Hörmətli redaksiya!
Mən, Vilayət Xaliddin oğlu İsgəndərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan gündən, həm xidməti vəzifəmlə əlaqədar, həm də Yeni Azərbaycan Partiyasının üzvü kimi həmişə hadisələrin içində olmuşam. Xüsusən, Gəncə-Qazax bölgəsində gedən proseslərin təfərrüatı bu gün də yaxşı xatirimdədir.
Bu günlərdə "Yeni Müsavat" qəzetində Qazaxda yerləşən N saylı hərbi briqadanın komandiri olmuş İsa Sadıqovun işlədiyi dövrdə hadisələrə münasibəti barədə məqaləni oxudum. Təhrif olunmuş faktlara əsaslanan yalan və qərəzli yazılmış məqalə məni çox əsəbiləşdirdi. Odur ki, bir neçə məqama mən də münasibətimi bildirmək qərarına gəldim.
Bəri başdan deyim ki, öz kimliyini bu günədək bilməyən və yaxud gizlədən bir məsləksizin Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndər Heydər Əliyev kimi görkəmli siyasətçi və sərkərdə haqqında belə qərəzli fikirlər söyləməsini mən bütöv bir xalqa, keçmişimizə, bu günümüzə və gələcəyimizə ünvanlanmış təhqir hesab edirəm. Axı kimdir bu İsa Sadıqov? O, azərbaycanlıdır. Bəs nə üçün dilimizi bilmir, erməni kimi danışırdı? Hərbi hissədə kənar millətlərin qızlarından ibarət əxlaqsızlıq yuvası yaratmışdı. O dövrdə bizdə "Yardım qərargahı" təşkil olunmuşdu. Mən həmin vaxt sovxoz direktoru işləyirdim, ön cəbhədəki botalyonlara bölgü əsasında ərzaq yardımı aparırdıq. İsa Sadıqov yardımları birbaşa briqadaya toplayır və istədiyi kimi dağıdırdı. Mən buna dözməyərək Sadıqovun yanına belə bir təkliflə getməyi qərara aldım ki, yardımlar birbaşa ön mövqelərə göndərilməli və siyahı ilə hərbi hissələrə verilməlidir. Məni Fariz adlı bir hərbçi İsa Sadıqovun qəbuluna apardı. O, mənə əvvəlcədən demişdi, amma inanmamışdım, öz gözlərimlə gördüm. Belə ki, İsa Sadıqov briqadanın qərargahında sərin bir guşədə yarıçılpaq şəkildə uzanıb, ayaqlarını hündür bir yerə qoymuşdu. Dörd nəfər əcnəbi çılpaq qızlardan ikisi onun kürəyini, ikisi isə ayaqlarını ovurdu. Mən əvvəlcə içəri keçmək istəmədim, rusca "zaxodi" dedi. Yenə də rusca günündən-güzaranından gileyləndi: Günümüzü görürsən də, müharibə məndə əsəb xəstəliyi yaradıb, həkimim, həm də gürcü dostum bu qızları bir həftəlik məni masaj etməyə göndərib.
Stolun üstündə yemək, mer-meyvə və içkilər vardı. Sözün düzü, əvvəlcə elə bildim, bu qızları ermənilərdən əsir götürüblər. Mən gəlişimin məqsədini ona deyəndə bərk hirsləndi:
- Sizin hərbi işlərə bu cür qarışmağınız məni xəstə edib, - dedi.
İsa Sadıqov eyş-işrətdəykən hər gün insanlarımız qırılırdı, başımıza mərmilər tökülürdü.
Qazax rayonunun Ağköynək kənd sakini Vaqif İsa Sadıqovun cangüdəni idi. O deyirdi ki, 2-ci botalyonda idik, İsa Sadıqov yaxşı vurmuşdu. Ermənistanın İcevan şəhəri ilə, oranın briqada komandiri ilə danışdı, ona dedi ki, bəzi məsələlər telefonda əmələ gəlmir, şərait yarat, görüşək. O da buna "gəl bura" dedi. Biz sərhədi o tərəfə keçdik, ermənilərin DYP postunun arxasındakı qonaq evində görüşdülər. Onlar gizli danışdılar, axırda bizim yanımızda erməni komandir İsa Sadıqova ərkyana dedi: Ürəkli insansan, qorxmursanmı, səni bu saat tutaram?
İsa Sadıqov ona dedi: Məlum olsun ki, mən azərbaycanlı deyiləm, vaxtilə babam İrandan Gürcüstana gəlib. Məni öldürərsən, yerimə bir tərs türkü qoyacaqlar, sizə qənim kəsiləcək. Amma mən sizinlə dostluq edirəm.
Mən sovxoz direktoru idim. Bir dəfə XTPD-çilər - Elçin Əmiraslanovun adamları gəlib mənə dedilər ki, komandir göndərib, ayıya bir maşın taxıl ver. Mən dedim, o qədər taxılı verə bilmərəm.
Nəhayət, məni XTPD-nin qərargahına - Elçinin yanına apardılar. Mən orada komandir İsa Sadıqovu Elçinin otağında yeyib-içən vəziyyətdə gördüm. Elçin əsəbi halda soruşdu: "Niyə ayıya yem verməyibsən?" Sadıqov eşidə-eşidə məni söydü və dövlətin ünvanına hədyanlar söylədi. Mən ondan kömək umduğum halda, Sadıqov "Bunu salın ayının yanına ağıllansın" - dedi. Halbuki onun hərbi briqadasına ən çox yardım edən mən idim.
Sonra öyrəndim ki, İsa Sadıqov tez-tez XTPD-çilərlə bir yerdə olur, yeyib-içir. Hətta, Elçini də özü ilə Gürcüstana, kef məclislərinə aparır.
2-ci botalyonun 40 əsgəri İcevan rayonunun Lələkəndinə əməliyyata getmişdi. Orada kənddə hərbçilər olmadığını görüb 100-dək ermənini yığıb gətirmək istəmişdi. Bu vaxt xəbər çatıb, erməni hərbçilər gəliblər, atışma olub, əsgərlərimizin gülləsi qurtarıb. Rus hərbçilərdən kömək istəyiblər. Məsafə cəmi 3 kilometr olub. Top komandiri Ərəstun Hacıyev və başqaları İsa Sadıqovdan kömək üçün icazə istəyiblər, verməyib, deyib ki, onlar əməliyyatı pozublar, ölümə layiqdirlər. Elə də oldu. Ermənilər 40 nəfər qəhrəman döyüşçümüzün meyitlərini 40 gündən sonra qaytardılar.
İsa Sadıqov etdiyi cinayətlərə görə axtarılırdı. Qaçıb Gürcüstanda gizlənmişdi. Yaxşı yadımdadır, Qazax rayon DİŞ rəisi Zəfər Abıyev və hərbi polisin rəisi Asim Bayramov Gürcüstana adam göndərib, ona dedilər ki, Qırmızı körpüyə gəlsin, onu yenidən vəzifəyə qoyurlar. Tamahlanıb gəldi və orada da həbs olundu.
Cavanşir restoranı (Ağstafa rayonu) mühasirəyə alınanda Sadıqov Elçin başda olmaqla dövlət çevrilişinə cəhd göstərib, dövlət idarələrini tutan, hərbi hissəyə hücum edən XTPD-çilərə qaçmaq üçün dəhliz verdi.
Şəmkirdə qərargah yaradılmışdı. Biz YAP Qazax rayon təşkilatının sədri Abbas Göyüşovla oraya getmişdik. Şəmkir RİH başçısı Aslan Aslanov bizə dedi ki, qazaxlılar, özünüzü düzəldin. Nə olur-olsun, Şəmkirdən Bakıya heç bir xüsusi təyinatlını buraxan deyilik, şəxsən Heydər Əliyev uğrunda mən ölümə hazıram. Aslan müəllim bizim yanımızda ulu öndərlə telefonla danışdı. Bizə dediklərini ona da dedi.
{nl}
Vilayət İSGƏNDƏROV, Qazax
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.