Ölkə Prezidenti cənab İlham Əliyev "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına əsasən, 2012-ci ilin iyun ayından etibarən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacaq. Fərmanda qeyd olunduğu kimi, son dövrlər əldə edilmiş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması sözügedən bank əmanətlərinə görə dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Fərmana əsasən, əmanətlərin verilməsinin 2013-cü ilin 31 dekabrınadək başa çatdırılması nəzərdə tutulub.
Azərbaycan Prezidentinin imzaladığı bu sənəd birmənalı şəkildə müsbət qiymətləndirilməlidir və etiraf etmək lazımdır ki, bu, praktiki olaraq tarixi sosial layihədir. Əvvəlla, bu islahat ölkə başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan siyasi iradənin göstəricisidir. İkincisi, ölkə Prezidentinin sərəncamı ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşlarına əmanətlərin qaytarılması problemi tamamilə aradan qaldırılacaq. Ücüncüsü, əmanətlərin qaytarılması vətəndaşların sosial vəziyyətinin daha yaxşılaşmasına müsbət təsir göstərəcək. Dördüncüsü, tətbiq ediləcək indeksasiya sistemi imkan verəcək ki, əmanətçilər prosesdən daha səmərəli və daha ədalətli yararlana bilsinlər. Beşincisi, prosesin sosial coğrafiyasının genişliyi prosesdən əksər ailələrin faydalanmasına imkan verəcək. Nəhayət, bu addım bir daha göstərir ki, dövlət vətəndaşlar qarşısında bütün öhdəliklərinə, hətta keçmiş SSRİ dövründəki öhdəliklərə belə sadiqdir və təbii ki, bu, dövlətə vətəndaşlar arasında yüksək inamın olmasının göstəricisidir.
Qeyd edək ki, "ölmüş əmanətlərin" məbləği 4,8 milyard sovet rubluna bərabərdir. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Bu, o deməkdir ki, sözügedən fərman 2 milyona yaxın adamı əhatə edəcək. Yəni əmanətlərin geri qaytarılmasından ölkəmizdə əksər ailələr faydalana biləcəklər. MDB ölkələri ilə müqayisədə adambaşına düşən əmanətçilərin sayı Azərbaycanda daha çox olduğundan bu, prosesin müsbət sosial təsirlərini daha da artırır. Başqa sözlə, bu, o deməkdir ki, əksər ailələrin büdcələrinə vəsait daxil olacaq. Deməli, Azərbaycanda əmanətlərin qaytarılmasının sosial coğrafiyası digər MDB ölkələri ilə müqayisədə daha geniş olacaq. 1992-ci ilədək sovet banklarında yığılan əmanətlərin MDB ölkələrində və eləcə də Baltik dövlətlərində əhaliyə qaytarılmasına keçmiş ittifaq dağılandan sonra başlanıldı. Baltik ölkələri vəsaitlərin əksər hissəsini nağd şəkildə əhaliyə qaytardılar. Yalnız müəyyən həcmdə vəsait çek şəkilində əhaliyə təqdim edildi. Çek şəklində vəsaitlərin qaytarılmasına Qazaxıstanda da təsadüf edilib. MDB ölkələrində isə əmanətlərin qaytarılmasına ilk dəfə Rusiyada başlanılıb. Şimal qonşumuz 1995-ci ildə prosesə başlayaraq onu təxminən 10 il ərzində tamamlayıb. Daha sonra 1996-cı ildə Qazaxıstanda, növbəti ildə Qırğızıstan və Ukraynada əmanətlərin qaytarılmasına başlanılıb. 2002-ci ildə Moldova, 2005-ci ildə isə Özbəkistan vətəndaşları sevindirilib. Bəzi ölkələr əmanətlərin qaytarılmasına 1997-ci ildən başlasalar da bu prosesi tamamlaya bilməyiblər. Ukrayna hökuməti sözügedən prosesin təxirə salınması ilə bağlı 3 dəfə qərar qəbul edib. Hətta məsələ ilə bağlı şikayətlər Avropa Məhkəməsinə qədər gedib çıxıb. Sonuncu dəfə 2011-ci ildə Ukrayna hökuməti bu məsələnin qeyri-müəyyən dövr üçün təxirə salınması ilə bağlı qərar qəbul edib.
Əmanətlər keçmiş SSRİ dövründə sovet rublu ilə banklarda yerləşdirildiyindən onların qaytarılmasına başlanan zaman bütün keçmiş müttəfiq respublikalarda vəsaitlərin milli valyutalara indeksasiya edilməsinə ehtiyac olub. Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq olunan indeksasiya sisteminin digər MDB ölkələri ilə müqayisəsi göstərir ki, bizdə digər ölkələrlə nisbətdə daha yüksək ödəniş sistemi tətbiq edilir. Məsələn, Qırğızıstanda 2500 rubl əmanət üçün hər rubla 1 Qırğızıstan somu verirdilər. Bu, 2500 som edirdi ki, onun da dollar ekvivalenti cəmi 60 dollar idi. Yəni, sovet dövründə bankda 2500 rublu olan Qırğızıstan vətəndaşı cəmi 60 dollar alıb. Moldovada 1000 rubla qədər olanlara 80 dollar, 2000 rubla isə 120 dollar verildi. Ukraynada 2000 rubla cəmi 200 dollar ödəyirdilər. Azərbaycanda isə 2000 rubla 385 dollar ödəniləcək. Məhz bu müqayisələr göstərir ki, Azərbaycanda əmanətçilərə ödəniş daha yüksəkdir və təbii ki, indeksasiya sistemi daha ədalətli hazırlanıb. Bu baxımdan, Azərbaycanda tətbiq edilən əmanətlərin indeksasiyası sistemi sosial ədalətin qorunmasına və eləcə də vətəndaşların prosesdən əhəmiyyətli şəkildə faydalanmasına imkan verəcək.
Digər tərəfdən, əmanətlərin qaytarılmasına başlanılacaq 2012-ci illə əmanətlərin böyük bir hissəsinin banklarda yerləşdirildiyi dövrü müqayisə etsək, tamam fərqli mənzərə yaranar. Ötən əsrin 80-ci illərinin sonunda inflyasiya yüksək həddə çatmışdı və sovet rublunun alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Məsələn, əgər 1990-cı ildə bazarda 2000 rubl 65 dollara dəyişdirilirdisə, 1991-ci ildə bu rəqəm hətta 17 dollaradək azaldı. Praktik olaraq, bu gün dollar ekvalenti ilə vətəndaşlara ödəniləcək məbləğ, hətta onların vəsaitlərini banklarda yerləşdirdiyi zamanki məzənnə ilə olan vəsaitdən dəfələrə çoxdur.
Azərbaycanda tətbiq edilən indeksasiya sisteminin daha bir üstünlüyü ondan ibarətdir ki, ölkəmizdə sovet banklarında olan əmanətlərin 70 faizi 2000 rubladək olan əmanətlərdir. İndi tətbiq olunacaq indeksasiya sistemində 2000 rubla qədər olan əmanətlər ən yüksək indeksasiya kimi götürüldüyünü nəzərə aslaq, bu, o deməkdir ki, banklarda əmanətləri olmuş insanların 70 faizi ən yüksək indeksasiya sistemi ilə ödəniş alacaq. Bu isə indeksasiyanın yalnız iqtisadi deyil, həm də sosial tərəfinin olmasından xəbər verir.
Sənəddə diqqəti çəkən digər üstünlük, ölkəmizdə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə ödənişlərin birdəfəlik olmasıdır. MDB-nin heç bir ölkəsində əmanətlərin birdəfəlik ödənişin tətbiq edilmədiyini nəzərə alsaq, Azərbaycan MDB dövlətləri arasında yeganə ölkədir ki, əmanətlərin birdəfəlik qaytarılması ilə bağlı fərman verilib. Bütün ölkələrdə əmanətlər mərhələlərlə qaytarılıb. Ölkəmizdə əmanətlərin birdəfəlik ödənilməsinin ciddi sosial üstünlükləri var. Əmanətlər geri qaytarıldığı dövrdə manatın dollara nisbətdə kursunun sabit saxlanılacağı ilə bağlı rəsmi proqnozları nəzərə alsaq, o zaman, əmanətçının öz vəsaitini hansı ayda alması heç bir əhəmiyyət daşımayacaq. Yəni, əmanətçi dollar ekvivalentində də eyni məbləğ ala biləcək. Amma MDB ölkələrində bu məsələ fərqli idi. Belə ki, bu ölkələrdə birinci mərhələdə vəsait alanlar sonrakı mərhələdə alanlardan dollar ekvalentində və eləcə də alıcılıq qabiliyyəti baxımdan daha çox vəsait əldə etmişdilər. Bu isə həmin ölkələrdə sonrakı mərhələlərdə milli valyutaların məzənnələrinin aşağı düşməsi ilə bağlı idi. Məsələn, əgər Ukraynada birinci mərhələdə 2000 rubl əmanəti olanlar 200 dollara ekvivalent vəsait alırdılarsa, sonrakı mərhələdə bu rəqəm 140 dollaradək azaldı. Çünki milli valyuta ilə ödənişin məbləği dəyişməsə belə dolların məzənnəsinin möhkəmlənməsi ödənilən pulların ciddi inflyasiyaya uğramasına gətirib çıxarmışdır. Azərbaycanda isə belə bir təhlükə olmadığından əmanətçilər, hətta digər dönərli valyutalara nisbətdə bu cür islahat zamanı sabit vəsait əldə edə biləcəklər. Bu baxımdan, manatın məzənnəsinin stabilliyi əmanətçilərin prosesdən digər MDB ölkələri ilə müqayisədə daha üstün yararlanmasına imkan verəcək. Bu isə məhz sənədin icrasının sosial təsirlərini daha da genişləndirəcək.
Bazara pul kütləsinin daxil olması nəticəsində qiymət artımına ciddi təsir edəcəyi gözlənilmir. Bu, birbaşa Azərbaycan iqtisadiyyatının maliyyə miqyasının genişləndirilməsi ilə bağlıdır. Əmanətlərin qaytarılmasına 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Müqyisə üçün qeyd edək ki, əgər biz ötən əsrin 90-cı illərinin ortalarında, hətta bir neçə il ərzində əmanətlərin qaytarılmasına bu məbləğdə vəsait yönəltsəydik, o zaman ciddi qiymət artımları ola bilərdi. Bu gün isə iqtisadiyyat o qədər çoxşaxəlidir ki, 1 milyard manat vəsait bazara təsir etmək imkanında deyil. Hazırda dövlət büdcəsinin gəlirlərinin 21 milyard dollar olduğunu nəzərə alsaq, 1 milyard manat istehlak bazarında əlavə gərginliyə səbəb olmayacaq. Bu isə vətəndaşların onlara qaytarılan vəsaitdən daha səmərəli istifadə etməsinə və həmin pulların inflyasiyadan qorunmasına imkan verəcək.
Bütövlükdə, ölkə Prezidentinin imzaladığı sənəd ilə Azərbaycanda ciddi bir sosial layihənin reallaşdırılmasına başlanılacaq. Azərbaycanın maliyyə potensialı imkan verir ki, bir sıra MDB ölkələrindən fərqli olaraq sənəddə qeyd edilən müddətdə prosesdə fasiləsiz əmanətlərin geri qaytarılmasını reallaşdırmaq mümkün olsun. Bu baxımdan, məsələn, Ukraynadan fərqli olaraq Azərbaycanda əmanətlərin geri qaytarılmasının qeyri-müəyyən müddətə təxirə salınması təhlükəsi yoxdur. Əksər MDB ölkələrindən fərqli olaraq Azərbaycan əmanətlərə görə qaytarılan pulların inflyasiya tərəfindən yeyilməsi təhlükəsinin olmaması da prosesdən vətəndaşların daha çox faydalanmasına səbəb olacaq. Azərbaycanda tətbiq ediləcək ədalətli indeksasiya sistemi islahatın sosial təsirlərini daha da genişləndirəcək. Son olaraq, cənab Prezidentin imzaladığı sənəd ilə ölkəmizdə yeni bir uğurlu sosial və o cümlədən, siyasi layihənin reallaşması gerçəkləşir.
{nl}
Vüqar BAYRAMOV, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.