Kibercinayətkarlıq nüvə silahı qədər böyük təhlükədir

Son vaxtlar Azərbaycanın rəsmi dövlət saytlarına xarici ölkələrin xakerlərinin aramsız hücumları ciddi narahatlıqlar doğurur. Bununla vaxtaşırı mübarizə aparılmasına baxmayaraq, hələ ki, nəticələr sevindirici deyil.
Bütövlükdə müasir dünya üçün kibercinayətkarlıq çox ciddi bir problemdir. Ona qarşı dünyanın daha təsirli mübarizə üsullarına ehtiyacı var. Və bütün ölkələrin bu işdə səylərini birləşdirmələri çox vacibdir. Artıq nüfuzlu beynəlxalq təşkilatlar da bu mübarizəyə qoşulmuşlar.
ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper belə bir bəyanatla çıxış edib ki, ABŞ da daxil olmaqla hökumət və təhlükəsizlik xidmətləri kiberhücumların qarşısını tam ala bilmir. Bu gün informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi dövlətin, cəmiyyətin və insanların fəaliyyətinin vacib şərtlərindən biridir. Qlobal informasiya cəmiyyətinin formalaşması nəticəsində dövlətlərarası ziddiyyətlər və münaqişələr virtual məkana da keçir.
Qlobal kiberməkanın bir parçası olan Azərbaycanda informasiya texnologiyaları sektorunun vəziyyəti, bu sahədə təhlükəsizliyin təminatı və kibercinayətkarlıqla mübarizə olduqca mühüm məsələdir və bu istidamətdə işlər davam etməkdədir. Kibercinayətkarlıq çox geniş sahələri əhatə edir. Son illər transmilli mütəşəkkil cinayətkar qrupların bir neçə ölkə ərazisindən bir-birini tanımadan birgə fəaliyyəti üzrə cinayətlərin artması halları qeydə alınıb. Eyni zamanda, bu hallar çirkli pulların yuyulması, kredit kartlarından oğurluq, internet kanallarında nəzarətdən kənar, qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompyuter şəbəkəsi vasitəsilə informasiyanın məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji yad təbliğat aparılması, dağıdıcı virus proqramlarının, pozuculuq mahiyyətli məlumatların yayılması, qanunsuz informasiyaların əldə olunması üzrə xüsusi texniki vasitələrin alqı-satqısı işlərinin aparılması, bank-maliyyə fırıldaqlarının törədilməsi və terror barədə bilərəkdən yalan məlumat verilməsi kimi məsələləri əhatə edir.
Bu məsələ ilə bağlı hazırda kifayət qədər ciddi problemlər həllini gözləyir. Müəyyən dairələrin Azərbaycana maraqları son dövrlər daha da güclənib, həm də cəmiyyət özü internetə daha çox inteqrasiya olub. Deməli, bu təhlükələr daha da artıb.
Ölkədə kibercinayətkarlığa qarşı mübarizə haqqında qanunun qəbuluna ehtiyac var. Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, belə bir qanunun qəbulu imkan verər ki, belə cinayətə qarşı mübarizə təkcə rəsmi qurumların bəyanatı ilə məhdudlaşmasın, həm də ölkə daxilində bu məqsəddə bulunacaq qüvvələrə qarşı real addımlar atmaq mümkün olsun: "Kibercinayətin ictimai həyatımızda olan cinayətlərdən heç bir fərqi yoxdur. Hətta bəzən bu cinayət daha amansız nəticələrlə sonuclanır. Dünya praktikasında bank sektoruna, dövlət strukturlarına daxil olaraq məxfi informasiyanın ələ keçirilməsi nüvə silahının sızması qədər böyük təhlükədir. Bu gün informasiya qurumları, dövlət orqanları qorunmalı, mühafizə olunmalıdır".
İnformasiya təhlükəsizliyinin təmini məsələlərində cəmiyyətin bütün qüvvələrinin - dövlət, biznes və vətəndaş cəmiyyətinin, xüsusən, cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir. Bundan başqa, son zamanlar fişinq, botnet, saxtalaşdırma, fırıldaqçılıq hadisələri sürətlə artmaqdadır. Bu kimi hallara qarşı mübarizə siyasətinin işlənməsi mühüm əhəmiyyət kəsb edir.
Kompyuter sistemi şəbəkələrinin çoxalması, əhalinin sıxlığı, mobil telefonların sayı, internetin inkişafı cinayət əməllərinin artması ilə səciyyələnir. Məsələn, adambaşına düşən mobil telefon sayının çoxluğu, əhalinin ondan internet vasitəsi kimi istifadə etməsi nəticəsində Cənub-Şərqi Asiyada cinayət əməllərinin sayı da, çoxdur. Azərbaycana gəlincə, bizim ölkədə kompyuter cinayətkarlığı ilə bağlı Cinayət Məcəlləsində 271, 272, 273-cü maddələr kimi xüsusi müddəalar var. Bu, sahə üzrə mübarizə tədbirlərinin görülməsinə əsas verir.
Bu yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov mətbuata açıqlamasında demişdir:"Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 1.2.4-cü bəndində informasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Kompyuter informasiyası əleyhinə olan cinayətlər" fəslinin yenidən işlənməsi və onun "Kibercinayətkarlıq haqqında" 2001-ci il 23 noyabr tarixli Konvensiyanın tələblərinə uyğunlaşdırılması barədə təkliflərin hazırlanması Azərbaycan Respublikası Prezident Administrasiyasına tapşırılmışdır. Bu bəndin icrasında RİTN 13 yanvar 2012-ci il tarixli əmrlə təsdiq edilmiş "Tədbirlər planı"na əsasən iştirak edəcəkdir". Onun sözlərinə görə hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən operatorlar, bu sahədə siyasəti müəyyənləşdirən dövlət orqanları bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması üçün Avropa Şurası, Beynəlxalq Telekommunikasiya İttifaqı, NATO kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq qurumlardan da bəhrələnməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikası 2008-ci ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında" Konvensiyasını imzalamışdır və 2009-cu ildə Konvensiya təsdiq edilərək 1 iyul 2010-cu il tarixindən ölkəmizdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konvensiyanın 6, 24, 27, 29, 35, 38 və 42-ci maddələrinə əsasən qeyd-şərtlər və bəyanatlarla Konvensiyaya qoşulmuşdur.
Müasir dövrdə informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. Ona qarşı mübarizə aparmaq üçün bütün maraqlı tərəflərin fəal səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan qaldırılması və qarşısının alınması probleminə əsaslı, yeni strateji yanaşmanın formalaşması zəruridir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında