərə verilən tələblər
Federal hakimiyyətdə hər bir seçkili vəzifə ABŞ Konstitutsiyasının 1 və 2-ci maddələrində göstərilən tələblərə uyğundur. Məsələn, prezidentliyə namizəd yalnız ABŞ ərazisində doğulmuş, yaşı 35-dən yuxarı olan və 14 ildən az olmayaraq ABŞ-da yaşamış bu ölkənin vətəndaşı ola bilər.Vitse-prezident də eynən bu tələblərə uyğun gəlməlidir. ABŞ Konstitutsiyasına 20-ci düzəlişə müvafiq olaraq vitse-prezident prezidentin təmsil etdiyi eyni bir ştatı təmsil edə bilməz.
ABŞ Konqresinin Nümayəndələr Palatasına namizədliyini yeddi ildən az olmayaraq ABŞ vətəndaşlığı olan, Konqresə namizədliyini irəli sürmək istədiyi ştatda 25 ildən az olmayaraq rəsmən yaşayan vətəndaş irəli sürə bilər. ABŞ Senatına namizəd isə doqquz il vətəndaşlığı olan, Senatda təmsil etmək istədiyi ştatda 30 ildən az olmayaraq yaşayan ABŞ vətəndaşı ola bilər. Ştatların və yerli orqanlara seçkili vəzifələrə namizədliyini irəli sürmək istəyənlər də mövcud yurisdiksiyaların müəyyənləşdirdikləri tələblərə uyğun gəlməlidirlər.
1951-ci ildə ratifikasiya olunmuş ABŞ Konstitutsiyasına 22-ci düzəliş isə eyni bir vətəndaşın ABŞ prezidentliyinə iki müddətdən artıq seçilməsini qadağan edir. Bununla belə ABŞ Konstitutsiyası Konqresin Nümayəndələr Palatasının üzvlüyünə və senatorlara neçə müddətə seçilməyə hər hansı məhdudiyyətlər qoymur, baxmayaraq ki, müxtəlif vaxtlarda bəzi siyasi qruplar bu cür məhdudiyyətlərin qəbul edilməsinə çox səy göstərmişlər. Ştatlar və yerli orqanlar səviyyəsində məmurların təkrar seçilməsinə məhdudiyyətlər ayrı-ayrı ştatların konstitusiyaları və yerli qanunverici hakimiyyət orqanlarının qərarları ilə müəyyən edilir.
Seçkilərin maliyyələşdirilməsi
ABŞ seçki sisteminin bir çox cəhətdən maraq doğuran sahələrindən biri də məhz seçkilərin maliyyələşdirilməsidir. Federal qanunvericilik prezident, senator və Nümayəndələr Palatasının üzvlüyü kimi federal postlara (və onların siyasi müttəfiqlərinin müəyyən dairəsinə) namizədlərə öz seçki kampaniyalarını keçirmələri üçün vəsait toplamaq qaydalarını dəqiq müəyyənləşdirmişdir.Yəni kimlərdən və hansı həcmdə vəsait toplamaq olar. Lakin federal seçki kampaniyalarını maliyyələşdirmək haqqında qanunlar ştatların yerli əhəmiyyətli vəzifələrə seçkiləri tənzimləyən qanunlardan kəskin şəkildə fərqlənirlər.
Birləşmiş Ştatların seçki sistemi şəraitində prezident postuna namizədlər öz kampaniyaları üçün 100 milyondan yuxarı seçicisi olan ölkədə yüz milyon dollarlarla vəsait toplayırlar. Əksər hallarda vəsaitin şəxsi mənbələrdən daxil olmasına baxmayaraq, pulların toplanması və xərclənməsi qanunla çox ciddi şəkildə tənzimlənir.
Prezidentliyə namizəd öz kampaniyasını keçirmək üçün ilk növbədə təşkilat- siyasi komitə təsis etməlidir. Siyasi komitənin mütləq öz xəzinədarı olmalıdır və komitə Federal Seçki Kommissiyasında (FSK) qeydiyyatdan keçməlidir. Adına baxmayaraq, bu komissiya yalnız seçki kampaniyalarının maliyyələşdirilməsi haqqında qanunların icrasına nəzarət edir. Seçicilərin qeydiyyatı, seçkilərin keçirilməsi və səslərin sayılması proseslərinə isə komissiyanın ştatlardakı və yerlərdəki məmurları məsuliyyət daşıyır.
Müxtəlif tipli siyasi komitələr FSK-da qeydiyyatdan keçirlər. Siyasi partiyalar namizədlərlə yanaşı öz siyasi komitələrini də bu komissiyada qeydiyyatdan keçirməlidirlər. Bundan əlavə, istənilən siyasi qrup da öz siyasi komitəsini yarada bilər.
Siyasi komitələr qeydiyyatdan keçdikdən sonra seçki kampaniyası üçün vəsait toplamağa başlaya bilərlər. Toplanan və xərclənən vəsait haqqında hər rübdə və ya ayda FSK-ya hesabat verilir. Bu hesabatlar elektron formada da verilə bilər. Ancaq bütün hallarda FSK-nın veb saytında (www.fec.gov) seçicilər üçün açıq olmalıdır. Namizədlərin, siyasi partiyaların və siyasi fəaliyyət komitələrinin seçki fondlarına daxil olan və xərclənən vəsaitləri izləmək üçün bir çox xüsusi təşkilatlar da şəxsi saytları dəstəkləyirlər. Bütün bunlar ona görə edilir ki, hansı qrupların hansı namizədləri pulla təmin etdiyi və bunda nə məqsəd güddüyü haqqında informasiyaları kütləvi informasiya vasitələri və seçicilər daha asan əldə edə bilsinlər. Fiziki şəxslərə və komitələrə onların dəstəklədikləri namizədin fonduna keçirəcəkləri pulun məbləği qanunla müəyyənləşdirilmişdir. Ona görə də prezident kampaniyasına yüz milyonlarla dollar vəsait toplamalı olan prezidentliyə namizədlər minlərlə donor tapmağa çalışmalıdırlar.
2010-cu ildə ABŞ ali məhkəməsinin mübahisəli qərarı birdən-birə seçki kampaniyalarını maliyyələşdirmək haqqında qanunu dəyişdi. Bu qərar qəbul olunana qədər qanun korporasiyalara və həmkarlar ittifaqlarına prezidentliyə və ya Konqres üzvlüyünə namizədlərin dəstəklənməsinə və onlara qaşı kampaniyalar aparılmasına birbaşa vəsait xərcləməyi qadağan edirdi. Ayrı-ayrı qruplardan olan şəxslərə isə siyasi fəaliyyət komitələri (SFK- PAC) himayəsi altında xüsusi, ayrıca fondlar yaratmağa icazə verilirdi ki, korporativ və ya həmkarlar ittifaqlarının vəsaitlərindən istifadə etmədən siyasi partiyaların və ya namizədlərin kampaniyalarının dəstəklənməsinə xeyriyyəçilik etsinlər. Ali məhkəmənin mübahisəli qərarından sonra korporasiyalar və həmkarlar ittifaqları seçkilərdə bu və ya digər namizədin qələbəsinə və ya məğlubiyyətinə nail olmaq üçün birbaşa qeyri-məhdud məbləğdə vəsait xərcləmək hüququ əldə etdilər. Ancaq onlar bunu bu və ya digər namizədin seçki qərargahı ilə razılaşdırmamaq şərti ilə həyata keçirirlər.
Namizəd bu və ya digər posta seçki kampaniyasını təşkil etmək üçün öz seçki qərargahına personal seçməli, iş otaqlarının və ölkəyə səfərlərin təşkilinin qayğısına qalmalı, tədqiqatlar aparmalı, öz mövqeyini nümayiş etdirəcək memorandumlar nəşr etdirməli, radioya, televiziyaya, dövrü nəşrlərə və internetə reklamlar verməli, həmçinin vəsait toplanması üçün keçirilən tədbirlərdə seçiciləri ilə müntəzəm görüşməlidir. Nümayəndələr Palatasına üzvlüyə namizədlər də eynən bunları həyata keçirməlidirlər, lakin təkcə öz ştatlarının ərazisində. Konqresmenlər və senatorlar da həmçinin vəsait toplamaq üçün öz ştatlarından kənarda tədbirlər keçirə bilərlər (məsələn, Vaşinqtonda). Prezidentliyə namizədlərin qarşısında olduqca çətin və zəhmət tələb edən məsələlər durur - hər bir ştatda ayrıca ilkin kampaniyalar keçirmək, nominasiya olduğu halda isə bütün ölkə üzrə ümummilli seçki kampaniyası aparmaq.
Dövlət tərəfindən maliyyələşmə
Prezidentliyə namizədlər 1976-cı ildə dövlətdən maliyyələşmə hüququ aldılar. 2000-ci ilə qədər prezident postuna namizədliyi irəli sürülmüş istənilən adam bu sistemdən istifadə edir, qanunda dəqiq göstərilmiş məbləğdən artıq xərcləməyəcəyinə vəd verib əvəzində büdcədən pul alırdı. Lakin zaman ötdükcə bu sistem namizədlərin gözündə cazibədarlığını daha da itirir, çünki müəyyən edilmiş məbləğ olduqca az hesab olunur . Axı qabaqcıl namizədlər çox asanlıqla şəxsi mənbələrdən bundan qat-qat çox vəsait toplaya bilirlər. Nəticədə namizədlərin əksəriyyəti dövlət subsidiyalarından imtina etməyi daha uyğun hesab edirlər.
Birləşmiş Ştatlarda seçkidən seçkiyə kampaniyalara sərf olunan vəsait artmaqda davam edir. Seçkilərin nəticələrinə təsir göstərməyə çalışan namizədin öz xərclərindən başqa, həmçinin siyasi partiyalar, siyasi fəaliyyət komitələri və müxtəlif maraqları təmsil edən başqa qruplar da az vəsait xərcləmirlər. Məsələn, seçkilərə vəsait toplamaq metodikasında yeni tendensiyalardan biri ABŞ-ın Vergi Kodeksinin müvafiq bölməsinə əsasən, yaradılmış "527-ci bölmə üzrə siyasi təşkilatlar"dır. Bu qruplar, əsasən, federal, ştatlar və ya yerli səviyyələrdə dövlət vəzifələrinə namizədlərin müəyyənləşdirilməsi, irəli sürülməsi, seçilməsi və ya təyin olunmasına təsir göstərmək məqsədi ilə yaradılır. 527-ci bölmə üzrə yaradılmış belə siyasi təşkilatlara, "MoveON" ("İrəli") və ya "Swiftboat Veterans for Truth" (" Sürətli katerlərin veteranları həqiqət uğrunda") kimi təşkilatlar daxildir. Onlar Federal Seçki Komissiyasına və ya ştatların seçki komissiyalarına tabe olmur, SFK-lərdən fərqli olaraq, onlara vəsait toplamaq limiti şamil olunmur. Bunların və bunlara bənzər qrupların tənqidçiləri artıq çoxdan iddia edirlər ki, Amerikanın seçkilərinə sərf olunan küllü miqdarda vəsaitə uyğun olaraq namizədin şəxsi mənbələrdən, bu və ya digər maraqları təmsil edən zəngin donorlar və nəhəng qruplardan asılılığı artır, açıq siyasətə qanunsuz təsir dairəsi genişlənir.
Təklif olunan islahatların əleyhdarları qismində çıxış edənlər isə seçkilərə məsrəfləri müasir iqtisadiyyatda məhsulun və xidmətin dəyərinə bərabər hesab edirlər. Bu mənada seçkilərə məsrəflərə demokratiyanın seçki öncəsi rəqabətə ödədiyi qiymət kimi, külli miqdarda üzvlük haqları və maraq qruplarının xərclərinə isə ənənəvi Amerika plüralizminin müasir ifadəsi kimi baxılır. Maraq qruplarının xeyriyyəçiliyi ilə dövlət siyasəti arasında konkret əlaqələrin olduğunu sübut etmək isə o qədər də asan deyil.
Məhkəmə orqanları da çox tez-tez belə bir sual qarşısında düşünməli olurlar ki, seçki kampaniyalarına xeyriyyəçiliyin və məsrəflərin bundan sonra da məhdudlaşdırılması donorların Konstitusiya ilə müdafiə olunan siyasi meydanda söz azadlığını sıxışdırmayacaqmı? Müasir seçki kampaniyalarına sərf olunan nəhəng məbləğləri nəzərə alaraq, bəzi çox zəngin adamlar özünün bu və ya digər vəzifəyə seçki kampaniyalarını maliyyələşdirirlər. Bu heç bir qanunla qadağan olunmamışdır. Belə qayda isə onlara bəzən qələbə, bəzən də məğlubiyyət gətirir.
{nl}
Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.