Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili vəziyyət gündən-günə gərginləşir

Erməni Milli Konqresi qeyri-demokratik hakimiyyəti artıq daha sərt dillə hədələyir
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili ictimai-siyasi vəziyyət daha da gərginləşir. Son günlər erməni müxalifəti qarşıdan gələn parlament seçkilərində hakimiyyətin kütləvi saxtakarlığa yol verəcəyini əsas gətirərək etiraz səsini daha da yüksəltməyə başlayıb. Erməni ictimaiyyətində haqsızlıqlara qarşı milli müqavimət hərəkatı kimi ad qazanan Ermənistan Milli Konqresi (EMK) Serj Sarkisyana ciddi xəbərdarlıq edərək, ölkədə yaratdığı qeyri-demokratik hərbi rejimə qarşı sonadək mübarizə aparacağını və təzyiqlərə, təhdidlərə baxmayaraq, qanunun aliliyi, demokratik dövlət idarəçiliyinin bərpası naminə xalqın dəstəyi ilə hakimiyyəti dəyişəcəyini bəyan edib.
Erməni ekspertlər EMK-nın bəyanatlarını Ermənistanda sosial etirazların gündən-günə artması və vətəndaş fəallığının yüksəlməsi kontekstində dəyərləndirərək qeyd edirlər ki, bütün bunlar ölkədə məxməri inqilabın baş tutacağı ehtimalını artırır. Onların fikrincə, iqtisadi-sosial problemlərlə üz-üzə qalan Ermənistanda "ərəb baharı"nın təsiri ilə demokratik dəyişikliyə meyillilik artıb Tunisdə, Misirdə, Liviyada və s. ölkələrdə cərəyan edən hadisələr ehtimal ki, yaxın vaxtlarda Ermənistanda da təkrar olunsun. Çünki Ermənistan ən azı həmin ölkələrin keçmiş hakimiyyətləri kimi avtoritar və mənfur metodlarla idarə olunur.
Aparılan müşahidələr də göstərir ki, Ermənistanda insanlar ölkənin düşdüyü ağır vəziyyətlə barışmaq istəmir və Serj Sarkisyanın cinayətkar rejiminin dəyişməsini arzulayırlar. EMK-nın keçirdiyi hər bir mitinqə digərinə nisbətən daha çox insanın cəmləşməsi də belə deməyə əsas verir. Məhz bu səbəbdən milli müqavimət hərakatının lideri Levon Ter-Petrosyan hakimiyyətə qarşı daha sərt açıqlamalarla çıxış edir, cinayətkarların sonunun çatdığını qətiyyətlə bildirir. Ötən ayın 30-da İrəvanda baş tutan mitinqdə də Petrosyan Ermənistan iqtidarını tənqid edərək deyib ki, EMK-nın hədəfi təkcə qarşıdan gələn parlament seçkilərinin demokratik şəraitdə keçirilməsi uğrunda mübarizə aparmaq deyil, həm də cinayətkar komandasının köməyi ilə hakimiyyəti zəbt edən Serj Sarkisyanı tutduğu vəzifədən uzaqlaşdırmaqdır.
Ermənistan Milli Konqresinin lideri bəyan edib ki, Serj Sarkisyan iqtidarı indiyədək keçirilən bütün seçkilərdə seçki məcəlləsinin tələblərini kobud şəkildə pozmuş, hər dəfə kütləvi saxtakarlığa yol vermiş, buna etirazını bildirən dinc insanları qətlə yetirmiş, onlarca günahsız insanı həbsxanalara ataraq işgəncələrə məruz qoymuşdur. Ona görə də Sarkisyan zəbt etdiyi prezidentlik postundan istefa verməli və dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. EMK parlamentdə təmsilçiliyini artırdıqdan sonra xüsusi komissiya yaradılmasını gündəmə gətirəcək və həmin komissiya 1999-cu il oktyabrın 29-da və 2008-ci il martın 1-də törədilən qanlı hadisələrin obyektiv şəkildə araşdırılmasını, ona hüquqi qiymətin verilməsini təmin edəcəkdir. Nəticə etibarı ilə, Serj Sarkisyan və onun cinayətkar tərəfdaşları qanun qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar.
Petrosyan ölkədə yaranmış sosial-iqtisadi vəziyyətin də dözülməz həddə çatdığını bildirib. O, Sarkisyan rejiminin Ermənistanı məhvə doğru sürüklədiyini qeyd edərək deyib: "Görün, bunlar Ermənistanı nə vəziyyətə salıblar. Aparılan yarıtmaz siyasət və dövlətin talan edilməsi nəticəsində Ermənistanda ümumi daxili məhsul və dövlət büdcəsi müvafiq olaraq 11,54 faiz və 10,9 faiz azalıb. Xarici borc 1,5 milyard dollardan 3,8 milyard dollaradək yüksəlmiş, hətta dövlət büdcəsinin həcmindən də çox olmuşdur. Dramın inflyasiyası 37,1 faizə çatmış, ərzaq məhsullarının qiyməti və kommunal xərclər 45,7 faiz artmışdır. Ermənistan korrupsiya bataqlığında boğulur. Baş alıb gedən korrupsiya nəticəsində Ermənistanın indeksi dünya ölkələri arasında 99-cu yerdən 129-a endirilmişdir. Statistik rəqəmlərə görə, yoxsulluq 12 faiz artaraq 35 faizə çatmışdır. Ermənistan ictimaiyyəti bu acı həqiqətləri dərk etməli və ölkənin gələcəyi naminə seçicilər bu cinayətkar rejimə bir səs belə verməməlidirlər".
EMK-nın nümayəndəsi Levon Zurabyan isə bildirib ki, xalq kütlələri müxalifətin mövqeyini dəstəkləyir və bu dəfə Serj Sarkisyan üçün o qədər də asan olmayacaq: "Bizim məqsədimiz parlament seçkilərinin demokratik şəraitdə keçirilməsinə nail olmaqdır. Ancaq sizi əmin edirəm ki, biz parlament seçkilərindən sonra da mübarizəmizi davam etdirəcəyik. Bu mübarizə 2013-cü ildə keçiriləcək prezident seçkilərinədək davam edəcək. Ermənistanın cinayətkar hakimiyyəti erməni xalqını susdura bilməyəcək, xalqı, beynəlxalq ictimaiyyəti artıq aldada bilməyəcək. Yetişmiş yeni nəsil öz hüquqlarını çox yaxşı bilir və onlar özbaşınalığa, cinayətkarlara, dözülməz vəziyyətə qarşı qətiyyətlə mübarizə aparacaqlar. Biz bu rejimi məhv edəcək, dəyişəcəyik və yenidən demokratik dövlət qurucağıq".
Müxalifətin verdiyi bəyanatlardan da anlaşılır ki, yaxın vaxtlarda Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşəcəkdir. Çünki EMK liderliyindəki müxalifət qüvvələri qarşıdan gələn parlament seçkilərinin demokratik şəraitdə keçirilməsini tələb edir və bunun üçün hər bir addımı atmağa hazırdır. Serj Sarkisyan hakimiyyəti isə saxtakarlıqdan əl çəkmək niyyətində deyil. Seçici siyahılarının saxtalaşdırılması da buna sübutdur. EMK lideri Levon Ter-Petrosyan deyib ki, hakimiyyət ölkəni tərk edənlərin, hətta ölülərin adlarını belə seçki siyahısına salıb. Onun sözlərinə görə, 2008-ci ildən bəri minlərlə erməni ölkəni tərk etsə də, əhalinin sayı qeyri-adi sürətlə azalsa da, seçicilərin sayı 185 min nəfər artıb. Ermənistan Xalq Partiyasının lideri Tiqran Karapetyan da erməni mətbuatına açıqlamasında bildirib ki, parlament seçkiləri kütləvi saxtakarlıq şəraitində keçiriləcək və onun taleyini pul və güc "həll edəcək". O, bu iki "qüvvənin" də hakim partiyanın əlində olduğunu deyib: "Ermənistanda siyasət qorxu atmosferində qurulub. Əgər kim hakim partiyanı, S.Sarkisyanı dəstəkləmirsə, mənəvi-psixoloji olaraq məhv edilir. Son illər ölkəni minlərlə insan tərk edib ki, onlar da rejimin siyasəti üzündən, bir parça çörək ardınca xaricə üz tutublar. Bax, həmin insanlar mənəvi olaraq öldürülmüşlər".
Seçkilərin saxtalaşdırılacağını Ermənistan Milli Konqresinin nümayəndəsi Arman Musinyan da proqnozlaşdırır. Bununla bağlı danışan EMK nümayəndəsi bildirib ki, dünyanın heç bir ölkəsində seçkilərin tamamilə saxtalaşdırılması prosesi aparılmır. Onun sözlərinə görə, bu proses yalnız Ermənistanda aparılır ki, bu da hakim Respublika Partiyasının kriminal mentalitetinin nəticəsidir. A.Musinyan deyib ki, kriminallaşan hakim partiyanın bu yolu ölkəni dalana aparır.
İrəvanda qərargahlanan Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Riçard Kirakosyan vurğulayıb ki, hələ 2008-ci ilin martında Ermənistanda seçkilər ciddi zorakılıq halları ilə müşayiət olunmuşdu: "Və o vaxtdan bəri ilk dəfədir ki, Ermənistanda parlament seçkiləri keçiriləcək, 2013-cü ildə prezident seçkiləri olacaq. Bu seçkilər 3 səbəbə görə fərqlənir: Birincisi, ictimaiyyətin seçkilərin azad və ədalətli olması haqda gözləntiləri yoxdur, siyasi prosesə inamı azdır. İkincisi, hökumətin özündə seçkiləri təkmilləşdirmək barədə gözləntilər sıfıra bərabərdir. Düzdür, prezident və baş nazir vəd edib ki, növbəti seçkilər əvvəlkilər kimi olmayacaq. Lakin buna inam azdır. Üçüncüsü, beynəlxalq ictimaiyyət tələb edir ki, Ermənistanda daha yaxşı seçkilər keçirilsin. Əminliklə demək olar ki, hakim Respublikaçılar Partiyası bu seçkilərdə qələbə çalacaq, mandatını uzadacaq və qanunsuz yolla legitimliyini genişləndirəcək. Bu mandat isə Ermənistanın Türkiyə və Dağlıq Qarabağ məsələləri kimi xarici siyasətinə də ciddi təsir göstərəcək".
Ermənistan parlament seçkilərinin növbəti özəlliklərindən biri də buradakı namizədlərlə bağlıdır. Cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Belə namizədlər isə hər an satılmağa hazırdırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir.Çox təəccübləndiricidir ki, Ermənistanda "qanuni-oğru"ların da namizədlikləri qeydə alınır, onların parlamentə buraxılması üçün pul xərclənir. Belə ki, hakim Respublikaçılar Partiyasının namizədləri sırasında kriminal aləmin tanınmışları yer alıb. Partiya majoritar seçki sistemi üzrə Yerevanın 11-ci seçki dairəsindən "qanuni-oğru" Eduard Madatyanın (Xuçuç Edo) namizədliyini dəstəkləyib. Bu, o şəxsdir ki, Ermənistanın eks-prezidenti Robert Köçəryanın və müdafiə naziri olmuş Serj Sarkisyanın həyatına sui-qəsd törətməkdə təqsirli bilinərək, uzun müddət axtarışda olub. Lakin hansısa xidmətlərinə görə bu kriminal avtoriteti parlamentə seçmək istəyirlər. Görünür, həm Robert Köçəryan, həm də Serj Sarkisyan çirkli işlərini məhz Xuçuç Edonun əli ilə görürlər.
Digər tərəfdən, səfalət içində boğulan erməni xalqı bu dəfəki parlament seçkilərində səsini pula satmağa hazırdır və bunu hakimiyyət təmsilçiləri yaxşı bilir. Ermənistan mətbuatının verdiyi xəbərə görə, bəzi insanlar gələcək 5 ili də kriminal-avtoritetlərin dözülməz idarəçiliyi altında keçirəcəyini bilə-bilə onlarla sövdələşməyə gedir. Belə ki, bir parça çörək üçün onlar oliqarxlara səslərini cəmi 10-15 dollara satırlar. Artıq məlumdur ki, hakim Ermənistan Respublikaçılar Partiyası və digər iqtidaryönümlü partiyalar istər proporsional, istərsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş adamların qələbəsi üçün böyük miqdarda rüşvət paylamağa hazırdırlar.
Ancaq bu da faktdır ki, Ermənistanda keçirilən prezident, parlament və digər seçkilərdəki saxtakarlıqlar əhalinin böyük əksəriyyətinin narazılığı ilə qarşılanır. Seçkilərin saxtalaşdırılmasına etiraz edən dinc insanlar güllə-baran edilir, saysız qətillər törədilir. Ermənistanda seçkilərin demokratik şəraitdə təşkil olunacağı haqda fikir söyləmək son dərəcə gülüncdür. Serj Sarkisyanın başçılıq etdiyi hərbi rejimin seçkilərin nəticələrini saxtalaşdırmaqdan başqa çarəsi qalmayıb. Çünki ağır sosial-iqtisadi şəraitdə yaşayan ermənilər artıq Sarkisyanı və onun cinayətkar komandasını dəstəkləmirlər.
Ermənistanın "Qafqaz" İnstitutunun direktoru Aleksandr İsgəndəryan isə, seçkilər saxtalaşdırılacağı təqdirdə, ölkəni etiraz aksiyalarının bürüyəcəyini deyib: "Həm də çox güman ki, müxalifətin etirazları güclənəcək". Araşdırmalar da göstərir ki, Ermənistanda V çağırış parlament seçkiləri olduqca ağır sosial-iqtisadi vəziyyətdə, oliqarx-kriminal dairələrin qanunsuz fəaliyyəti, qarabağlı və yerli ermənilərin qarşı-qarşı durduğu və total saxtakarlıq şəraitində baş tutacaq. Belə bir şəraitdə qarşıdurmaların, toqquşmaların olacağı isə şübhəsizdir.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında