Kim nə qədər itirdi?

Hazırda yalnız islahedilməz nikbinlər düşünürlər ki, iqtisadi böhran 2008-ci ildə qaldı. Ancaq bir çox ölkənin iqtisadiyyatının bugünkü vəziyyətinə görə demək olar ki, böhranı arxivə göndərmək hələ çox tezdir. Məsələn, böhranın Yunanıstanı 12 il, İrlandiyanı, İtaliyanı, Portuqaliyanı və İspaniyanı isə 7 il keçmişə qaytardığını qeyd etmək olar. Böyük Britaniyanın 7 il gerilədiyi halda, dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ın 10 il itirdiyini vurğulamamaq mümkün deyil. Bəs itirilənləri geri qaytarmaq mümkün olacaqmı?
Tanınmış "The Economist" jurnalının mütəxəssisləri maraqlı araşdırma aparıblar. Belə ki, ingilislər "iqtisadi saat"ın siferblatında (saat və ölçü cihazları üzərində olan lövhəçik) 3 kateqoriyaya ayrılan 12 yox, 7 bölgünün olduğunu vurğulayırlar. İlk kateqoriyaya vətəndaşların rifah halı, daşınmaz əmlak qiymətləri və maliyyə aktivlərinin dəyəri daxildir. İkinci kateqoriyada istehsalatın illik həcmi və şəxsi istehlakın həcmi, sonrakı kateqoriyadasa əmək haqları və işsizlik yer alıb. Analitiklər yekun "zamanın" yuxarıda sadalanan hər kateqoriyada orta arifmetik itkilərdən formalaşdığını bildirirlər. Hər üç kateqoriyada cəmləşən amilləri araşdıran ingilislər maraqlı nəticələrə gəliblər.
Məsələn, "The Economist" ən gözəçarpan nəticələrin fond bazarlarında qeydə alındığını açıqlayır. Belə ki, ABŞ səhmləri 2008-ci ildə "Lehman Brothers" şirkətinin iflasa uğramasından sonra ötən bir ay ərzində dəyərinin dörddə birini itirmişdi. Səhmlərin ucuzlaşması da pensiya fondlarına və amerikalıların rifah halına mənfi təsir göstərmişdi. Buna görə də, yalnız bu nöqtədə ABŞ-ın tam 5 il itirdiyi bildirilir. Ədalət naminə demək lazımdır ki, ötən müddət ərzində ABŞ-da əsas iqtisadi göstəricilər hissediləcək dərəcədə yaxşılaşıb, məsələn, səbətinə ABŞ-ın daha yaxşı bazar qiymətləndirilməsinə malik 500 seçilmiş investisiya şirkəti daxil olan "S&P 500" fond indeksi ürəkaçan səviyyədə irəliləyir. Doğrudur, sözügedən indeks 1990-cı ilin sonlarında da indi müşahidə olunan səviyyədə idi. Ona görə də, kobud desək, 13 il ərzində bəzi səhmdarlara kapitalın artımından nəzərəçarpacaq dərəcədə gəlir əldə etmək mümkün olmayıb. Yunanıstan səhmlərisə hazırda, ümumiyyətlə,1992-ci ildə qeyd alınan səviyyədən daha ucuzdur. Yəni son 20 ilin yunanlar üçün faydasız keçdiyini demək olar.
Mütəxəssislər tarixi perspektivdə iqtisadi böhranın kifayət qədər maraqlı hadisə olduğunu bildirirlər. Yalnız o baxış nöqteyi-nəzərindən ki, müxtəlif ölkələr böhrandan necə çıxmağa çalışırlar. Məsələn, 1929-cu ildə ABŞ maliyyə bazarının iflasından və 1989-cu ildə Yaponiyanın maliyyə birjasının kollapsa girməsindən 5 il sonra hər iki ölkənin səhmləri 50 faiz dəyərini itirmişdi. Lakin ABŞ səhmlərinə əvvəlki mövqeyə qayıtması üçün 25 il vaxt tələb olunmuşdusa, yapon səhmləri hələ də bir vaxtlar olduğu yerə qayıda bilmir. Bundan başqa, ABŞ-da hazırda daşınmaz əmlak qiymətləri baxımından inflyasiya da nəzərə alınmaqla 2001-ci ildə yaşayırlar. Böyük Britaniyada daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi o qədər də dramatik olmadı, amma mütəxəssislər istənilən halda 7 ilin itirildiyini bildirirlər. Maraqlıdır ki, itirilmiş zamanın pul ifadəsi də var. Məsələn, İngiltərənin daşınmaz əmlak sektoru qiymət baxımından ümumilkdə 785 milyard dollar dəyər itirib. ABŞ-dasa itirilmiş kapital daha böyükdür-9,2 trilyon dollar!
Bu bir aksiomadır ki, hər bir dövlətin kredit ödəmə qabiliyyətinin vacib tərkib hissəsi onun Ümumi Daxili Məhsul (ÜDM) istehsalıdır. Bu göstəriciyə görə Portuqaliya və İspaniya 2008-ci ilə, İrlandiya isə 2006-cı ilə geriyə qayıdıb. Beynəlxalq Valyuta Fondonun hesablamalarına görə, dünyanın 184 ölkəsinin üçdə biri ÜDM-nin adambaşına düşən hissəsinə görə minimum 5 il itirib. Bu məsələdə Avropa Birliyinin vəziyyəti daha pisdir: təşkilatın 27 üzvündən 22-si üçün zaman tərsinə dönüb. Burada yalnız Almaniyanın bəxtinin gətirdiyini qeyd etmək vacibdir.
Məşğulluq barədə nə demək olar? "The Economist" yazır ki, inkişaf etmiş ölkələrin əksəriyyəti 2007-ci ildə bu məsələdə normal göstəricilər əldə etməyi bacarmışdı. Ancaq 2008-ci il bu nailiyyətin üstündən xətt çəkdi. Hazırda ABŞ-da işsizlik səviyyəsi 1983-cü ildəki səviyyəyə-8,3 faizə qayıdıb. "Dümanlı Albion" isə bu məsələdə 17 il geriləyib. Avrozonada da məşğulluq məsələsi mürəkkəbdir: Almaniyada işsizlik səviyyəsi düşdüyü halda, bu göstərici Yunanıstanda, İrlandiyada və Portuqaliyada 1990-cı illərin əvvəlində qeydə alınmış səviyyəyə düşüb.
Bəs, itirilənləri geri qaytarmaq mümkün olacaqmı? Mütəxəssislərin yekdil fikri belədir: yeni iş yerləri və borcların vaxtında ödənilməsi itirilmiş illəri müəyyən qədər kompensasiya edə bilər. Bununla belə, bəzi analitiklər kifayət qədər nikbin proqnozlar da irəli sürürlər. Belə ki, hesablamalara görə, 3 ildən sonra "Böyük yeddilər" arasında yalnız İtaliyada ÜDM 2007-ci ildəki səviyyədən aşağı olacaq. Ancaq bu da ehtimal olunur ki, işsizliyin "çapıqları" böhrandan sonra da hələ uzun müddət bir çox ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərməkdə davam edəcək. Buna görə də iqtisadçılar təəssüflə qeyd edirlər ki, itirilənləri heç də hamı qaytara bilməyəcək.

{nl}

Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında