Aprel ayının sonlarından başlayaraq Kür çayının səviyyəsinin qalxması Neftçala rayonunu da bir sıra çətinliklərlə üzləşdirdi. Beş ev uçdu, qırx ev qəza vəziyyətinə düşdü, yüzlərlə evin həyətini qrunt suları basdı. Kükrəyib daşan çayda suyun səviyyəsi bəzən kritik həddə çataraq vahimə də yaratdı. İlk anda müəyyən təşvişə düşən adamlar özlərini itirmədilər, tezliklə toparlanıb dəli Kürün "ərköyün"lüyünə qarşı gəldilər, onu ram eləməyə başladılar. Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Neft Şirkətindən yüz otuza yaxın zəruri texnikanın əraziyə gətirilməsi, canlı qüvvənin cəlb edilməsi, operativ qərargah yaradılması fövqəladə mübarizə tədbirlərinin səmərəsini birə-beş artırdı, daha böyük ərazilərin daşqına məruz qalma təhlükəsini aradan qaldırdı.
Bu sətirlərin müəllifi təbii fəlakətin ilk günlərində Neftçalada olarkən Kürün şıltaqlığına qarşı görülən tədbirlərlə bağlı ətraflı məlumat toplayaraq qəzetimizdə dərc etdirmişdi. Bu dəfə də artıq genişmiqyaslı bəndbərkitmə işlərinin aparılmasına baxmayaraq, kimsənin qətiyyən arxayınlaşmadığının və tədbirlərin eyni vüsətlə davam etdirilməsinin şahidi oldum.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov:
-Azərbaycanın bu təbii fəlakətin öhdəsindən kənar köməklərə ehtiyac duymadan, kimsəyə ağız açmadan gəlməsi dövlətimizin artan qüdrətindən xəbər verir. Prezident İlham Əliyev fəlakətlə bağlı dərhal müşavirə keçirdi, sonra fəlakət zonasına baş çəkib vəziyyətlə maraqlandı, dövlət orqanlarının rəhbərlərinə ciddi tapşırıqlar verdi, bir sözlə, vəziyyəti şəxsi nəzarətinə götürdü və bu bizim məsuliyyət hissimizi qat-qat artırdı. İşə cəlb olunmuş təşkilatların çevik və peşəkar fəaliyyəti baş verə biləcək fəsadları minimuma endirdi. İnamla demək olar ki, təhlükəni xeyli adlatdıq. Amma sahil zolaqlarında indi də gecə-gündüz iş gedir. Çünki Kürə etibar yoxdur. Onu inadından tamamilə əl çəkdirməliyik.
"Kürə etibar yoxdur" ifadəsi tarixi təcrübəyə söykənən bir qənaətdir. Əsrlər boyu Kür həddini aşıb qoynunda fəlakətlər gətirib el-obaya. Səməd Vurğunun misralarını xatırlayıram: "Ağ at kimi sıçradıqca dalğalar, qolundakı zəncirləri Kür qırır". Bir də görürsən ki, məcrasına sığışmayan çay... "uçurub dağıdır yenə bəndləri, ağzına götürür yaxın kəndləri".
Son bir neçə gündə Neftçalada gərginlik azalıb. Kürün səviyyəsi aşağı düşüb. Bununla belə, işlər səngimək bilmir. Görülən tədbirlərlə yaxından tanış olmaq üçün rayon fövqəladə hallar komissiyasının sədri, icra hakimiyyəti başçısının 1-ci müavini Dilavər Əliyevlə Kürkəndə gedirik. Yolboyu onun dediklərini diktofonuma yazıram.
-Rayonumuzun 21 kəndi Kürboyu ərazilərdə yerləşir. Kürün daşaraq ciddi fəsadlar törətməsini az görməmişik. Yaxşı xatırladığımız 1966, 1979, 1988, 1996-cı illərdə, habelə əsrimizin 2003-cü ilində belə çətin vəziyyətlər olub. Amma 2010-cu ilin sınağı daha çətin gəldi.123 kilometrlik sahil bəndlərinin demək olar ki,yarısı nisbətən zəif idi. Buna görə də Kürün ilk keçdiyi Cəngan kəndindən başlayaraq bəndvurma, bəndüstələmə, torpaq kisələri ilə sahillərin doldurulması kimi zəruri işlər həyata keçirildi. Rayonun idarə və müəssisələrinin, eləcə də əhalinin gücü ilə bəndləri təxminən bir metr qaldırdıq. Zəif hesab olunan bənd hissələrinin 45 kilometrliyi artıq bərkidilib. Hazırda Kürün dənizə töküldüyü yerdə Dövlət Neft Şirkətinin, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin və "Azərenerji"nin səkkiz gəmisi işləyir. Dənizə qovuşma yerləri qazılıb dərinləşdirilir. Çətin vəziyyətdə bizi köməksiz qoymayanların hamısına minnətdarıq.
-Digər rayonlara nisbətən Neftçala şəhəri Kürün lap ağzında yerləşir. Amma nə yaxşı ki, məhz bu rayona təbii fəlakət daha az ziyan vurub...
- Çünki Kürün səviyyəsi qalxmağa başlamadan tədbirlərə start vermişik. Bax, hazırda rayonun ərazisində 150-dən artıq elektrik nasosu ilə zığ suları ötürülür. Mülki müdafiə qüvvələri də bizdən köməyini əsirgəmir. Yanacaqla işləyən onlarca motopompa ilə qrunt sularının yaşayış məntəqələrindən kənarlaşdırılması həyata keçirilir. Rayonumuza məxsus 70-ə yaxın texnika da indi iş başındadır. Bir kilometrə qədər bənd ərazisində isə boru dirəklər vurularaq metal torlar hörülüb və arxasına torpaqla dolu kisələr yığılıb. İndiyə kimi sahillərə təxminən 165 min torpaq kisəsi döşənib.
Tezliklə iri yük maşınlarının elə hey torpaq daşıdığı Kürkəndin çay sahilinə çatırıq. Burada bəndbərkitmə işləri intensiv davam etdirilir. "Kürün üstündəki dəmir çarxlardan qopan qışqırıqlar səs salır çölə..." Sifətləri günəşdən qaralaraq mis rəngi almış fəhlələr torpaq kisələrini daşıyıb metal torların arxasına atır, bəndləri bərkidirlər.
Yaxınlıqdakı "Amur" gəmisinin göyərtəsinə qalxırıq. Burada müsahiblərimizlə tanış olub həyata keçirdikləri tədbirlərlə maraqlanırıq.
Dövlət Neft Şirkəti "Kompleks Qazma İşləri" Tresti müdirinin müavini İsmayıl Qurbanov:
-Mayın 7-dən Neftçalada bəndbərkitmə ilə məşğuluq. Trestimizdən 25 ədəd texnika işlərə cəlb edilib. Xıllı, Dördlər kəndləri, Qaravəllər sahəsi, Neftçala şəhərinin bir hissəsi və Kürkənddə işləyirik. Suyun səviyyəsi minimum həddə enənədək əlimizdən gələni edəcəyik. Onu da deyim ki, Neftçalada qalmağımız, işləməyimiz üçün rayon rənbərliyi tərəfindən hər cür şərait yaradılıb.
İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi istismar şöbəsinin rəisi Müxrəddin Əlləzov:
-İyirmi gündən artıqdır ki, buradayıq. Tələbat duyulan yerlərin hamısına lazımi sayda nəqliyyat və texnika göndərmişik. İlk gündən sürücülərimiz işə məsuliyyətlə yanaşıblar. Bəzən gecə saat üçə-dördə kimi işləyiblər. Hazırda isə hər gün saat 21-ə, 22-yə qədər çalışır, tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər. Neftçalada elə bir əhval-ruhiyyə yaranıb ki, kimsə çətinlikdən, yorğunluqdan gileylənməyi ağlına belə gətirmir. Çünki vətənimizin hər qarışı bizim üçün doğmadır.
"Kompleks Qazma İşləri" Trestinin kapital qoyuluşu şöbəsinin rəis müavini Xəyyam İsmayılov:
- İndiyədək altı kilometr bəndbərkitmə işi görmüşük. Dərinliyə 304 ədəd metal boru və xeyli ağac svayı vurmuş, 6 min metrədək armaturdan tor qurmuş və torlara 25 minədək torpaq kisəsi doldurmuşuq. Tələbat duyulan bütün sahələrdə işləri davam etdirəcəyik. Bu işdə yorulmaq yoxdur.
"Gecə vaxtı dəli Kürün gah qışqırıb, gah daşması, insanların, maşınların iş üstündə çaxnaşması " doğrudan-doğruya Kürboyu məntəqələrdə qeyri-adi mənzərə yaradıb. Gecələrin birində Kürün qalxması nəticəsində Kürkəndin sakini Zülfi Soltanovun da evi qrunt sularının girovluğunda qalıb. Onun dedikləri:
-Mayın 9-da səhər gördük ki, evimizin ətrafını su basıb. Günortadan sonra evin uçmaq təhlükəsi yarandı. Bizi dərhal oradan köçürdülər. Başqa yerdə sığınacaq verdilər. Nə etmək olar, ellə gələn bəladır da... Sağ olsun başbilənlərimiz, diqqət və qayğılarını heç birimizdən əsirgəmirlər. İndi akt tərtib edilib ki, dəymiş ziyan tam ödənilsin. Mən inanıram ki, dövlətimiz hər zamankı kimi yenə də bizi darda qoymayacaq. Elə bu inamla da cani-dildən bəndbərkitmə işlərinə qoşulmuşam. Buralar bizim yurdumuz-yuvamızdır, fəlakət gəlibsə, birinci elə biz döşümüzü qabağa verməliyik.
Kənd sakini Həsən Zülfüqarov da artıq gecələr səksəkəsiz yatdıqlarını və buna görə Prezident İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildirir. Yeri gəlmişkən, Həsən kişi də bəndbərkitmə işlərinə kömək edir. Məhəmməd Salmanov isə Xıllı qəsəbəsində yaşayır, Kürkəndə köməyə gələnlərdəndir.
Havanın isti keçməsinə baxmayaraq, Kürkənddə çalışanlar da, bəndvurma tədbirlərinə könüllü qoşulanlar da əllərini işdən soyutmurlar. Onlardan birinin işgüzar çöhrəsi mənə Səməd Vurğunun qəhrəmanı Sarvanı xatırladır. Qətiyyətli baxışları ilə sanki sürətlə axan bulanıq sulu "əjdaha" çaya hökm eləyir: "Təslim ol, dəli Kür, inadı burax!"
Kənd ərazi icra nümayəndəsi Bürcəli Ağayev:
-Kürün səviyyəsinin qalxması ilə əlaqədar rayonumuzda dərhal operativ tədbirlər görüldü. Hər kəsə ayrıca tapşırıq verildi və vəziyyət ciddi nəzarətə götürüldü. Dövlət tərəfindən atılan addımlar isə bizi daha da ürəkləndirdi. Camaatımız da tədbirlərdən kənarda qalmayıb. Kürü sonadək ram eləməyə gücümüz çatacaq.
Sularda astaca ləngər vuran"Amur"gəmisinin göyərtəsində bizi pürrəngi çaya qonaq edən Əlihüseyn Əliyev də ürək sözlərini söyləyir. O, Su Hövzələrində Bioresursların Artırılması və Mühafizəsi Departamenti Neftçala bazasının rəisidir.
-Altı nəfərlik heyətimizlə biz də can-başla daşqın zonasında aparılan işlərdə iştirak edirik. İstər ailələrin köçürülməsində, istərsə də bəndbərkitmədə, svayların vurulmasında köməyimizi əsirgəmirik. İnşallah, görülən fövqəladə tədbirlər tezliklə vəziyyətin tam normallaşmasını təmin edər.
Dövlət Neft Şirkətinin "Neft-Qaz Tikinti" və "Azqaz" trestlərinin, Qaz Emalı Zavodunun, "Azneft" İB-nin, "Neft-Yanacaq", Dərin Özüllər zavodlarının və digər təşkilatların qüvvəsi ilə rayonun Kürboyu kəndlərinin hamısında genişmiqyaslı işlər həyata keçirilir.
...Zəhmət adamlarına uğur diləyib Neftçaladan ayrılanda yenə də yadıma Səməd Vurğunun "Muğan" poemasından misralar düşür:
"Sement verin, beton tökün,
Qaçırmayın Kürü gözdən!
Bir an belə buraxmayaq
Cilovunu əlimizdən!"
Elə bil ki, doğrudan da bizim bu günlərimiz barəsində yazılıb.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.