Balakənli gənclər Vətənə sədaqətlə xidmət edirlər

Builki baharın ikinci ayının ilk günü onlarca balakənli gəncin həyatının ən unudulmaz günlərindən biri kimi yaddaşlara yazıldı. Çünki onlar həyatlarının ən məsuliyyətli dövrünü - Vətənə, xalqa, dövlətə, anamız Azərbaycana olan övladlıq borcunun yerinə yetirilməsinin birinci mərhələsinə - hərbi xidmətə aprelin 2-də başladılar.
Elə səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi üçün də həmin gün əlamətdar idi. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa istinadən imzaladığı müvafiq Fərman əsasında yaradılmış adıçəkilən xidmətin Balakən rayon şöbəsi ilk dəfə idi ki, gəncləri hərbi xidmətə yola salırdı. Bir sözlə, həmin gün Balakəndən hərbi xidmətə yola düşənlər də, onları yola salanlar da bu vəzifəni ilk dəfə icra edirdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Balakən rayon şöbəsinin rəisi vəzifəsini icra edən polkovnik - leytenant Nizami Quliyev çağırışçılar, valideynlər və rayon ictimayyətinin nümayəndələri qaraşısında əhatəli çıxış etdi. Söylədi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həqiqi hərbi xidmətə növbəti çağırışın təmin edilməsi barədə 15 mart 2012-ci il tarixli Sərəncamından iki həftə sonra - yəni martın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilən geniş tərkibdə toplantıda qurumun rəisi, general-leytenant Arzu Rəhimov bu xidmətin qarşısında duran vəzifələr barədə ətraflı söhbət açmış, icrası vacib olan məsələlər barədə özünün müvafiq tövsiyələrini vermişdir. Biz dövlətin tapşırıqlarını, sərəncamın qarşıya qoyduğu vəzifələri və cənab rəisin tövsiyələrini yerinə yetirərək bu gün ilk çağırışımızı reallaşdırırıq.
Natiq daha sonra qeyd etdi ki, bu gün Azərbaycanda ordu quruculuğuna və silahlı qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, əsgər və zabitlərin intellektual səviyyəsinin, hərbi biliklərinin, eləcə də peşəkarlığının müasirləşdirilməsinə böyük diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və müstəsna xidmətləri nəticəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.
Fəxrlə, qürur hissi ilə deyə bilərik ki, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycanın Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır.
Nizami Quliyev daha sonra vurğuladı ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Belə ki, son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialın yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanın hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən nə varsa nəticə etibarı ilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Ötən il "Azadlıq" meydanında keçirilən hərbi parad Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı , Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişinin əyani təzahürü idi. Unutmamalıyıq ki, torpaqlarımızın 20 faizi düşmən taptağı altındadır. Buna görə də biz daim hərbi əməlliyatlar keçirilməsinə hazır olmalıyıq. Deməli, bizim güclü ordumuz olmalıdır. Hər bir vətəndaş orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir valideyin öz oğlunu böyüdərkən ən əvvəl ona nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir. Bu gün sizi yola salarkən biz inanırıq ki, hər biriniz nümunəvi xidmətinizlə komandirlərinizdən yalnız təşəkkür alacaqsınız, silahla, texnika ilə düzgün davranaraq, hərbi biliklərə mükəmməl yiyələnəcəksiniz. Biz sizin yalnız xoş xəbərlərinizi eşidəcək və komandirlər tərəfindən verilən təşəkkürlərinizi, fəxri fərmanlarınızı gözləyəcəyik.
Toplantıda çıxış edən valideyn Əhma Əhmədovun Milli Ordumuz haqqında söylədiyi fikirlər, Silahlı Qüvvələrimizin qüdrəti barədə dilə gətirdiyi faktlar olduqca səmimi və kifayət qədər inandırıcı idi. Çünki Əhma dayı indiyədək üç oğlunu əsgər yola salmışdı. Bu gün isə dördüncü oğlunu Vətənin xidmətinə göndərirdi: - "Mən bütün əsgərlərə uğurlar və cansağlığı arzu edirəm. Onların ən müqəddəs vəzifəsi Vətəni və bizi qorumaqdır. Tanrıya şükürlər olsun ki, bu gün Azərbaycan Ordusu həmin vəzifənin öhdəsindən layiqincə gəlməyə hazırdır. Mən fəxr edirəm ki, bu qüdrətli ordunun sıralarınıda mənim övladlarım da var". Əhma dayı gənclərə sağ gedib, salamat qayıtmağı və onların səslərinin Qarabağdan gəlməsini arzuladı.
Türkiyədə təhsil alıb qayıtmış balakənli gənc Elçin Bayramovun çıxışı isə onun bütün yaşıdlarının, xüsusən, xaricdə təhsil almış gənclərin ürəyini qürur hissi ilə doldurmaq iqtidarında idi: - "Bəzən belə ifadələr eşidirik ki, başqa ölkələrdə təhsil alan gənclər hərbi xidmətdən yayınırlar. Əsla belə deyil. Orduda xidmət etməyin, Vətənə borcunu yerinə yetirməyin məsuliyyətini başa düşən insanın harada təhsil alması o qədər də əhəmiyyət kəsb etmir. Söhbət Vətənə sədaqətdən, ana-ata, doğma yurd qarşısınıdakı borcun dərk edilməsindən gedirsə, vicdan səni mütləq doğru yola çəkəcəkdir. Biz bu gün məhz həmin doğru yolla gedənlərin addımlarını davam etdiririk".
Bax, beləcə, çağırışçılar ağsaqqalların xeyir-duası, valideynlərin xoş arzu-istəyi və milli musiqinin təranələri ilə Vətənə xidmətə yola düşürlər. Nizami Quliyevin sözlərini xatırlayıram: Xoş soraqlarını eşidək...

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında