Qüdrət HƏSƏNQULİYEV: Azərbaycanda İsa Qəmbərə Əli Kərimlidən çox nifrət edən adam yoxdur
Azərbaycan artıq mötəbər beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrilib. Son illər ölkəmizdə çoxlu sayda beynəlxalq konfranslar, dünya miqyaslı idman yarışları və digər nüfuzlu tədbirlər keçirilib. Bu günlərdə Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsi, "Eurovision-2012" mahnı müsabiqəsinə möhtəşəm hazırlıq işləri Azərbaycanın dünya birliyində reytinqinin getdikcə artmasından, əlaqələrinin daha da genişlənməsindən xəbər verir.
Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi, Azərbaycana həm də dünya miqyasında olan inam və etimadın daha da möhkəmlənməsinin nəticəsidir. Söz yox ki, dünya birliyinin müstəqil dövlətimizə olan etimadı ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində də özünü göstərmişdi. Dünyanın 155 dövlətinin bu seçkilərdə Azərbaycanı dəstəkləməsi davamlı şəkildə həyata keçirilən xarici siyasətimizin uğuru idi. Bu, eyni zamanda Azərbaycanın artıq beynəlxalq aləmdə yüksək nüfüz sahibi olmasından xəbər verirdi.
Bu gün dünyanın tanınmış ictimai-siyasi xadimləri ölkəmizdəki inkişafı yüksək qiymətləndirdikləri bir vaxtda adlarını müxalifət qoyan bir qrup araqarışdıran müxtəlif vasitələrlə qarşıdurma yaratmağa çalışır. Lakin özlərini süni surətdə "lider" elan edənlərin arxasınca gedən, onların çağırışlarına əhəmiyyət verən yoxdur. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində radikal, dağıdıcı müxalifət etiraz aksiyaları keçirmək qərarı ilə ictimai-siyasi sabitliyi gərginləşdirməyə, qarşıdurma yaratmağa, beynəlxalq arenada Azərbaycanın nüfuzuna xələl gətirməyə və bundan istifadə edərək öz cılız, antimilli iddialarını reallaşdırmağa cəhd göstərir. Müsavat, AXCP və digər partiyaların başçıları və funksionerləri iqtidar-müxalifət münasibətlərinin sivil normalara uyğun inkişafında maraqlı deyillər. Onlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda, iğtişaşlar törətməkdə maraqlı olan düşmən qüvvələrin şifarişlərini yerinə yetirirlər.
Bir qədər əvvəl ermənilər də "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsini boykot etmək üçün ən iyrənc üsullara əl atmışdılar. Onlar hazırda Macarıstanda həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun şəkillərini montaj etməklə ölkəmizə gələcək nümayəndələrdə xof yaratmaq istəyirdilər. Lakin erməni məkrinə, hiyləsinə, paxıllığına əhəmiyyət verən olmadı. Çünki artıq dünya ictimaiyyətinə də məlumdur ki, Azərbaycanda davamlı ictimai - siyasi sabitlik hökm sürür, xalqımız qonaqpərvər, sülhsevər və yüksək mədəniyyətə malikdir. Təəssüf ki, radikal müxalifət nümayəndələri də bu möhtəşəm mahnı müsabiqəsi ərəfəsində icazəsiz aksiyalar keçirmək barədə düşünürlər. Üstəlik dövlət qarşısında şərt də qoyublar: ötən il aprelin 2-də icazəsiz aksiya keçirməyə cəhd edənlərə verilmiş cəza ləğv edilsin. Bu iddiada olan müxalifət nümayəndələrinə xatırlatmaq istərdik ki, dünyanın bütün ölkələrində qanunsuz aksiya keçirənlər qanun qarşısında cavab verirlər. Məsələn, İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş referendumun nəticələrinə görə, müvafiq icazə olmadan mitinq, nümayiş, piketdə iştirak edən və aksiyalar zamanı qanun pozuntusuna yol verən hər bir şəxs 110 min dollara kimi cərimə olunacaq. Yeni məhdudiyyətlərə əsasən, insanlara və onların əmlakına təhlükə yarandıqda, yerli hakimiyyət orqanları aksiyaların marşurutlarını dəyişmək və ya onları qadağan etmək səlahiyyətinə malikdir. Qanunları pozanlar 5 il müddətinə aksiyalarda iştirak etmək hüququndan məhrum edilə bilər.
Avropanın inkişaf etmiş ölkələrində müxalifət dövlət tərəfindən aksiyalar üçün ayrılmış yerlərə toplaşır və öz tədbirlərini iğtişaş törətmədən keçirirlər. Məsələn, İtaliyada, İspaniyada və digər ölkələrdə aksiyalar yalnız dövlət tərəfindən müəyyənləşdirilmiş yerlərdə keçirilir. Həmin ölkələrdə müxalifətin ardınca gedən tərəfdarları da var. Azərbaycanda isə müxalifət dövlətin müəyyənləşdirdiyi ərazilərdə mitinq keçirməkdən imtina edir. Bunun əsas səbəblərindən biri həmin ərazidə tək qalacaqlarıdır. Çünki çox yaxşı bilirlər ki, onların ardınca gələn olmayacaq. Ona görə də əhalinin gur olan yerlərində aksiya keçirmək istəyirlər. Bir də ki, əhali niyə onların arxasınca getməlidir ki? Bu gün ölkəmizdə kifayət qədər iş yerləri açılmış, əmək haqları, pensiyalar, sosial müavinətlər artırılmışdır, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət sayəsində artıq Ermənistan beynəlxalq aləmdə bir küncə sıxışdırılıb. Hazırda dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq qurumları Ermənistanı rəsmən işğalçı dövlət kimi tanıdıqlarını bəyan etmişlər. Bütün bunlardan sonra mitinq keçirməyə əsas varmı? Ölkəmizin tanınmış ictimai-siyasi xadimləri də bu gün mitinq keçirməyə elə bir əsas görmürlər.
Politoloq Cümşüd Nuriyev Azərbaycanda vətəndaşların kütləvi aksiya keçirmələrinə tutarlı səbəb olmadığını bildirərək deyib: "İctimai Palatanın üzvü olan 5-10 nəfərdən başqa mitinqə kiminsə çıxacağı inandırıcı görünmür. Heç bir təsir gücü qalmayan müxalifətin böyük mitinq təşkil edəcəyi mümkün deyil. Çünki artıq bu gün onların arxasınca gedəcək kimsə yoxdur".
VİP sədri Əli Əliyevin dedikləri də politoloqun fikirləri ilə üst-üstə düşür: "Cəmiyyətin Azərbaycan müxalifətinə etibarı yoxdur. Müxalifət "liderləri" cəmiyyətdəki proseslərə təsir edə bilmirlər. Özünü süni surətdə "lider" elan etməklə öndər olmaq mümkün deyil". Özlərini müxalifətin öndəri hesab edən AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərin yalan vədlərinə inanaraq martın 17-də mitinqə çıxan bir qrup gəncin hərəkətləri bir daha təsdiqlədi ki, müxalifət hələ də mitinq keçirmək mədəniyyətinə yiyələnməyib.
Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdikləri aksiyada Azərbaycan xalqının onun aparıcı qüvvəsi olan gəncliyin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranış nümayiş etdirildi. Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən danışanlar öz "liderlərinin" mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkərlərlə ifadə etdilər. Meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını həmişə təkrarlayan radikal müxalifətin həqiqətdə nəyə qadir olduğunu bu aksiya açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur. Müasir Azərbaycan gəncliyi müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür.
Bu gün müxalifət İctimai Palata adı altında guya birlik görüntüsü yaradıb. Əslində isə onların "birliyi" yalnız bu qondarma qurumun bir-iki saatlıq dava-dalaşla, təhqir və ləyaqətsiz sözlərlə müşaiyət olunan toplantısından başqa bir şey deyildir. Toplantı başa çatan kimi (sözləri düz gəlmədiyinə görə iclasları həmişə yarımçıq qalır) yenə də bir-birlərinə nifrətlərini gizlətmirlər. BAXCP sədri Qüdrət Həsənquliyev də öz müsahibələrinin birində bunu təsdiqləyərək deyib: "Azərbaycanda İsa Qəmbərə Əli Kərimlidən çox nifrət edən adam yoxdur. Onlar zorən "müttəfiqdirlər" və İ.Qəmbər bilir ki, istənilən məqamda Ə.Kərimli onu sata bilər". Çünki satqınçılıq və xəyanətkarlıq radikal müxalifətin əsas xüsusiyyətidir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.