Uğurlarımız qürur doğuran tarixə çevriləcək

Azərbaycanın müstəqillik dövrünün inkişaf strategiyasının təhlili göstərir ki, ölkəmiz özünün daxili və xarici siyasətini ötən 20 il ərzində realizm və praqmatizm üzərində quraraq, geniş sosial zəminə söykənən, fəal sosial siyasət yeridən unitar, demokratik, dünyəvi dövlət formalaşdırılmasına, milli təhlükəsizliyimizin təmin olunmasına dünya birliyində layiqli yer tutmağa yönəltmişdir. Bu dövr ərzində sovet sistemindən miras qalmış köhnə təfəkkür stereotiplərindən və totalitar idarəçilik sistemindən imtina olunmuş, dövlət - cəmiyyət dualizminin səmərəli sxemi formalaşmışdır.
Söz azadlığının, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, siyasi plüralizm, qeyri-hökumət təşkilatlarının yaranması və sərbəst fəaliyyəti, siyasi partiya və birliklərin mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması, iqtisadiyyatın sərbəstləşdirilməsi, bazar iqtisadiyyatı münasibətlərinə keçid dövlət siyasətinin realist və praqmatik müstəvidə aparılmasını bir daha təsdiqləyir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və böyük tərəqqiyə hesablanmış inkişaf strategiyası dəyişən sosial-iqtisadi şərait nəzərə alınmaqla, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilir və uğurla həyata keçirilir. Dövlət başçısı haqlı olaraq belə hesab edir ki, ümumi daxili məhsul istehsalını artırmadan, cəmiyyətdə insanların yüksək rifah halına nail olmadan, təşəbbüskarlığa və işgüzar fəallığa təkan verən əlverişli mühit yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının tam gerçəkləşməsi qeyri-mümkündür.
Prezident İlham Əliyevin xarizmatik lider keyfiyyətləri, cəmiyyətin maraq və mənafelərini bir nöqtədə birləşdirmək bacarığı, ənənə və novatorluğun, keçmişlə gələcəyin optimal üzvi vəhdətini diqqət mərkəzində saxlaması geosiyasi cəlbediciliyi olduqca yüksək əmsalla qiymətləndirilən bir regionda Azərbaycanın lider dövlətə çevrilməsini yetərincə təmin etmişdir. Çox uzağa getmədən son illərin uğurlarına nəzər salaq: Son 8 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enmiş, 1 milyondan artıq yeni iş yerləri yaradılmışdır. İnflyasiyanın səviyyəsi 5,4 faiz, xarici borc ümumi daxili məhsulun 6 faizini təşkil etmişdir. 2011-ci ildə ümumi daxili məhsul istehsalının həcmi 50,1 milyard manata, ÜDM-in adambaşına düşən həcmi 7003,4 manata bərabər olmuşdur. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizi Azərbaycanın payına düşür. Ötən il qeyri-neft sektorunda inkişaf tempi 10 faizdən yüksək olmuşdur. Bu artım yaxın illərdə enerji və qeyri-neft sektorları arasında nəinki balans yaratmağa, hətta qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sektoruna çevrilməsinə imkan verəcək.
Fərəhli haldır ki, ötən il ölkə iqtisadiyyatına qoyulan 20 milyard dollardan çox investisiyanın 13 milyardı daxili investisiyalardır. 2012-ci ilin dövlət büdcəsi xərclər üzrə 22 milyard dollara bərabərdir, icmal büdcə 25 milyard dollar səviyyəsindədir. Ölkənin strateji valyuta ehtiyatları 41 milyard dollara çatmışdır. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doinq business-2012" hesabatında Azərbaycan 2011-ci illə müqayisədə 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutmuş, əmlakın qeydə alınmasının sadəliyi, biznesə başlamaq parametrləri üzrə dünya ölkələri arasında liderlər qrupuna daxil olmuşdur. Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə ölkəmiz inkişaf etmiş dövlətlərlə bir sıradadır.
Bütün bu uğurlar həm gərgin zəhmətin, həm də Prezident İlham Əliyevin mənsub olduğu xalqa, lideri olduğu cəmiyyətə öz Vətəninə sonsuz sevgisinin nəticəsidir. Heç şübhəsiz ki, bu tərəqqi, yüksəliş hər bir vətəndaşın, hər bir ailənin həyatında müsbət dönüş yaradır, rifah halını yaxşılaşdırır.
Dinamik inkişafın kökündə dayanan əsas məqamlardan biri xalq və iqtidar arasındakı sarsılmaz birlik, qırılmaz mənəvi bağlar, cəmiyyətdə məqsəd və məram ümumiliyidir. Mustafa Kamal Atatürk deyirdi: "Lider dediyin hər kim olursa-olsun insanlara dəyər verməlidir".
Prezident İlham Əliyevin məramı və hər bir dövlət məmurundan prinsipial tələbi xalqa ləyaqətlə xidmət etməkdir: "Hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult. Mənim birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Yəni belə olmalıdır, ədalət olmalıdır. Birinci növbədə sosial ədalət". Göründüyü kimi, dövlət başçısının tələbi son dərəcə aydın və qətidir, ona əməl etmək isə hər bir dövlət məmurunun vəzifə borcudur.
Azərbaycanın nailiyyətləri, malik olduğu böyük potensial ölkənin inkişaf statusunun dəyişməsinə, onun inkişaf etmiş dövlətlər sırasına daxil olmasına geniş imkanlar yaradır, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Respublikamızın BMT kimi çox nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu seçkilərdə 155 dövlətdən dəstək alması diplomatiyamızın böyük uğurudur. Azərbaycanın "Böyük iyirmilər"in xarici işlər nazirlərinin Meksikada keçirilən sammitinə dəvət alması onun böyük nüfuzunun, geosiyasi və ümumdünya proseslərində artan rolunun beynəlxalq birlik tərəfindən etirafının göstəricisidir. Avropa parlamentinin sabiq sədri Yeji Buzekin dediyi kimi, Azərbaycan Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün Avropaya qapıdır. İndoneziya Senatının vitse-spikeri Laode Edanın fikirləri Azərbaycanın uğurlarına kənardan baxışın diqqətəlayiq nümunəsidir: "Bakı yaxın bir neçə ildə təkcə Azərbaycanın deyil, regionun paytaxtı rolunu oynayacaqdır. 20 il ərzində tam yeni görkəm almış paytaxtınız insanı inamlı gələcəyə səsləyir. Siz bir daha sübut edirsiniz ki, hər bir xalq öz səadətini, ancaq yorulmaz fəaliyyəti ilə qura bilər. Azərbaycan dövləti qlobal beynəlxalq layihələrə imza atmaqla bir daha suverenliyini, hər zaman əməkdaşlığa, tərəfdaşlığa hazır olmasını təsdiqləyir. Şübhəsiz, bu gün Azərbaycana olan marağın kökündə burada aparılan sürətli inkişaf durur. Bütün mütərəqqi dünya dövlətləri Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verirlər. İyirmi il ərzində sürətli iqtisadi inkişafınız, hökumətinizin apardığı böyük işlər ölkənizin beynəlxalq aləmdə tanınmasına səbəb olmuşdur. Burada gördüyüm inkişaf məni heyrətə gətirmişdir və əminəm ki, siz bu yolda daha böyük uğurlar qazanacaqsınız".
Laode Edanın bu sözləri real gerçəklikdən qaynaqlanır. Azərbaycan bütün dünyaya örnək ola biləcək demokratik, ədalətli bir cəmiyyət quruculuğu, müasirləşmə və modernləşmə yolundadır. Bu yolda görülən işlər, qazanılan qələbələr qürur doğuran tarixə çevriləcək.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında