Nəsimi rayonunda Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirildi

Martın 3-də Nəsimi rayon UGİM-in meydançasında Nəsimi Rayon İcra Hakimiyyəti və rayonun gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi. Açılış mərasimini giriş sözü ilə açan Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev ölkəmizdə idmanın inkişafından danışaraq qeyd etdi ki, 2012-ci ilin "İdman ili" elan olunması bu sahənin daha da inkişaf etməsinə təkan verəcək. 
İdarə rəhbəri ölkəmizdə idman sahəsində əldə edilən nailiyyətlərdə Nəsimi rayon idmançılarının da payının olduğunu bildirdi: "Rayonumuzda uşaq, yeniyetmə və gənclər idmana böyük maraq göstərirlər. Ötən il rayonun "Cəsurlar" və "Şahin" komandası respublika yarışlarında fərqlənərək, mükafatalayiq yerlər tutublar. 164 saylı orta məktəbin basketbol komandası beynəlxalq yarışda ikinci yerə layiq görülüb. Rayonun şahmat məktəbinin yetirmələri Elxan Bayramov, Kənan Muxtarov, Fatimə Əhmədova, Abdulla Şabanov və başqaları qitə və dünya miqyaslı yarışların qalib və mükafatçıları olmuşlar. Karate və taekvondo üzrə yeniyetmə və gənclərimiz layiqli nəticələr qazanıblar. Güləş məktəbinin yetirmələri isə yeniyetmələr arasında respublika oyunlarının qalibi olublar".
Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Azərbaycan müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində olduğu kimi idman sahəsində də sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğuladı. "Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. İdmançılarımız qitə, dünya çempionatlarında, olimpiya oyunlarında çox böyük nəticələr əldə edirlər və uğurlarını ildən-ilə artırırlar. Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq etmişdir. Bakı şəhəri Avropa və dünya səviyyəli mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Paytaxtımız Bakı 2020-ci ildə olimpiya oyunlarını keçirmək üçün namizədliyini irəli sürüb. Bu çox ciddi bir addımdır və hər bir ölkə belə bir addım atmağa qadir deyildir. Ölkəmizdə həyatın bütün sahələrində dinamik inkişaf ən yüksək tədbirlərin, irimiqyaslı sosial layihələrin həyata keçirilməsi üçün böyük imkanlar yaradır"-deyə o, əlavə etdi.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününün 2005-ci ildən qeyd olunduğunu və bu bayramın Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Natiq qeyd etdi ki, Azərbaycan idmanı dünyada öz sözünü deyib və ölkəmizdə olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qalib və mükafatçılarının sayı ildən-ilə artır. "2011-ci ildə yüksək idman nəticələri qazanıldığı üçün 2012-ci il məntiqi olaraq "İdman ili" elan edilib. Artıq müxtəlif tədbirlər vasitəsilə bu ili qeyd etməyə başlamışıq. Hər bir yeniyetmə, hər bir gənc idman və bədən tərbiyəsi ilə məşğul olmalıdır", - deyə R.Abbasov qeyd etdi. Natiq Bakının Olimpiada-2020-yə iddiaçı şəhərlərdən biri olduğunu dilə gətirərək, olimpiya oyunlarının ölkəmizdə keçirilməsi üçün hər bir şəraitin olduğunu vurğuladı və əmin olduğunu bildirdi ki, olimpiya oyunları mütləq Bakıya gələcək.
Rəsmi hissə başa çatdıqdan sonra müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirildi. Sonda 2011-ci ildə fərqlənmiş rayon idmançılarına qiymətli hədiyyələr və diplomlar təqdim edildi.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında