Forumda Bakı Bəyannaməsi qəbul olunmuşdur
Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu martın 3-də "Hilton Baku" otelində öz işini plenar iclasla və sessiyalarla davam etdirmişdir.
Plenar iclasın aparıcısı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamadın tədbirdə "Dövlət quruculuğunda gələcəyə baxışın inkişaf etdirilməsi" mövzusunda məruzə ilə çıxış edəcəyini bildirmişdir.
Ş.Mövsümov Malayziyanın keçmiş Baş nazirini təqdim edərək onun fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, M.Mohamadın Malayziya hökumətinə başçılıq etdiyi dövrdə bu ölkə iqtisadi cəhətdən inkişafının ən yüksək zirvəsinə çatmış, köklü iqtisadi islahatlar aparılmışdır.
Sonra Mahathir Mohamad məruzə ilə çıxış etmişdir.
Keçmiş Baş nazir ölkəsinin inkişaf təcrübəsindən danışmışdır. Bildirilmişdir ki, Malayziya hazırkı səviyyəyə kapitalist bazar iqtisadiyyatı yolunu seçərək milliləşdirilmiş müəssisələri saxlamaqla, özəlləşdirmə və sənayeləşmə mərhələsində sərmayədarlara geniş imkanlar açmaqla çatmışdır. Həmin dövrdə yerli şirkətlər bu prosesə dəstək vermiş, ümumi daxili məhsul artmış, inkişafa yardım baxımından xüsusi sahələr müəyyən edilmişdir.
"Yüksək inkişafa malik olmaq yüksək təhsilli, intellektli nəslin formalaşmasından keçir" - deyən M.Mohamad hər bir ölkədə sənaye imkanlarının dəyərləndirilməsinin vacibliyini qeyd etmişdir. Keçmiş Baş nazir hər bir ölkənin inkişafında lider amilinin də mühüm rol oynadığını xüsusi vurğulamış, inkişafın perspektivlərinin peşəkar idarəçilik komandasının formalaşmasından asılı olduğunu bildirmişdir.
Sonra M.Mohamad iştirakçıların suallarını cavablandırmışdır.
Qlobal maliyyə böhranından xilas olmağın yolları ilə bağlı sualı cavablandıran keçmiş Baş nazir bildirmişdir ki, böhran yaşayan ölkələrin problemlərinin kökündə külli miqdarda vəsaitlərin xərclənməsi durur. İstehsal olunan məhsullar bazarda satılmır. Çinlilərdən və yaponlardan fərqli olaraq, avropalılar və amerikalılar daha yaxşı həyat tərzi sürmək istəyirlər. Maliyyə xidmətləri bazarlarında təlatümlər yaşanır, səhmlərin qiyməti artır. Borc alınması isə problemləri həll etmir. Bunu Yunanıstanın timsalında daha yaxşı görmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən məmnun qaldığını deyən keçmiş Baş nazir ölkəmizdə neftdən gələn gəlirlərin infrastrukturun, insan kapitalının inkişafına yönəlməsini yüksək qiymətləndirmişdir. M.Mohamad Azərbaycanın gələcəyinin gözəl olacağını vurğulamışdır.
Forum işini sessiyalarla davam etdirmişdir.
Azərbaycan Şərq və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalist modelə sahibdir.
Bu fikir Forumun IV sessiyasının leytmotivini təşkil etmişdir.
Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən bu sessiyada rəsmi şəxslərlə yanaşı, müxtəlif ölkələrin beyin mərkəzlərinin mütəxəssisləri, ekspertlər, diplomatlar, tədqiqatçılar "İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası" mövzusu ətrafında çıxışlar etmişlər.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Sivilizasiyaların mövcud birgəyaşayış modelləri: Şərq və Qərbin təcrübəsinə komprativ yanaşma" mövzusunda çıxış etmişdir. Azərbaycanın etnik cəhətdən çoxmillətli dövlət olaraq, xalqların mehriban şəkildə birgəyaşayışı haqqında deməyə sözü olduğunu bildirən Rəbiyyət Aslanova Şərq ölkələrinin birgəyaşayış istəyinin, münaqişələrin həll edilməsi meyillərinin dünya səviyyəsində təqdim olunmasının xüsusi önəm daşıdığını bildirərək demişdir: "Şərq ölkələrinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin birgəyaşayış modeli dünyaya çatdırılmalıdır. Azərbaycan Şərq və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalist modelə sahibdir. Bu mənada Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq siyasətinə layiqli töhfələr verir".
R.Aslanova vurğulamışdır ki, bu forumun Azərbaycanda keçirilməsi də bunun əyani təsdiqidir. Azərbaycan bütün xalqların mədəni dəyərlərinə hörmətlə yanaşır. Dünyanın inkişafı, sivilizasiyaların dialoqundan keçir.
"İraq: hazırkı və gələcək çağırışlar" mövzusunda çıxış edən İraqın əyalət məsələləri üzrə dövlət naziri Torhan əl-Mufti ölkəsinin hazırkı və gələcək vəziyyəti barədə iştirakçıları məlumatlandırmışdır.
Sessiyada çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan bildirmişdir ki, dünyada olan toqquşmaların üçdə ikisi müsəlman torpaqlarında baş verir. O, "ərəb baharı" adlandırdığımız inqilabların Qərb tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Türkiyəli deputat çox nadir hallarda İslam ölkələrinin bir-biri ilə müharibə etdiyini, hətta bunda da Qərbin əli olduğunu diqqətə çatdırmışdır. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Oğan bildirmişdir ki, problemin həll olunmasında İslam dünyasının yaxından maraq göstərməməsi məsələnin uzanmasına səbəb olan ən vacib məqamlardan biridir. Məhz buna görə də, islam ölkələri problemin həll edilməsi üçün məsələyə həssas yanaşmalıdırlar.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, Pakistan İslamabad Siyasi Araşdırmalar İnstitutunun icraçı prezidenti Maqsudul Həsən Nuri və başqaları mövzu ilə bağlı çıxışlar etmişlər.
IV sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İslam ölkələrində sülhyaratma fəaliyyəti və münaqişələrin nizamlanması, Yaxın Şərq yol ayrıcında, Türkiyənin Yaxın Şərqdəki sülhyaratma fəaliyyətində din və identikliyin əhəmiyyəti mövzuları üzrə mühazirələr oxunmuş və müzakirələr aparılmışdır.
* * *
Sürətlə inkişaf edən dünyada, İslam ölkələrində yeni, 5-ci nəsil beyin mərkəzlərinin formalaşmasına dəstək vermək vacibdir.
Bu fikir isə forumun "Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı" mövzusunda 5-ci sessiyasında səslənmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun moderatoru olduğu sessiyada İslam ölkələrində rəqabətədavamlı innovativ düşüncə mərkəzlərinin təşkilinin prioritet rolu, onların model variantları, islahatçıların yeni nəslinin hazırlanmasının vacibliyi və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılmış, bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tanınmış türkiyəli ekspert Atilla Sanıklı əsasən beyin mərkəzlərinin fəaliyyətində Türkiyə təcrübəsindən danışmışdır.
A.Sanıklı qeyd etmişdir ki, bu gün Türkiyədə belə mərkəzlərə böyük ehtiyac vardır. Türkiyədə bu cür mərkəzlər bir neçə kateqoriyaya bölünür. O demişdir ki, ali təhsil ocaqları nəzdində müxtəlif tədqiqat mərkəzləri də bu funksiyanı daşıyır. Ümumiyyətlə, Türkiyədə dövlət və özəl sektora məxsus beyin mərkəzləri vardır. A.Sanıklı söyləmişdir ki, bu gün beynəlxalq siyasəti, dəyişən dünyada xarici əlaqələri öyrənən strukturlarla yanaşı, ölkənin daxili vəziyyətini, ictimai-siyasi həyatını dərindən araşdıran mərkəzlərin də yaradılmasına böyük tələbat duyulur.
Yaxın Şərq bölgəsindən tanınmış ekspertlər "ərəb baharı"ndan sonra bu regionda yeni tələblərə əsaslanan, dünyada gedən prosesləri daha dərindən öyrənən mərkəzlərin yaradılmasının zəruriliyini vurğulamışlar. Qeyd edilmişdir ki, ərəb ölkələrindəki münaqişələr fonunda dünyanın aparıcı mərkəzləri tərəfindən yeni yanaşma metodları işlənib hazırlanmalı, regionda daha mütərəqqi düşüncə mərkəzləri formalaşdırılmalıdır.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycanda 50-ə qədər beyin mərkəzi hesab oluna biləcək strukturun fəaliyyət göstərdiyini söyləmişdir. Bildirilmişdir ki, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunu dünya səviyyəli beyin mərkəzi hesab etmək olar.
Tədbirdə diqqətə çatdırılmışdır ki, sürətli inkişafın təməlini qoyan ölkələr uğurlu ölkələrdir. Dəyişən dünyada düzgün, rasional siyasətin aparılması vacibdir. Bu mənada beyin mərkəzlərinin rolu əvəzsizdir və İslam ölkələrində sürətli inkişafa nail olmaq üçün yeni, 5-ci nəsil düşüncə mərkəzlərinin formalaşması zəruridir.
* * *
"İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya" mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu martın 3-də başa çatmışdır.
Forumun yekununda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Qazaxıstanın, Qırğızıstanın, Pakistanın, Tacikistanın müvafiq qurumları və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu ilə anlaşma memorandumları imzalanmışdır.
Sonra İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun Bakı Bəyannaməsi qəbul edilmişdir.
Sonda forum iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunmuşdur.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.