Horadiz şəhərində zona müşavirəsi

Füzuli rayonunun Horadiz şəhərində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə zona müşavirəsi keçirilmişdir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" pilot layihəsinə həsr olunmuş müşavirədə Füzuli, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərləri iştirak etmişlər.
Müşavirədə çıxış edən nazir F.Ələkbərov aztəminatlı ailələrin ünvanlı yardımdan asılılığını aradan qaldırmaq, onlara mövcud potensiallarını reallaşdırmaq yolu ilə gəlirlərini artırmaq, beləliklə, yoxsulluq vəziyyətindən çıxmaq üçün müvafiq şəraitin yaradılması baxımından "Özünədəstək" layihəsinin səmərəli bir tədbir olduğunu bildirmişdir.
Layihənin icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, işgüzarlıq əzminin yüksəlməsinə, onların yaşayışına, nəticə etibarilə kənddə heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyən nazir, ailə təsərrüfatını inkişaf etdirmək və özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulamışdır.
Tədbirdə "Özünədəstək" layihəsinin Ermənistan ilə həmsərhəd olan, həmçinin cəbhə ilə təmas xəttində yerləşən 111 kənddə həyata keçirilməsi məqsədi ilə həmin yaşayış məntəqələri üzrə demoqrafik və sosial-iqtisadi vəziyyət, coğrafi şərait, məşğulluq növləri, ünvanlı sosial yardım alan ailələr, həmin ailələrin mövcud potensialları və s. ilə bağlı aparılmış araşdırmaların nəticələri geniş təhlil olunmuşdur.
Müşavirə zamanı layihənin cari ilin aprel ayından etibarən Tovuz, Qazax, Füzuli və Gədəbəy rayonları üzrə ümumilikdə 7 kənddə mərhələli şəkildə icra edilməsi qərara alınmışdır.
Nazir F.Ələkbərov layihənin icra olunacağı rayonların əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinə bu layihəyə cəlb ediləcək ailələrin seçilməsi, malik olduqları potensiallar, həmçinin yerli şərait, məşğulluq imkanları nəzərə alınmaqla həmin ailələrə hansı formada dəstək verilməsinin daha səmərəli ola biləcəyi ilə bağlı təkliflər hazırlayıb nazirliyə təqdim etmək barədə tapşırıq vermişdir.
Sonra Füzuli rayonunun Mirzənağılı, Qazaxlar və Şükürbəyli kəndlərində yaşayan "Özünədəstək" layihəsinə cəlb olunmaq üçün seçilmiş 13 ailə ilə görüşən F.Ələkbərov həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədi ilə layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə etmişdir.
Aztəminatlı ailələrin nümayəndələri belə bir sosial müdafiə tədbirinə cəlb olunmalarını dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları "Özünədəstək" layihəsinin pilot rayonları kimi müəyyən olunmuş və artıq Nizami rayonunda layihəyə cəlb olunacaq 30 ailə seçilmişdir. Həmin ailələrə yaxın günlərdə kiçik istehsal və müxtəlif xidmət sahələri ilə məşğul olmaq üçün birdəfəlik ünvanlı yardım veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında