Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının şərəfli tarixi vardır. Dövlətimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra ötən dövr ərzində ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, mənəvi dəyərlərin qorunmasında çox əhəmiyyətli işlər görülmüşdür.
Bu gün mədəni intibah dövrünü yaşayan, iqtisadi cəhətdən sürətlə inkişaf edən, beynəlxalq aləmdəki nüfuzu durmadan artan Azərbaycanda tarixi abidələrin və mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən, dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması, dini ehtiyaclarının təmin olunması yüksək səviyyədə həyata keçirilir. Fakt üçün diqqətə çatdıraq ki, Azərbaycanda yüzdən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur.
Bunun nəticəsidir ki, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri əldə etdiyimiz böyük nailiyyətləri - tolerantlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri yüksək qiymətləndirir, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq etmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı müxtəlif mötəbər tədbirlərə həvəslə qatılırlar. Belə nüfuzlu tədbirlər bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin, o cümlədən terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına güclü təkan verən amillərdəndir.
Bu gün ölkəmizdə yaranmış davamlı ictimai-siyasi sabitlik, dinlərarası xoş münasibət müstəqil dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin və Azərbaycanda fəaliyyət göstərən dini qurumların faydalı işinin nəticəsidir. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və onun başçısı İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlir. Həmin tədbirdə bizə düşmən kəsilən, torpaqlarımızın 20 faizini işğal edən Ermənistanın baş patriarxı katolikos II Qaregin də iştirak etmişdi.
Xatırlayırsınızsa, II Qaregin etnik munaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını demişdi. O, dinlərarası dialoqun bəşər mədəniyyətinin xilasına xidmət etdiyini və dinc həyata doğru getməyin vacib olduğunu etiraf etmişdi. Aydındır ki, erməni katolikosu bu mesajını, əslində öz ölkəsinin prezidentinə istiqamətləndirmişdi. Çünki Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti hazırda dünya miqyasında da pislənilir. Bakıda keçirilən belə bir mötəbər tədbirlərdə dünyanın dini liderlərinin münaqişə regionlarında sülhün bərqərar olmasına çalışmalarının vacibliyini diqqətə çatdırmaları, görünür, erməni katolikosunu da öz ölkəsinin prezidentinə artıq dinc həyata doğru getməyin vacib olduğunu xatırlatmağa sövq etmişdi.
Diqqətə çatdıraq ki, Bakıda keçirilən dünya dini liderlərinin sammitində 33 ölkədən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edirdi. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar. Bu qədər nüfuzlu din xadiminin Bakıda keçirilən bir sıra digər tədbirlərə də qatılmaları tarixi hadisədir. Bu, həm də Azərbaycanda dinlərarası dialoqun, dini dözümlülüyün və tolerantlığın yüksək səviyyədə olması faktının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsindən xəbər verir.
Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olması, Bakıda sivilizasiyalararası dialoq mövzusunda əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi və dövlət başçısı İlham Əliyevin bu istiqamətdə ölkəmizin rolunun artırılmasına xüsusi diqqət yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən alqışlanır. Onu da deyək ki, Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter alıb. Belə görüşlər həmişə böyük əhəmiyyət kəsb edir və gözəl nəticələr verir. Bakının dinlərarası dialoqun mərkəzinə çevrilməsi də xüsusi əhəmiyyətə malikdir. Zaman-zaman Azərbaycan bu sahədə beynəlxalq miqyasda gedən proseslərə öz töhfəsini verib. Artıq 20 ilə yaxındır ki, ölkəmiz İslam Konfransı Təşkilatının, 11 ildir ki, Avropa Şurasının üzvüdür. Üç il əvvəl Bakı İslam mədəniyyətinin paytaxtı seçilmişdi. 2011-ci ilin aprelində isə burada mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu keçirilmişdi. Bu forumun keçirilməsi heç də təsadüfi deyildi - o, Azərbaycan tərəfinin təşəbbüsü ilə başlanmış və "Bakı prosesi" adlanan prosesin məntiqi nəticəsi idi. Azərbaycanda bu prosesin əsası 2008-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin iclasında qoyulmuşdu. Bu, bir daha göstərir ki, ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, müxtəlif xalqların nümayəndələrinin mehriban şəraitdə yaşaması üçün yaradılan şərait, dinlərarası dialoqun inkişafına xüsusi diqqət yetirilməsi və bütün bunların beynəlxalq ictimaiyyət tərəfindən alqışlanması yaxın gələcəkdə Bakını Avropa mədəniyyətinin də paytaxtına çevirəcəkdir.
Keçən il oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumunu yada saldıqda bir daha aydın olur ki, Bakı həqəqətən də nəinki İslam, həmiçinin Avropa mədəniyyətinin də paytaxtı olmağa ən layiqli məkandır. Çünki həmin tədbir Azərbaycanın sivilizasiyalararası dialoqun məkanına çevrildiyini növbəti dəfə sübut edir. Rusiya və Azərbaycan ziyalılarının təşəbbüsü, hər iki dövlətin rəhbərliyinin bu təşəbbüsü dəstəkləməsi nəticəsində baş tutan Bakı Birinci Beynəlxalq Humanitar Forumun mühüm ideya istiqamətlərindən biri də millətlərarası, dinlərarası mövcud problemlərə humanitar prinsiplər baxımından yanaşılması, humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni həyatının bu amillər əsasında inkişaf modelinin müzakirəsi idi. Qloballaşan dünyada , o cümlədən müasir Avropada ksenofobiyanın, radikalizmin və ekstremizmin mövcud olduğu bir şəraitdə dini və milli dözümlülüyü ilə seçilən Azərbaycanda bu tədbirin keçirilməsi özü-özlüyündə ölkəmizin nümunə olduğuna ən gözəl sübutdur.
Müxtəlif millətlərə və dinlərə ehtiram ölkəmizin ən böyük mənəvi zənginliyidir. Təkcə dövlət başçımız deyil, Heydər Əliyev Fondu da bu sahədə çox əhəmiyyətli fəaliyyət göstərir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin deyil, eləcə də digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bununla yanaşı fondun Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.
Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin, ayrı-ayrı din mənsublarının dostluq, qardaşlıq şəraitində yaşamasında və bu hissin getdikcə formalaşmasında tale ümumiliyi də böyük rola malikdir. Diqqətə çatdırılmalıdır ki, bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkə əhalisinin əsasını təşkil edən azərbaycanlıların və İslam dininin böyük xidmətləri olub. Bu gün də milli-mənəvi dəyərlərinə sadiq olan Azərbaycan xalqı tarix boyu formalaşmış möhtəşəm ənənələrini yaşatmaqdadır. Bütün bunlara əsaslanaraq, artıq qətiyyətlə demək olar ki, 1993-cü ildən etibarən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq məsələsinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Martın 2-də Bakıda "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiyalar" mövzusunda İƏT-ə üzv dövlətlərin "beyin mərkəzləri"nin III forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir ki, son illərdə mədəniyyətlərarası dialoqla bağlı bir sıra qlobal təşəbbüslərin müəllifi kimi çıxış edən ölkəmiz müxtəlif xalqlar arasında dialoq üçün körpü rolunu oynayır: "Azərbaycan polietnik, çoxkonfessiyalı dövlətdir və dünyada tolerantlığın ünvanı kimi tanınır. Milli sərvət hesab edilən tolerantlıq və dostluq düşüncəsini azərbaycanlıların neçə-neçə nəsilləri formalaşdırmışdır. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, dövlətimizin gücü onun dini və milli müxtəlifliyindədir. Bu gün Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir".
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
Məqalə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.