BMT içməli su ilə bağlı həyəcan təbili çalır

BMT-nin Yer kürəsində içməli su ehtiyatları ilə bağlı son hesabatı dünya əhalisi üçün ciddi siqnal kimi qəbul edilir. Təşkilatın açıqladığı statistikada qeyd olunur ki, yaxın gələcəkdə Yer kürəsində baş verəcək iqlim dəyişmələri planetin su ehtiyatlarına böyük təsir göstərəcək. Bunun nəticəsində dünyanın bir sıra ölkələrində əhalinin içməli su ilə təchiz edilməsində ciddi problemlər yaranacaq. Hazırda Fransanın Marsel şəhərində keçirilməkdə olan 6-cı Dünya Su Forumunda əsas diqqət bu məsələyə yönəlmişdir. 
Qeyd edək ki, ərzağa artmaqda olan tələbat, sürətli urbanizasiya və anomal iqlim prosesləri dünyanın su təchizatı sisteminin həddən artıq yüklənməsinə gətirib çıxarıb. Yaranmış vəziyyət su resurslarının idarə olunmasına yanaşmanın radikal surətdə dəyişdirilməsini tələb edir. KİV-in yaydığı məlumata görə, BMT-nin dünyanın su ehtiyatlarının vəziyyəti haqqında məruzəsində bu məsələ ön plana çəkilmişdir.
Məruzədə xüsusi olaraq vurğulanır ki, su təchizatı və kanalizasiya infrastrukturu dünyada şəhər əhalisinin suya artan tələbatının öhdəsindən gəlməkdə çətinlik çəkir. Ümumiyyətlə, mütəxəssislər dünya şəhər əhalisinin 2050-ci ilədək iki dəfə artaraq, 6,3 milyard nəfərə çatacağını söyləyirlər. Bildirilir ki, dünyada çirkab sularının 80 faizindən çoxu kollektorlara daxil olmur və təmizlənmir. 2050-ci ilədək dünyada ərzağa, xüsusən, heyvandarlıq məhsullarına tələbatın 70 faiz artması gözlənilir. Ərzaq məhsulları istehsalının genişlənməsi nəticəsində kənd təsərrüfatında qlobal su istehlakı isə (bu gün şirin su ehtiyatlarının 70 faizi onun payına düşür) azı 19 faiz artacaq.
Qeyd edək ki, su ehtiyatlarına artmaqda olan tələbatın öhdəsindən gəlmək üçün yeraltı su mənbələrindən getdikcə daha çox istifadə olunması planlaşdırılır. Ümumiyyətlə isə, son 50 il ərzində dünya ölkələrində yeraltı suların çıxarılması üç dəfə artıb. Buna baxmayaraq bəzi yeraltı mənbələrdə su ehtiyatlarının bərpası qeyri-mümkündür, çünki suyun keyfiyyəti son dərəcə aşağı səviyyəyə çatıb. Bildirilir ki, bu səbəblərə görə bir çox ölkələr öz milli yurisdiksiyasından kənarda, xüsusən, Afrika qitəsində münbit torpaqlar alırlar.
Ekspertlər iqlim dəyişmələrinin yaxın illərdə su ehtiyatlarına böyük təsir göstərəcəyini bildirirlər. Mütəxəssislər Yer kürəsində yağıntının qeyri-bərabər paylanması, torpağın rütubəti, buzlaqların əriməsi, çay axarlarında, habelə yeraltı sularda baş verən kəskin dəyişiklərin su ehtiyatlarının tükənməsinə birbaşa təsir göstərəcəyini vurğulayıblar. Daşqın və quraqlıq kimi su ilə bağlı olan təhlükəli təbiət hadisələrinin artmasını buna əyani misal kimi qeyd ediblər.
Məruzə müəllifləri iddia edirlər ki, 2030-cu ilədək iqlim dəyişmələri Cənubi Asiyada və Cənubi Afrikada ərzaq istehsalına əhəmiyyətli təsir göstərəcək: "2070-ci ilədək Mərkəzi və Cənubi Avropada hiss ediləcək su qıtlığı təkcə bu regionda 44 milyon insanın susuzluqdan əziyyət çəkməsinə səbəb olacaq".
Fransanın Marsel şəhərində keçirilən 6-cı Dünya Su Forumunda da məyusedici faktlar açıqlanıb. Forumda bildirilib ki, hazırda 800 milyon insan içməli suya möhtacdır. 1 milyard insan isə həftədə sadəcə olaraq, bir neçə saat sudan istifadə edə bilir. Əksəriyyəti uşaq olmaqla, ildə 3,6 milyon insan isə içməli su çatışmazlığı problemindən dünyasını dəyişir.
BMT-nin Baş Katibliyinə konsaltinq xidməti göstərən "Aquafed" şirkəti öz bəyanatında bildirib ki, dünyada 3-4 milyard insan mütəmadi şəkildə içməli su ilə normal təmin olunmayıb və onların istifadə etdikləri suyun keyfiyyəti də "şübhəli" kateqoriyaya daxildir.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında