Dövlət başçımız cənab İlham Əliyevin elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirmişdir.
Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsilə bağlı mühüm uğurlar əldə edilmişdir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamışdır.
"Baku Expo" Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə ətraflı danışılmışdır. Prezident İlham Əliyev konfransda çıxış edərək, regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərinin vüsətini vurğulamış, əhalinin rifah halının getdikcə yaxşılaşmasını faktlarla diqqətə çatdırmışdır. Möhtərəm dövlət başçımız demişdir: "Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır".
Ölkə rəhbəri çıxışında özəl bölməyə göstərilən qayğıdan da bəhs etmişdir. Bildirmişdir ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.
Onu da xatırlatmaq yerinə düşər ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası iş yerlərinin açılmasına da müsbət təsir göstərmişdir. Konfransda qeyd edilmişdir ki, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir.
Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır. Ümumilikdə, 2011-ci ildə fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür. İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmiş, bölgələrimizin siması dəyişmiş və investisiya cəlbediciliyi artmışdır. Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına əlverişli şərait yaratmışdır. Bölgələrdə istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu, bütövlükdə qeyri-neft məhsulları ixracını artırmışdır. Hazırda ixrac yönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir.
{nl}
Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.