Xarici yardımlar hesabına yaşayan bir dövlət uzaq hədəflərə ümid bəsləyə bilməz

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş verən hadisələr yerli və xarici mətbuatın diqqət mərkəzindədir. Bu günlərdə erməni KİV-ləri iqtisad elmləri doktoru, professor Qrant Baqdasaryanın Ermənistan prezidenti Serj Sarkisyana yazdığı açıq məktubu dərc etmişlər. 
Q.Baqdasaryan prezidentin Ermənistan Respublika Partiyasının qurultayındakı çıxışında iqtisadi inkişaf barədə söylədiklərinin yalan və uydurma faktlardan ibarət olduğunu qeyd etmiş və bunu seçkiqabağı təbliğatda saxtakarlıq adlandırmışdır.
Erməni alimi yazır ki, son 10 ildə Ermənistanın iqtisadiyyatı tamamilə cinayətkar qruplar tərəfindən idarə edilir və xalqa məxsus pullar açıq şəkildə mənimsənilmişdir.
Ermənistan statistika xidmətinin ölkənin sosial-iqtisadi inkişafı haqqında göstərdiyi rəqəmlərə toxunan iqtisadçı bunların həddən artıq şişirdildiyini bildirmişdir. O qeyd etmişdir ki, inflyasiya 10 faizdən artıq olmuş, əhalinin gəlirləri kəskin şəkildə azalmış, iqtisadi vəziyyətin düzəlməsi üçün heç bir addım atılmamışdır. Əmək haqları və pensiyalar da artırılmamış, büdcə oliqarx-məmurlar tərəfindən talan edilmiş və qrup mənafeyinə xidmət edən siyasi layihələrin həyata keçirilməsinə sərf olunmuşdur. Bütün bunların nəticəsidir ki, əhali ölkəni tərk edir, böyük qəsəbələr və kəndlər boşalır.
Alim yazır ki, ölkədə oğurluq və korrupsiya dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. Bir qrup oliqarx-məmur quldurluq yolu ilə xalqın malını, milli sərvətlərini talayıb satır və əldə etdiyi çirkli pullar hesabına xarici ölkələrdə daşınmaz əmlak alaraq özlərini kübar cəmiyyətin adamları kimi təqdim etməyə çalışırlar. Halbuki, onların hamısı fırıldaqçı və cinayətkardırlar. Bunları görən diaspor təşkilatları da artıq Ermənistana yardım etmirlər. Bunun səbəbi çox sadədir, diasporun göndərdiyi pullar xalq üçün xərclənmir.
Ermənistanda keçirilən istənilən seçki əhalinin sosial - iqtisadi vəziyyətinin yaxşılaşmasında heç bir rol oynamayacaqdır. İqtisadi vəziyyətin böhrandan xilas olması üçün islahatların keçirilməsi zəruri idi, lakin Ermənistanda bu islahatlar keçirilməmişdir.
Bu sözləri isə KİV-ə verdiyi müsahibəsində iqtisadçı professor Karen Adonts demişdir. O, bildirmişdir ki, Ermənistan iqtisadiyyatı xarici təsirlərdən o qədər asılı vəziyyətdədir ki, dünya iqtisadiyyatında baş verən hər hansı bir mənfi dəyişiklik tez bir zamanda əhalinin güzəranına təsir edir. Ermənistanın coğrafi ərazi kimi təbii ehtiyatlara malik olmaması ilə yanaşı, düşünülmüş iqtisadi addımlar da atılmır. İstehsal sahələri yaradılmamış, ticarət əlaqələri qurulmamışdır. Bütün bunlar isə işsizlik və yoxsulluğun artmasına səbəb olmuşdur. Bu gün Ermənistanda yalnız dövlət orqanlarında işləyənlər əmək haqqı alırlar. Pensiya və müavinətlərin məbləği olduqca aşağıdır. Ermənistan bəzi qonşu dövlətlər üçün ucuz malların bazarına çevrilmişdir. Həmin dövlətlərdə istehsal edilən ucuz və keyfiyyətsiz məhsullar Ermənistana idxal edilir. Əhali isə tərkibi və mənşəyi məlum olmayan ərzaq malları ilə qidalanır. Keyfiyyətli məhsullar baha olduğu üçün ölkəyə gətirilmir. Gətirilsə də əhalinin keyfiyyətli qida almağa imkanı yoxdur.
K.Adonts vurğulamışdır ki, ötən 20 ildə Ermənistan iqtisadi sahədə bir addımda olsun irəliləməmişdir, keçmiş Sovet İttifaqı dövründə mərkəzi hökumətin dotasiyası hesabına necə yaşamışdısa eləcə də yaşamaqdadır.
Xarici yardımlar hesabına yaşayan bir dövlət isə uzaq hədəflərə ümid bəsləyə bilməz.
Parlament seçkiləri də əvvəllər olduğu kimi, oliqarxların satın aldığı adamların seçilməsi ilə nəticələnəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında