Hüquqi dövlət quruculuğunda növbəti mühüm addım

"Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Müstəqilliyin bərpa edilməsindən sonrakı 20 il ərzində ölkəmizdə insan hüquqlarının təminatı və cəmiyyətimizin müasir inkişafı naminə son dərəcə vacib və mühüm qərarlar qəbul edilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. Beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunaraq yüksək dəyərləndirilən və cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan belə konseptual xarakterli sənədlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"dır. Fundamental sənəd respublikamızda hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı islahatları şərtləndirən sosial zərurətdən irəli gələrək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəf və istiqamətlərinin mühüm tərkib hissəsi olmaqla, insan hüquqları ilə bağlı ölkəmizin perspektiv inkişafına, yeni iqtisadi və sosial çağırışlara yönələn milli strategiyadır.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin qorunub saxlanılması mümkün olmuş, qətiyyətli addımlar atılmış, xalqımızın rifahının yüksəldilməsi, demokratik hüquqi dövlətin, xüsusilə insan hüquq və azadlıqlarının bərqərar olunmasında dinamik inkişafa nail olunmuş, ümumbəşəri dəyərlərin üstünlüyü qəbul edilmişdir. Ulu öndər vurğulayırdı ki, "hər bir insanın hüquqlarının qorunması bütün cəmiyyətin hüquqlarının qorunması deməkdir". Həqiqətən də insan hüquqları faktoru nəzərə alınmaqla qısa müddət ərzində cəmiyyətdə hüquq düşüncəsinin və mədəniyyətinin köklü surətdə dəyişilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, dövlət idarəetməsində, məhkəmə və qanunvericilik sistemində ciddi islahatlar həyata keçirilmişdir. Respublikamızda beynəlxalq hüququn norma və prinsipləri əsasında mükəmməl normativ hüquqi baza yaradılmış, milli qanunvericiliyimiz təkmilləşdirilmiş, ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuşdur. Həmin hüquqların səmərəli təminatı üçün mövcud resurslar beynəlxalq standartlara uyğunlaşdırılmış, beynəlxalq müqavilələrin müddəalarının milli səviyyədə implementasiyası təmin olunmuşdur.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin milli dövlətçilik strategiyasına uyğun olaraq respublikamızda bütün sahələrdə hərtərəfli islahatlar aparılır, ölkəmiz qlobal və regional səviyyələrdə mühüm tarixi nailiyyətlərə imza atır, davamlı demokratik-hüquqi, dünyəvi inkişafın nəticəsi olaraq beynəlxalq strukturlara inteqrasiya olunur. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlər dövlətimizin siyasi-diplomatik və demokratik tərəqqisi baxımından əlamətdar hadisələrlə zəngin olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin sonlarında BMT Baş Məclisinin plenar iclasında respublikamızın bu mötəbər qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, habelə bu günlərdə Meksikada "Böyük iyirmiliyin" (G-20) sammitinə post-sovet ölkələri arasından ilk dəfə yalnız Azərbaycanın dəvət edilməsi ölkəmizin böyük nüfuza və beynəlxalq dəstəyə malik olmasının bariz nümunəsi kimi insan hüquqları sahəsindəki səmərəli fəaliyyətinə də təsirsiz ötüşməmişdir.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər hər şeydən əvvəl respublikamızın hərtərəfli inkişafı və gələcək perspektivləri üçün zəmin yaratmışdır. Elə bu səbəbdən də, Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır: "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər". Əlbəttə, ölkəmiz üçün olduqca məsuliyyətli bir dövrdə uzunmüddətli və davamlı inkişafa nail olmaq vəzifəsi mükəmməl milli mexanizmləri özündə ehtiva edən yeni proqram xarakterli sənədin işlənib hazırlanmasını labüd etmişdir.
İnsan hüquqlarının təminatı üzrə həyata keçirilən tədbirlərin davamlılığnı təmin edən Milli Fəaliyyət Proqramının ölkə başçısı tərəfindən təsdiq edilməsi insan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyinin daha da artırılmasına, yeni təfəkkürün və milli hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına xidmət edir.
Proqramda həmçinin, ədliyyə sahəsi ilə bağlı olan bir sıra mühüm tədbirlər - normativ-hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi, əhalinin kövrək təbəqələrinin, xüsusilə uşaqların, qadınların və məhkumların hüquqlarına daha həssas yanaşılması, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı daha səmərəli mübarizə, elektron xidmətlərin göstərilməsi və digər məsələlər üzrə konkret vəzifələr müəyyən olunmuşdur.
Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrin dürüst icrasına nail olunması baxımından ilk növbədə şəxsiyyət azadlığının mahiyyətinə dair siyasi nəzəriyyələr sistemində təşəkkül tapmış fəlsəfi yanaşmalara qısa tarixi ekskurs etmək yerinə düşərdi.
Ümumiyyətlə, insan hüquqları ideyaları qədim tarixi köklərə malik olsa da, şəxsiyyət, onun azadlığı və bərabərliyi, özünəməxsusluğu ilə bağlı prinsiplərin tanınması, onların ali dəyər və ümumbəşəri sərvət kimi etiraf olunması müasir dövrün mühüm problemlərindən biridir. İnsan varlığının bünövrəsini təşkil edən fərdi azadlıqların, şəxsiyyətin özünüifadə, yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərinin inkişafına təkan verilməsi istənilən dövlətin və cəmiyyətin ali məqsədini, orada baş verən köklü islahatların əsasını təşkil etmişdir. Vaxtilə hüquqi dövlət və şəxsiyyət azadlığı konsepsiyasının müəlliflərindən biri olan klassik alman filosofu İmmanuil Kant qeyd edirdi ki, azadlıq həm özünün, həm də başqasının şəxsində insana heç bir halda vasitə kimi deyil, yalnız və yalnız məqsəd kimi yanaşmaqdan ibarətdir. Ona görə də müasir dövrdə insan hüquqlarına hörmət, bu hüquq və azadlıqların təminatı hər bir dövlətin ali məqsədini təşkil etməklə, beynəlxalq aləmdə ölkənin və cəmiyyətin demokratik inkişaf səviyyəsini, eyni zamanda millətlərin sivil xarakterini müəyyən edən əsas qiymətləndirmə meyarlarından biri sayılır.
İnsan hüquqlarının qorunması, bu hüquq və azadlıqlara dövlətlər tərəfindən dəstək verilməsinin zəruriliyi ilə bağlı ideyalar yalnız XX əsrin ortalarından etibarən daha geniş miqyasda inkişaf etmiş və imperativlik qazanmışdır. Artıq müasir dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi ayrı-ayrı dövlətlərin daxili yurisdiksiyasından çıxaraq bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi üçün hər hansı ölkənin hüquq sistemini və ictimai həyatını beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək qeyri-mümkündür. Ona görə də, Azərbaycan Respublikası həmin sənədlərdə nəzərdə tutulan prinsipləri özünün əsas fəaliyyət istiqaməti kimi müəyyən etməklə ötən dövr ərzində əksəriyyəti insan hüquq və azadlıqların təminatı ilə əlaqədar olan 380-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur.
İnsan hüquqlarının müdafiəsi ilə bağlı konsepsiya milli səviyyədə ilk dəfə 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ulu öndərin bilavasitə müəllifi olduğu Konstitusiyamızda təsbit olunmuşdur. Konstitusiyada insan hüquqlarının təmin edilməsi dövlətimizin ali məqsədi elan olunaraq, bu hüquq və azadlıqların gözlənilməsi, onların qorunması bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilir. Eyni zamanda, XXI əsrin yeni liberal təfəkkür tərzi və müasir tələbləri nəzərə alınaraq Konstitusiyaya 2002 və 2009-cu illərdə insan haqlarının qorunması baxımından mütərəqqi xarakterli bir sıra mühüm əlavə və dəyişikliklər edilmiş, Əsas Qanunda təsbit olunan bu prinsiplər müstəqil dövlətimizin başlıca prioriteti kimi hüquq və azadlıqların daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin, hər kəsin bərabər hüquqlarının real təminatına, sosial yönümlü iqtisadiyyatın gücləndirilməsinə yönəlmişdir.
Eyni zamanda insan hüquqlarına həssas münasibət ölkəmizdə müvafiq hüquqi mexanizmlərin yaradılmasını zəruri etmiş, xüsusi normalar müəyyən edilməklə bu hüquqların milli qanunvericilik qaydasında daha da möhkəmlənməsinə səbəb olmuşdur. İnsan hüquqlarının etibarlı təmin olunması üzrə həyata keçirilən tədbirlərin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanında dəqiqliklə müəyyən edilərək, bu mühüm sənəd demokratiyanın inkişafının sürətləndirilməsi və ölkəmizin dünya birliyinə daha sıx inteqrasiyası üçün zəmin yaratmışdır. Ümummilli liderimizin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olmaqla ölkəmizdə demoktarik institutların formalaşması prosesini sürətləndirmiş, yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, ombudsman kimi yeni təsisatlar yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru daha mühüm addımlar atılmışdır.
Respublikamızda qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik proseslərin dönməz xarakter alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv olmaqla insan hüquq və azadlıqlarına sadiqliyini bir daha nümayiş etdirmişdir. Eyni zamanda, ölkəmizin Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olması, onun insan hüquqlarının müdafiəsi ilə bağlı qərarlarının qanunvericilik, icra və məhkəmə orqanları üçün rəsmi istinad mənbəyinə çevrilməsi, presedent hüququnun tətbiqi xüsusilə qeyd edilməlidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2006-cı il dekabrın 28-də İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına əlverişli şərait yaratmışdır. Bu xüsusi əhəmiyyətli sənəd ədliyyə və məhkəmə sistemində insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunan mühüm mərhələsinin başlanmasını, o cümlədən, Azərbaycan ədliyyəsinin müxtəlif sahələri üzrə əsaslı tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.
Qeyd etmək lazımdır ki, son illər ərzində ölkəmizdə qəbul edilən bütün normativ-hüquqi aktlarda respublikamızın taleyüklü məsələlərinə xüsusi diqqət yetirilərək, həmin sənədlərdə insan haqlarının səmərəli təminatı baxımından qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqları ilə bağlı tədbirlərə ən ümdə vəzifələrdən biri kimi kimi yanaşılır.
Görülən işlərin məntiqi davamı olaraq 27.12.2011-ci il tarixli Milli Fəaliyyət Proqramında xalqımızın ən ağrılı problemi olan Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin kütləvi şəkildə pozulmuş hüquqları ilə bağlı tədbirlərin gücləndirilməsinə xüsusi yer ayrılır. Qeyd etmək lazımdır ki, ölkəmizdə bu problemə demokratiyanın, insan hüquqlarının inkişafı və qorunması baxımından mühüm əhəmiyyət verilməklə, daim həssas münasibət göstərilərək diqqət mərkəzində saxlanılır. Ölkə Prezidenti Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçıları ilə görüşdə qeyd etmişdir: "Azərbaycan əhalisinin kifayət qədər böyük hissəsi bütün insan hüquqlarından məhrum edilibdir. Onların insan hüquqları kobudcasına tapdalanıbdır. Mən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində öz doğma yerlərindən didərgin düşmüş bizim soydaşlarımız haqqında söhbət açıram. Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eyni zamanda, etnik təmizləmə siyasəti ilə tamamlanmışdır və bir milyon soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır". Respublikamızın suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi əleyhinə yönəlmiş təcavüz təkcə yüz minlərlə insana qarşı deyil, eyni zamanda milli abidələrimizə, təbii sərvətlərimizə, bütövlükdə isə dünya mədəniyyət xəzinəsinə edilən cinayətkar qəsddir. Bununla əlaqədar ölkəmizin haqq səsinin dünyaya çatdırılması, qeyd olunan faktlar əsasında zəruri tədbirlərin görülməsi üçün mövcud hüquqi vasitələrdən daha səmərəli istifadə olunmalıdır.
Proqramda, eyni zamanda, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətin davamlılığına xüsusi diqqət yetirilir. Dövlət siyasətinin tərkib hissəsini təşkil edən bu məsələyə etnik azlıqların bərabər hüquq və azadlıqlara malik olması baxımından böyük əhəmiyyət verilir. Bu gün Azərbaycan artıq bütün dünyada tolerant ölkə kimi tanınır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı üçün beynəlxalq prinsiplərə əsaslanan bərabər imkanlar və hərtərəfli ictimai-siyasi şərait yaradılmışdır. Ölkəmiz müxtəlif mədəniyyətlərin qovşağına, dinlər və konfessiyalararası dialoq məkanına çevrilərək, qarşılıqlı birgə əməkdaşlıq üzrə mötəbər konfranslara ev sahibliyi edir, dünyada tolerantlıq örnəyi kimi tanınmaqla beynəlxalq aləmdə müsbət təcrübəyə malik dövlət olaraq təqdir edilir.
Xüsusi vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, milli dəyərlərimizin mühafizəsi, habelə mədəniyyətlərarası dialoq mühitinin yaradılması üzrə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox transmilli əhəmiyyətə malik olan böyük layihələr həyata keçirilmiş, hazırda bu istiqamətdə respublikamızda genişmiqyaslı işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, ölkəmizin dövlət və ictimai həyatında insan hüquqlarının və azadlıqlarının qorunmasında ədliyyə orqanlarının özünəməxsus rolu və geniş funksiyaları nəzərə alınaraq proqramdakı tədbirlərin böyük bir qisminin icrasına Ədliyyə Nazirliyinin cəlb olunması nazirliyə göstərilən yüksək etimadın bariz nümunəsidir. Eyni zamanda, ədliyyə və məhkəmə sistemində dövlətimizin qarşıya qoyduğu ali məqsədə nail olmaq üçün insan hüquqlarının qorunması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələrin bilavasitə ədliyyə sahəsi ilə bağlılığı nazirliyin bu prosesdə yaxından iştirakını daha da zəruri edir.
(ardı növbəti sayımızda)

{nl}


Vilayət ZAHİROV, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında