Şriftin ölçüsü:
17.03.2012 02:57 | Oxunma sayı: 676
Martın 15-də "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzinin və radio-rabitə sexinin binası istifadəyə verilmişdir.
Açılış tədbirində çıxış edən "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev yaradılan şəraitə görə dəmiryolçular adından minnətdarlığını bildirmişdir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirmişdir ki, bu gün Azərbaycan Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da uğurlu islahatlar həyata keçirilir, yüksək nailiyyətlər əldə edilir. Nəqliyyat sektorunun mühüm sahəsi olan dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmizdə dəmir yolları sisteminin maddi-texniki bazasının gücləndirilməsi və yüksək standartlara cavab verən avadanlıqlarla təchizatı da diqqət mərkəzində saxlanılır, yeni dəmir yolu xətləri çəkilir, köhnə yollar yenidən qurulur. Arif Əsgərov bu işlərin Naxçıvanda da uğurla həyata keçirildiyini bildirmiş, bu sahədə əldə olunan nailiyyətləri muxtar respublikanın sosial-iqtisadi tərəqqisinin tərkib hissəsi kimi dəyərləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni obyektlərin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatının inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə dəmir yolunun inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısının 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafına hərtərəfli şərait yaratmışdır. Bu Dövlət Proqramına uyğun olaraq, 2011-ci il martın 16-da "Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı" qəbul edilmiş, ötən bir il ərzində proqramın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün istifadəyə verilən obyektlər də muxtar respublikada dəmir yolunun inkişafı üzrə qəbul edilən proqramın tərkib hissəsidir.
"20 ildir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının ölkəmizlə dəmir yolu əlaqəsi kəsilmişdir. Lakin buna baxmayaraq, muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılmış və inkişaf etdirilmişdir", - deyən Ali Məclisin sədri Naxçıvanda dəmir yolu sisteminin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərin ardıcıl şəkildə davam etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu gün müharibə şəraitində yaşayan ölkəmizdə dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, dəmir yollarında daşınan yüklər rentabelli və təhlükəsizdir.
Ali Məclisin sədri demişdir ki, tikilənləri, qurulanları qoruyub saxlamaq, dəmir yolu sistemində yüksək texniki təminat yaratmaq, hərəkətin təhlükəsizliyini təmin etmək və bu sahə üzrə ixtisaslı kadrlar hazırlamaq qarşıda duran mühüm vəzifələrdən biridir. Qeyd olunmuşdur ki, ötən müddət ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə fəaliyyət nəticəsində Naxçıvan dəmir yollarında təmir-bərpa işləri aparılmışdır. Qarşıdakı illərdə Naxçıvan-Qars dəmir yolunun inşası da nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə razılaşmalar əldə olunmuşdur. Martın 7-də Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə qəbul olunan bəyanata əsasən, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi imkanları nəzərdən keçirilir.
Ali Məclisin sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməyə görə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təşəkkürünü bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binasının açılışını bildirən lenti kəsmişlər.
Məlumat verilmişdir ki, Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində 14, ikinci mərtəbəsində isə 12 iş otağı vardır.
Əsaslı təmir olunan Culfa Lokomotiv Deposu 21 təmir sexindən və 3 təmir kanalından ibarətdir. Burada təchizat anbarı, yeməkxana, qazanxana, laboratoriya, ustalar üçün iş otağı və ayrı-ayrı təmir sexləri vardır. Təmir sexləri yeni avadanlıqlarla təchiz edilmiş, torna sexində ehtiyat hissələrin hazırlanması üçün dəzgahlar qoyulmuşdur.
Həyata keçirilən quruculuq işləri çərçivəsində Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexi üçün də lazımi şərait yaradılmışdır.
"Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sərnişin vaqonlarından biri ötən il əsaslı təmir edilmişdir. Sərnişin vaqonuna baxış zamanı məlumat verilmişdir ki, interyeri yenilənmiş vaqon müasir kreslo tipli oturacaqlarla təchiz edilmişdir. 54 sərnişin yerlik vaqonda yeni istilik sistemi quraşdırılmışdır. Qeyd olunmuşdur ki, dəmir yolunda sərnişin daşınmasının keyfiyyətini yüksəltmək məqsədi ilə ardıcıl tədbirlər görülür, dəmiryol vağzallarında sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılır. Muxtar respublikada hər gün Ordubad-Şərur və Vəlidağ-Culfa istiqamətində yük və sərnişin qatarları hərəkət edir.
Muxtar respublikanın dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ordubad stansiyasının vağzal binası da inşa olunacaqdır. Ali Məclisin sədri Ordubad sərnişin vağzalı binasının layihəsinə baxmış, binanın təqdim edilən layihə əsasında inşası barədə tapşırıq vermişdir.
Sonra "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinə "NAZ-Lifan 620" markalı minik avtomobilinin açarı təqdim olunmuşdur.
Təmir işləri aparılarkən binaların ətrafı da abadlaşdırılmış, 3 hektar sahədə meyvə bağı salınmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.