AXCP sədri Əli Kərimli son bəyanatları ilə bu yolda olduğunu bir daha təsdiqlədi
Azərbaycanda davamlı ictimai-siyasi sabitlik hökm sürür. Məhz bunun nəticəsidir ki, ölkəmizlə hərtərəfli əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Azərbaycana qoyulan sərmayələrin həcminin artması dövlətimizin beynəlxalq arenada reytinqinin getdikcə yüksəlməsinin göstəricisidir. Təkcə bir faktı qeyd edək ki, son bir ildə Azərbaycan 20 milyard ABŞ dolları həcmində sərmayə cəlb etmişdir. Demək, ölkəmiz inkişaf etmiş dövlətlərin diqqət mərkəzindədir.
Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar yüksək qiymətləndirilir. Ötən ilin payızında respublikamızın BMT kimi çox mötəbər bir qurumun Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu seçkilərdə dünyanın 155 dövlətindən dəstək alması böyük uğurdur. Artıq Azərbaycan dünya miqyasında söz sahibinə çevrilən dövlətlərdəndir. Hazırda ölkəmizin bütün bölgələrində böyük canlanma, sürətli inkişaf müşahidə olunur, regionların gələcəyi ilə bağlı konkret layihələr hazırlanır və qarşıya oyulan vəzifələr uğurla həyata keçirilir. Bunun da nəticəsində yeni iş yerləri açılır, yoxsulluğun səviyyəsi getdikcə azaldılır. İnsanların əsas hüquq və azadlıqlarının qorunması istiqamətində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar ölkəmizin demokratik prinsiplərə sadiqliyinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin humanizm prinsiplərinə əsaslanaraq, əfv haqqında daxil olmuş müraciətlərə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə sərancam imzalaması beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Əfv və aministiya aktlarının imzalanması artıq ənənə halını alıb. Sayca 51- ci olan belə humanist addım sayəsində 5 mindən artıq ailəyə sevinc bəxş olunmuşdur. Bütün bunlardan sonra müxalifət adı ilə ölkədə qarşıdurma, çaxnaşma yaratmaq istəyənlərin, xalqı mitinqlərə, itaətsizliyə çağıranların mövqeyi tamamilə qeyri məqbuldur. Bu fikirdə olanlar yalnız öz maddi maraqları naminə xalqa, millətə, Vətənə xəyanət edənlərdir. Əslində, belələri müxalifət adına da ləkə gətirirlər. Belə xəyanətkarların önündə gedən isə AXCP sədri Əli Kərimlidir. Bu gün müxalifətdə olan əksər siyasi partiyaların rəhbərləri də hər hansı bir aksiyanın keçirilməsinə ehtiyac olmadığını etiraf edirlər. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib: "Cəmiyyətdə mitinqə potensial tələb yoxdur. Çünki onu keçirmək üçün lazımi resurslar da mövcud deyil". Ancaq Azərbaycanın xarici düşmənləri tərəfindən ölkədə iğtişaşlar salmaq məqsədi ilə ayrılmış çirkli pullar AXCP sədri Əli Kərimlinin gözlərini necə qamaşdırıbsa, o, hələ də öz Vətəninə, xalqına böhtanlar atmaqdan, reallığı təhrif etməkdən və müstəqil dövlətimiz haqqında xoşagəlməz mənzərə yaratmaq cəhdindən əl çəkmək istəmir.
O, ölkə vətəndaşlarının AXCP-yə inanmadığını dərk etdikdən sonra xarici mətbuata üz tutub. Ə.Kərimli çox yaxşı bilir ki, Azərbaycan vətəndaşları kütləvi aksiyaların əleyhinədir və onlar ölkədə yaradılmış davamlı ictimai - siyasi sabitliyin qorunub saxlanılmasının tərəfdarıdırlar. "İctimai Palata" adlı qeyri - formal qurumun 5-10 nəfər üzvündən başqa kiminsə mitinqlərə çıxacağı mümkün deyil. Çünki nə Əli Kərimlinin, nə də mitinq azarına tutulmuş digər qaragüruhçuların hər hansı bir aksiya təşkil etmək üçün sosial bazaları yoxdur. Onların amalı, məqsədi sanki milli xəyanət üzərində köklənib. Vəhdət Partiyasının sədri Tahir Kərimlinin dediyi kimi: "Əyri təməl üzərində formalaşmış müxalifətçilik həmişə məğlubiyyətə məhkumdur".
AXCP sədri bəzi xarici mətbu orqanlara yazdığı məqalələrdə Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun, ədalətsizliyin baş alıb getdiyini xüsusi olaraq qabardır. Mən AXCP sədrinə özlərinin hakimiyyətdə olduqları dövrdə Prezident Əbülfəz Elçibəyin ətrafında olan vəzifə sahiblərinə dediyi sözləri xatırlatmaq istərdim. Qeyd edim ki, o vaxtlar "korrupsiyaya qurşanmış partokratiyanı" ifşa etdiyini deyən AXC - Musavat cütlüyünün nümayəndələri özləri korrupsiyaya daha çox qurşanmışdılar. Yəqin ki, Əli Kərimli də unutmamış deyil. İş o yerə gəlib çatmışdı ki, hətta Prezident Əbülfəz Elçibəy ətrafındakıların korrupsiya və rüşvərxorluq çirkabında batdığını etiraf etmişdi. 1993-cü ilin mayında keçirilən iclasların birində ölkənin Prezidenti, AXC-nin sədri Əbülfəz Elçibəyin özünün vəzifəyə təyin etdiyi dövlət məmurlarına müraciətlə dediklərini bir daha xatırlatmaq istərdik: "Rüşvət alırsınızsa, heç olmasa vicdanla alın, çox almayın".
AXC - Musavat iqtidarı əslində bu vəziyyətlə barışmışdı. Məhz ona görə də Əli Kərimli kiməsə böhtan atanda öz keçmişini unutmamalıdır. Son vaxtlar Ə. Kərimli yenə də gəncləri mitinqlərə, xalqı itaətsizliyə, dövlətə qarşı dağıdıcı aksiyalara çağırır. Onun yalan vədlərinə aldanan bir qrup gəncin martın 17- də keçirdiyi "mitinqin " şahidi olduq. Sonradan mitinq iştirakçılarının bəziləri etiraf etdilər ki, çıxış edənlər qabaqcadan təlimatlandırılmış, hətta aksiya başlamamışdan bir qədər əvvəl onların boğazları "yaşlanmışdı" da. Onlar çıxış edən zaman da sərxoş olduqları özünü büruzə verdi. Çünki mitinqçilər elə tribunada bir - birilərini şöyüşlərə qərq etdilər və nəticədə əlbəyaxa oldular. Gəncləri öyrədib meydanlara buraxan əli kərimlilər isə bu dava-dalaşın guya dövlət nümayəndələri tərəfindən təşkil olunması barədə rəy formalaşdırmağa çalışsalar da, istəklərinə nail ola bilmədilər. Çünki dövlət tərəfindən icazə verilmiş mitinqdə aranı qarışdırmaq istəyən gənclərin kimliyi artıq hamıya bəllidir. Onlar Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın üzvləri idilər.
AXCP sədrinin çağırışı ilə mitinqlərə çıxmaq istəyən gənclər ən azı bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilmiş "Yeni Fikir" Gənclər Birliyinin sədri Ruslan Bəşirlinin taleyini gözləri önünə gətirsinlər. AXCP sədrinin təhriki ilə Tbilisidə ermənilərlə danışıqlar aparan R.Bəşirli gəncliyinin 6 ildən çoxunu həbsxanada keçirdi. Bu müddət ərzində nə Əli Kərimli, nə də onun ətrafı bir dəfə də olsun Ruslan Bəşirlinin ailəsi ilə maraqlanmadı. Sonda Ruslan Bəşirli səhv yolda olduğunu, aldadıldığını dərk etdi və əfv olunmaq üçün dövlət başçısına müraciət etdi. Digər bir gənc- Elnur İsrafilov da Ə.Kərimlinin toruna düşərək icazəsiz mitinqlərə qoşulmuş, ictimai- asayişi pozduğuna görə qanunla cəzalandırılmışdı. O da aldadıldığını bildikdən sonra peşimançılıq hissi ilə ölkə başçısına müraciət etmiş, nəticədə əfv olunmuşdur.
Göründüyü kimi, AXCP sədri öz maraqlarının təmin olunması üçün gəncləri aldadaraq icazəsiz mitinqlərə çağırır, son anda isə özü aradan çıxaraq gizlənir. Adlarını müxalifət qoyan belələri artıq Azərbaycanın siyasi həyatında satqınlıq, xəyanətkarlıq simvoluna çevriliblər. Azərbaycana düşmən qüvvələrdən çirkli pullar alıb gəncləri dövlətçiliyə qarşı dağıdıcı mitinqlərə səsləyən əli kərimovların iç üzü artıq hamıya bəllidir. Zaman geçdikcə belə ünsürlər siyasi arenadan tamamilə silinəcəklər. Bunu elə müxalifətdəki bəzi aydın fikirli adamlar da tələb edirlər.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.