Araz çayından yeni qol açıldı

Son beş gündə təbii fəlakət bölgəsində ekstremal hadisə baş verməyib. Hökumət komissiyası üzvlərinin rəhbərliyi altında həyata keçirilən bəndbərkitmə işləri öz səmərəsini verməkdədir. Daşqınlar getdikcə səngiyir. Kür və Araz çaylarında, Sarısu gölündə yaranmış kritik vəziyyət sabitləşmək üzrədir. Hər üç obyektdə suyun səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Sabirabad rayonunun daha bir kəndi - Bala Həşimxanlıda yaşayanlar subasmaya məruz qalmış və evləri tərk etmişlər. Hacıqabul rayonundakı Birinci Meyniman kəndində yarılan bənd bərpa edilmişdir.
Suyun səviyyəsinin aşağı düşməsi bəndvurma və bəndbərkitmə işlərini daha da sürətləndirmişdir. Araz çayının məcrasının dəyişdirilməsi istiqamətində aparılan işlər də yekunlaşır. On beş gün ərzində "Meliorasiya və Su Təsərrüfatı", "Azərenerji" "Azərsu", "Azərkörpü" ASC-lərin ekskavatorçuları, sürücüləri, buldozerçiləri və başqa peşə sahibləri əsl fədakarlıq nümunəsi göstərərək, beş kilometrdən çox uzunluqda, 200 metr enində dərin kanal qazaraq Araz çayını köhnə yatağına qaytarmağa şərait yaratmışlar.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri isə çayın Xəzər dənizinə töküləcək yeni marşrutunun dəqiq sxemini hazırlamışlar. Komitənin sədri Qərib Məmmədovun dediyinə görə, Araz çayı altı rayonun ərazisindən keçərək Qızılağac qoruğu vasitəsilə dənizə töküləcəkdir. Təxminən 130 kilometr uzunluğunda olacaq çayın keçəcəyi sahələrin böyük bir hissəsi dövlət torpaqlarına aiddir. Cüzi miqdarda pay torpaqlarına dövlət tərəfindən kompensasiya veriləcəkdir.
Mütəxəssislərin fikrincə, Araz çayının məcrasının dəyişdirilməsi təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasını xeyli asanlaşdıracaqdır. Bu arada sinoptiklər yenə xəbərdarlıq edirlər: Türkiyədə, Gürcüstanda güclü leysan yağışları yağır. Yüksək dağlıq ərazilərdəki çaylarda daşqınlar baş verə bilər. Artıq belə bir hadisə qeydə alınıb. Qax rayonunda Papçayın daşması nəticəsində iki kəndi su basıb. Rayonun ərazisindən keçən Bakı-Balakən dəmir yolunun bir hissəsini də sel suları yuyub. Yevlax-Balakən şose yolunun da bir hissəsi dağılıb. Hər iki obyektdə bərpa işləri aparılır.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirir ki, Mingəçevir su anbarında mütəxəssislər tərəfindən mütəmadi olaraq ölçmə və monitorinq işləri aparılır. Hazırda su anbarında heç bir təhlükəli vəziyyət yoxdur və təşvişə düşmək lazım deyil, hər şey nəzarət altındadır. Qeyd edək ki, Mingəçevir su anbarının nominal həddi 83 metr, maksimal həddi isə 85,5 metrdir.
Kürün keçdiyi Salyan və Neftçala rayonlarında suyun səviyyəsi aşağı düşüb. Sarısu gölündə də suyun səviyyəsində enmə müşahidə edilib. Bunun başlıca səbəbi Saatlı və Sabirabad rayonları ərazilərində iki bəndin dağılmasıdır. Bəndlər dağıldıqdan sonra göldə suyun səviyyəsi qismən azalıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirib ki, Araz çayından yeni açılacaq qolla saniyədə 300-500 kubmetr su ötürmək mümkün olacaq. Nazir müavini onu da deyib ki, yeni qolun salınması layihəsi üzrə işlər davam etdirilir: "Bütün sahələrdə əlavə yoxlamalar aparılır. İşlərin böyük bir hissəsi görülüb. Bəzi ərazilərdə insanlara və həyətyanı sahələrə ziyan dəyməməsi üçün bəndlərdə gücləndirmə və əlavə işlər aparılır". Sarısu gölü ətrafında bəndlərin çox zədələndiyini deyən nazir müavini bu istiqamətdə də bərpa işləri aparıldığını qeyd edib.
Sabirabadın rayon mərkəzinin köçürülməsi ilə bağlı mətbuatda verilən xəbərlərə münasibət bildirən O. Hacıyev bunun heç bir əsasının olmadığını vurğulayıb. O bildirib ki, İmişlidə 3, Saatlıda 4 kənd və bir məcburi köçkün qəsəbəsi boşaldılıb. Həmin yerlərdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 33 nəfəri xilas ediblər.
Ümumilikdə isə, qonşu ölkələrdə və respublikamızda havaların yağmurlu keçməsi Araz və Kür çaylarında suyun səviyyəsinin yenidən qalxmasına səbəb olmuşdur. Dünən Araz çayında suyun axma sürəti saniyədə 500 kubmetrdən çox olmuşdur.
Təbii fəlakət bölgəsində əlavə fəsadların yaranmaması üçün Hökumət Komissiyasının qərarı ilə dünən günorta saatlarında Araz çayının yeni qolu açılmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadənin verdiyi məlumata görə, Araz çayının yeni qolu ilə Xəzər dənizinə hələlik saniyədə 100 kubmetr su axıdılır. Vəziyyət gərginləşsə yeni qolla ötürülən suyun həcmi artırılacaqdır.
Fəlakət zonasında xilasedicilər tərəfindən 200-dən çox insan xilas olunub.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında