Vatikanın məxfi arxivindən Azərbaycana gətirilmiş sənədlərin bir neçəsinin məzmunu bəlli olmuşdur

Məktublardan birində Roma Papası V Pavel Səfəvilərin elçisinin Romada öldürülməsinə görə I Şah Abbasdan üzr istəmişdir.
Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərdən 3-ü tərcümə edilmişdir. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat vermişdir. Onun sözlərinə görə, tərcümə edilən sənədlər Səfəvi hökmdarı I Şah Abbasa Roma papaları tərəfindən göndərilmiş məktublardır: "Bu məktublardan ikisi Roma papalarının işlər üzrə rəhbər şəxsləri tərəfindən yazılmışdır. Sonuncu məktub isə Roma Papası V Pavel tərəfindən I Şah Abbasa yazılmışdır. Məktublarda ikitərəfli siyasi sazişlər haqqında söhbət gedir. Romada Səfəvilər sarayından göndərilən elçilərin adları, eyni zamanda Səfəvilər sarayına göndərilən elçilər haqqında da məlumatlar verilir".
F. Ələkbərli bildirmişdir ki, Roma Papası V Pavel tərəfindən 1605-ci ilin iyulun 20-də I Şah Abbasa göndərilən məktubda Papa Romada Səfəvilərin elçisi Bayramqulu bəyin öldürülməsinə görə ondan üzr istəmişdir: "Məktubda V Pavel qeyd edir ki, bu qətlin qarşısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr istəyir. Buna baxmayaraq, Papa ümid etdiyini bildirir ki, Səfəvilərlə mehriban əlaqələr, həm ticarət, həm də hərbi sahədə münasibətlər yenə də əvvəlki kimi davam edəcək. Papa özündən əvvəlki papaların siyasi xəttini davam etdirəcəyini deyir və Azərbaycana 3 səfir göndərildiyini vurğulayır. Bunlar karmelit təriqətinə qulluq edən Pavel Simon, İoan Tadeus və Zimsend olmuşlar. Həmin şəxslər V Paveldən əvvəl, VIII Klement tərəfindən səfir təyin edilmişlər və Vatikan taxt-tacını təmsil etmək hüququ qazanmışlar".
F. Ələkbərli qeyd etmişdir ki, ümumilikdə latın dilində olan 20-dək məktub hazırda tərcümə prosesindədir: "Bu məktubların əksəriyyəti Səfəvilərə aiddir. Amma onların arasında Elxanilərə, Hülaki xana və onun varislərinə göndərilən məktublar da var. Bunların arasında 1267-ci və 1279-cu illərdə Abağa xana, 1290-cı ildə Arqun xanın V Nikolaya, 1302-ci ildə Qazan xanın VIII Bonifasiyə, 1246-cı ildə Güyük xanın IV İnnokentiyə göndərdiyi məktubları qeyd etmək olar. Bunlarla yanaşı, VIII Bonifasinin 1302-ci ildə və XI Benediktin 1304-cü ildə Azərbaycanın xristian patriarxı, nestorian təriqətinə qulluq edən Yabalaxa göndərdikləri məktubları da qeyd etmək istərdim. Nestorianların öz kilsəsi olub və onlar milliyyətcə uyğur olublar".
F. Ələkbərlinin sözlərinə görə, həmin dövrə aid sənədlər arasında qədim monqol və uyğur dilində olanlar da var. Onlar da tərcüməyə cəlb ediləcək. Latın dilində olan sənədlərin ardınca qədim italyan dilində olan 90-a dək sənədin tərcüməsinə başlanacaq.
Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilmişdir.. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında