"Əsrin müqaviləsi"nin uğurları Azərbaycanın iqtisadi qüdrətini artırır

Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə ki, zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə olunması nəticəsində Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. 
Bununla belə, Azərbaycanda neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş "Əsrin müqaviləsi" çərçivəsində ötən il bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2011-ci ilin nəticələrinə dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, yanvar-dekabr ayları ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 699 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 912 milyon dollar xərclənmişdir.
2011-ci ildə müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 35,4 milyon ton və ya 261,9 milyon barrel neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 717 min 600 barrel təşkil etmişdir. Bunun da 74 min 400 barreli "Çıraq", 192 min barreli "Mərkəzi Azəri", 198 min 400 barreli "Qərbi Azəri", 125 min 600 barreli "Şərqi Azəri" və 127 min 200 barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. Bütövlükdə isə 1997-ci ilin noyabr ayında "Əsrin müqaviləsi" çərçivəsində ilkin neftin hasilatına başlanıldığı gündən 2011-ci ilin sonunadək Azəri-Çıraq-Günəşli yataqlar blokundan 260 milyon tondan artıq neft çıxarılmışdır.
Ötən il müqavilə sahəsində 63 hasilat quyusundan neft çıxarılmışdır. Bundan əlavə, daha 32 quyudan isə texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.
"Azəri", "Çıraq" və "Günəşli" (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti 2011-ci ildə "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bununla yanaşı, "Çıraq" patformasından hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. İl ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,1 milyon kubmetr olmaqla 3,3 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Bu isə bütün il üçün nəzərdə tutulduğundan 1 milyard kubmetr çoxdur. Yeri gəlmişkən, 2012-ci ildə "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycan hökumətinə 3 milyard kubmetr səmt qazının təhvil verilməsi planlaşdırılır. "Azəri" yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.
Ötən il "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində qazma işləri də uğurla davam etdirilmişdir. Belə ki, il ərzində müqavilə sahəsində 7 neft quyusu qazılaraq istismara verilmişdir. Bundan əlavə, 2011-ci ildə "Çıraq" neft layihəsi çərçivəsində iki öncəqazma quyusu qazılaraq gələcək istifadə üçün bağlanmışdır. Mart ayında "Mərkəzi Azəri" platformasında yanaqazma hasilat quyusu tamamlandıqdan sonra buradakı qazma qurğusunda lazımi profilaktik işlər aparılmışdır. Oktyabr ayında isə qazıntısı başa çatdırılan daha bir hasilat quyusu istismara verilmişdir. İlin son ayında "Mərkəzi Azəri" platformasında yanaqazma üsulu ilə iki yeni hasilat quyusunda qazma əməliyyatlarına başlanılmışdır. Həmin quyulardan biri bu ilin fevral ayında istismara daxil edilmişdir. İlin sonunadək isə burada daha üç quyunun qazılması nəzərdə tutulur. Yeri gəlmişkən, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində böyük neft hasilatına məhz 7 il əvvəl - 2005-ci ilin fevral ayında "Mərkəzi Azəri" platformasının istismara daxil edilməsi ilə başlanmışdır.
2011-ci ildə "Azəri" yatağının qərb və şərq hissələrində də uğurlu qazma işləri həyata keçirilmişdir. Belə ki, "Qərbi Azəri" platformasından iki hasilat quyusu qazılıb istismara verilmiş, iki quyuda isə lazımi texniki əməliyyatlar aparılmışdır. Yeni quyuların istismara verilməsi hesabına burada gündəlik neft hasilatı 8 min barrel artmışdır. "Şərqi Azəri" platformasında ötən il iki hasilat quyusu təhvil verilmiş, bir sıra quyularda isə lazımi texniki işlər görülmüşdür. Bu da gündəlik neft hasilatının 7800 barrel artırılmasına imkan yaratmışdır. Ötən il, həmçinin platformada beş il əvvəl istismarına başlanılmış qazma qurğusu və qazma nəzarət-monitorinq sistemlərinin modernləşdirilməsi proqramı həyata keçirilmişdir.
"Dərinsulu Günəşli" platformasında oktyabr ayında yeni bir hasilat quyusu istismara verildikdən sonra burada lazımi texniki əməliyyatlar həyata keçirilmiş, qazmaya nəzarətin monitorinqi sisteminin modernləşdirilməsi və planlaşdırılmış digər profilaktik işlər aparılmışdır. İlin son ayında isə qazma işləri yenidən bərpa edilmişdir. Hazırda qazıntısı davam etdirilən daha bir hasilat quyusunun isə cari ilin ikinci rübündə istismara verilməsi nəzərdə tutulmuşdur. Həmçinin ilin sonunadək burada növbəti bir quyu da qazılacaq.
Yeri gəlmişkən, "Cünəşli" yatağının dərinlikdə yerləşən hissəsində Xəzər dənizində ilk dəfə olaraq sualtı suvurma əməliyyatlarının həyata keçirilməsi üçün lazımi infrastruktur yaradılmışdır. Bu ilin ikinci rübündə Dədə Qorqud üzən qurğusu vasitəsilə burada qazma əməliyyatlarına başlanacaq. Xatırladaq ki, "Dərinsulu Günəşli" platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.
Ötən il "Əsrin müqaviləsi" çərçivəsində ixrac əməliyyatları da uğurla davam etdirilmişdir. Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal sahil terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gücü isə gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2011-ci ildə Səngəçal terminalından 291,5 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 257,3 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 28,3 milyon barreli Bakı-Supsa kəmərləri, 5,9 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır.
Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti də getdikcə genişlənir. 2011-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə 40,5 milyon dollar sərf olunmuşdur. Artıq adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrelə çatdırılmışdır. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-də ilk tankerin Türkiyənin Ceyhan limanından yola salınmasından indiyədək kəmər vasitəsilə nəql edilmiş 185 milyon ton xam neft 1804 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün üçün ən yüksək ötürmə gücü isə 1 milyon 44 min barrel təşkil etmişdir.
Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə xam neftin və "Şahdəniz" yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 2010-cu ilin iyul ayında imzalanmış yeni sazişə əsasən Türkmənistan nefti də daşınır. Bununla yanaşı, adıçəkilən kəmərlə Qazaxıstanın "Tengiz" yatağından neft həcmlərini daşımaq haqqında sazişlər də mövcuddur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır.
Göründüyü kimi, Azərbaycanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün ölkəmizdə son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə imkan yaratmaqla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında