Şriftin ölçüsü:
06.04.2012 01:45 | Oxunma sayı: 604
Dünyanın 170 dövlətinin daxil olduğu Beynəlxalq DənizTəşkilatının (BDT) tam hüquqlu üzvü olan Azərbaycan ötən müddətdə bu təşkilatın dənizçilik sahəsində 20-dən artıq beynəlxalq konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycanın dövlət bayrağı altında üzən gəmilər tərəfindən bu konvensiyaların tələblərinin yerinə yetirilməsinə nəzarət edərək, müvafiq sahədə böyük uğurların qazanılmasını təmin etmişdir.
Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasət çərçivəsində Dövlət Dəniz Administrasiyası beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda respublikamızın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Dövlət Dəniz Administrasiyası tərəfindən dəniz nəqliyyatı sahəsi üzrə görülmüş işlərə dair hazırlanmış və BDT-yə təqdim olunan, habelə Assambleyanın və komitələrin iclaslarında dinlənilən müfəssəl hesabatlar respublikamızın dünya dəniz dövlətləri sırasında etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynamışdır.
Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimlənməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi diqqət yetirir. Administrasiya çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə BDT ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumlarla da inkişaf etdirməkdədir.
Məhz belə bir məhsuldar əməkdaşlığın nəticəsidir ki, BDT-in və ADTA-nın müstəqil ekspertləri tərəfindən həyata keçirilmiş audit yoxlanışından sonra respublikamız BDT-in "Ağ siyahı"sına daxil edilmişdir. Bundan başqa, Avropa Komissiyasının qərarı ilə Dövlət Dəniz Administrasiyasının fəaliyyəti, Azərbaycan Respublikasında dənizçilərin hazırlanması prosesi müsbət qiymətləndirilmiş və göstərilən faktlar, habelə hazırda respublikamızın dəniz nəqliyyatı sahəsində öndə gedən dəniz dövlətləri ilə bir cərgədə olması BDT-in baş katibi tərəfindən də dəfələrlə vurğulanmışdır.
Həmçinin ölkəmiz hazırda bütün dünya dövlətlərini ciddi narahat edən dəniz quldurluğu ilə mübarizə sahəsində də BMT, BDT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri quraraq, bu istiqamətdə beynəlxalq normativ sənədlərin layihələrinin hazırlanmasında fəal iştirak etməkdədir. Qeyd edilənlərlə yanaşı, mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Dəniz Administrasiyası yaradıldığı vaxtdan etibarən təsnifat cəmiyyətlərinin fəaliyyəti üçün münbit şəraitin yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş nəzarət mexanizminin formalaşdırılması, habelə təsnifat cəmiyyətlərinin işinin təkmilləşdirilməsi məqsədilə zəruri səmərəli tədbirlərin həyata keçirilməsinə də nail olmuşdur.
Prezident İlham Əliyevin iştirakı ilə ötən il dekabrın 28-də qurumun yeni, müasir inzibati binasının istifadəyə verilməsi və burada qabaqcıl texnologiyaların tətbiqi ölkə suları çərçivəsində hərəkət edən gəmilərin izlənilməsində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının qoşulduğu "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya (SOLAS-74) əsasən, yeni inzibati binada Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ/LRİT) Milli Mərkəzinin fəaliyyətə başlaması bunun sübutudur. Mərkəzdə dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin yaradılması, Azərbaycan Respublikası ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət olunması, gəmilərin üzmə rejiminə riayət edilməsinin diqqətdə saxlanılması, habelə Azərbaycan Respublikasının ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sisteminin (GHİS) təşkili həyata keçirilir. Mərkəzin funksiyalarına Azərbaycan Respublikası ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin olunması, naviqasiya xəbərdarlıqlarına və hava proqnozuna dair məlumatların verilməsi, həyəcan siqnallarının və digər informasiyaların qəbulu, əlaqənin qurulması da daxildir. Bundan başqa, beynəlxalq təşkilatlarla yanaşı, digər ölkələrin müvafiq mərkəzləri və gəmiçilik şirkətləri ilə daimi operativ bağlantının yaradılması, informasiya mübadiləsinin həyata keçirilməsi də mərkəzin funksiyalarına daxildir ki, bunlar da dəniz nəqliyyatında əsas yerləri tutur.
Hazırda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq, beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda respublikamızın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Dövlət Dəniz Administrasiyası qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi, normativ-hüquqi və texniki bazanın daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir və bundan sonra da keçirəcəkdir.
{nl}
Ehtiram RƏHİMOV, Dövlət Dəniz Administrasiyasının rəis müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.